Florida aeroportuna Trampın adı veriləcək

post-img

ABŞ-nin Florida ştatının qanunvericilik orqanı “Palm Biç” Beynəlxalq Hava Limanının adının Prezident Donald Trampın şərəfinə dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. İndi ştatın qubernatoru Ron DeSantis bu qanun layihəsini imzalamalıdır.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, artıq “Palm Biç” Beynəlxalq Hava Limanı Prezident Donald J. Tramp Beynəlxalq Hava Limanı adlanacaq. “NU.nl”in məlumatına görə, Florida Senatı qanun layihəsini təsdiqləyib. Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında əhəmiyyətli bir çoxluğa malikdirlər.

“Əlli il sonra, artıq bu otaqda və bəlkə də artıq Yer üzündə olmadığımız zaman geri baxıb Prezidentin, hazırkı dövlət başçısının Amerikanı xilas etmək üçün etdiklərini qəbul edəcəyik”, - deyə Respublikaçı senator Denni Bergess bildirib.

Qubernator DeSantis hələ ki, qanun layihəsini imzalayacağını dəqiq açıqlamayıb. Tramp 2024-cü ildə Respublikaçıların ilkin seçkiləri zamanı bu qubernatoru sərt tənqid edib. Daha sonra o, Trampın namizədliyini dəstəkləyib, lakin çox güman ki, Trampın onu “Ron DeSantimonius” və “Ron frikadelka” adlandırdığını da unutmayıb.

“Palm Biç” Beynəlxalq Hava Limanı Trampın eksklüziv klubu olan Mar-a-Laqonun yaxınlığında yerləşir. ABŞ Prezidenti “Air Force One” təyyarəsi ilə bu hava limanına tez-tez uçur.

Dünya