Müxtəlif tipli tullantılar bir yerə atıldıqda zibil kütləsi əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsinə və əhalinin sağlam yaşam tərzinə çox mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün istehsal müəssisələrində aztullantılı qabaqcıl texnologiyalardan istifadə edilir, tullantıların idarə edilməsi və təkrar emalı prosesi həyata keçirilir. Bu proses “yaşıl təchizat” zənciri sisteminə daxil olan əsas mərhələlərdən biridir. Bu barədə AMEA Coğrafiya İnstitutunun elmi işçisi, ekoloq Firuzə Ağayeva söhbət zamanı dedi:
– Əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması, tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl qurumların, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir.
Tullantı materiallarının ekosistemlərə və insanların rifahına mənfi təsirlərini minimuma endirmək üçün bu sahədə nəzarət gücləndirilməli, tullantılardan təkrar emal yolu ilə elektrik enerjisi əldə olunması diqqətdə saxlanılmalıdır. Hazırda tullantıların yandırılması 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyata keçirilir.
Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. Zavod atmosferə zərərli maddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir. İllik gücü isə 500 min ton məişət və 10 min ton tibbi tullantının yandırılmasıdlr.
Ölkədə 2023-cü ildə 4 milyon 86 min 100 ton tullantı əmələ gəlib və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. 2 milyon 719 min 600 ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub. Məişət tullantılarından istifadə hesabına 223 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. 2024-cü ilin 6 ayında isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 135 miıyom kVt-saat elektrik enerjisi istehsal olunub.
İstehsal olunmuş elektrik enerjisinin bir hissəsi zavodun ehtiyaclarının ödənilməsinə yönəldilir, qalan hissəsi isə yüksək gərginlikli xətlər vasitəsilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır.
Ölkəmizdə zərərli məhsulların toplanması, çeşidlənməsi, utilizasiyası və təkrar emalı sahələri daim diqqət mərkəzindədir. Onlar üçün pasport tərtib edilir. Bu pasportda təhlükəli tullantıların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsi əsasında tərkibi və xüsusiyyətləri barədə məlumatlar olur. Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun illik fəaliyyət gücü 200 min tondur. Müəssisə qabaqcıl alman texnologiyaları əsasında qurulub. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal qurulması üçün zəmin yaranır. Bu zaman həm də enerjiyə qənaət olunur və ən önəmlisi – tullantıların ətraf mühitə mənfi təsiri azalır. Məişətdə əmələ gələn batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilir.
Ötən il müəssisələrin istehsal fəaliyyəti nəticəsində 232 min 900 ton təhlükəli tullantı üzə çıxıb. Onların da 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, 2023-cü ildə 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Zərərli tulantılar arasında elektron tullantılar da var. Bura elektrik və elektron cihazlar: televizor, kompüter, telefon, fax, ekranlar, tibbi cihazlar və s. aiddir. Onlar parçalandığı və yandırıldığı zaman təhlükəlidir. Bu zaman atmosferə kadmiyum və civə yayılır ki, bu da təkcə insan sağlamlığı üçün deyil, bütün canlılar, ətraf mühit üçün zərərlidir. Təhlükənin qarşısını almaq üçün “Sumqayıt Kimya Sənaye Parkı”nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyasını həyata keçirən “Azmonbat” MMC fəaliyyət göstərir. Müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə edilir. Ammonium sulfat gübrə kimi istifadə olunur. Yeni akkumulyatorun yığılıb-satılması, xammalın özünün istehsalı həyata keçirilir.
Tibbi tullantılar da həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükəlidir. Elə tibbi tullantılar var ki, utilizasiya (zərərsizləşdirmək) olunmamış torpağa basdırıldıqda yüz illərlə çürümür və beləliklə, yeraltı su hövzələrinə qarışıb yoluxucu xəstəliklər yayır. Onların utilizasiyası Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodunda həyata keçirilir. Bu zaman tullantılar utilizasiya sahəsində dərmanlama, yüksək temperaturda yandırılma və bir neçə prosesdən keçərək məhv edilir.
Hazırda ölkəmizdə plastik tullantıların azaldılması və təkrar emalına önəm verilir. Plastiklərin tərkibində PVC və bromin varsa, bunlar daha çox təhlükəli olur. Yandırılan zaman xərçəngə səbəb olan dioksinlər və furan birləşmələri atmosferə qarışır. Hazırda 37 şəhər və rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür və təkrar emala yönəldilir. Onu da deyim ki, hər bir təhlükəli tullantı ayrıca, xüsusi qablara toplanır. Sonra daşınması, saxlanılması və utilizasiyası həyata keçirilir.
Yeri gəlmişkən, əsas məqsəd yalnız enerji istehsal etmək deyil, həm də ekologiyanı qorumaq və tullantıları yandıraraq zərərsizləşdirməkdir. Tulantılar yanma prosesində yanan və yanmayan hissələrə ayrılır. Yanmış tullantıdan metallar, bir də 2 növ kül ayrılır: uçan və dib külü. Daha ağır və zərərsiz dib külü yol inşaatında tikinti materialı kimi istifadə olunur.
Tüstü külü isə xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır.
Söhbəti hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ