İlon Mask yeni partiya yaradır
ABŞ texnologiya sektorunun ən nüfuzlu simalarından olan İlon Mask bu dəfə siyasi sistemin struktur əsaslarına meydan oxuyur. Milyarder iş adamı bu həftə sonu “The America Party” – “Amerika Partiyası” adlı yeni siyasi qüvvənin yaradılması ilə bağlı sənədləri ABŞ Federal Seçki Komissiyasına təqdim edib. Müşahidəçilərə görə, bu addım ABŞ-da illərlə formalaşmış ikipartiyalı siyasi sistemin təməlində yaranmış çatların fonunda yeni bir mərhələyə keçidi ehtiva edə bilər.
Partiyanın yaradılmasına səbəb olan əsas siyasi hadisə iyulun 4-də Prezident Donald Tramp tərəfindən imzalanan və “One Big Beautiful Bill” adlanan yeni büdcə qanunudur. Mask bu qanunu dövlət borcunu artıracağına və “Tesla” kimi elektrik avtomobili istehsalçıları üçün vergi güzəştlərinin ləğvini nəzərdə tutduğuna görə sərt tənqid atəşinə tutub. O düşünür ki, bu sənəd “məsuliyyətsiz xərcləməni” və “iqtisadi özbaşınalığı” təşviq edir.
Eyni zamanda, İlon Mask respublikaçı senatorlara təzyiq göstərərək, qanuna səs verməmələrini tələb edib. Hətta təhdid edərək bildirib ki, “əgər borcu artıran bu qanuna səs verən konqresmenlər cəzalandırılmasa, bu, mənim bu dünyadakı son işim olacaq”.
Cavab çox gecikməyib. Prezident Tramp onu qeyri-ciddi və təhlükəli adlandıraraq, “DOGE” adlı hökumət nəzarət orqanlarını Maskın bizneslərinə qarşı hərəkətə keçirməklə hədələyib. Bu isə Maskın artıq siyasətə rəsmi girişini qaçılmaz edib.
2025-ci il iyulun 6-da qeydiyyatdan keçən “Amerika Partiyası”nın maliyyə məsələlərinə “Tesla” şirkətinin maliyyə direktoru Vaybav Tanedja rəhbərlik edir. Mask sosial şəbəkəsi “X” platformasında keçirdiyi sorğuda istifadəçilərin 65 faizdən çoxu partiyanın yaradılmasını dəstəkləyib.
Mask bəyan edib ki, ilkin mərhələdə məqsədi bütün ölkədə namizədlər irəli sürmək deyil, Senatda 2–3, Nümayəndələr Palatasında isə 8–10 yer qazanmaqdır. Onun fikrincə, bu qədər təmsilçilik belə qanunvericilik prosesində həlledici mövqe tutmaq üçün kifayət edəcək.
“Demokratiya o zaman yoxdur ki, ölkə israfçılıq və korrupsiya ilə talan olunur. Bu, birpartiyalı sistemin maskalanmış formasıdır. “Amerika Partiyası” xalqın səsini qaytarmaq üçün qurulub,” – Mask bəyanatında bildirib.
Ümumiyyətlə, ABŞ ictimaiyyətində də ikipartiyalı sistemə alternativin yaradılması çağırışları son on ildə ciddi artıb. 2014-cü ildə yalnız 13 faiz amerikalı özünü “partiyasız” kimi təqdim edirdisə, bu rəqəm artıq 43 faizə çatıb. “Quantus Insights” təşkilatının sorğusuna görə, amerikalıların 40 faizi Maskın partiyasına səs verməyə hazırdır. Onun təşəbbüsünü milyarder Mark Kyyuban və Ağ evin sabiq rəsmisi Entoni Skaramuççi də açıq şəkildə dəstəkləyib.
Lakin Maskın qarşısında ciddi struktur baryerləri var. ABŞ seçki sistemi “qalib hər şeyi alır” prinsipinə əsaslandığı üçün üçüncü qüvvələrin uğur şansı minimaldır. Duyverje qanunu bu sistemin təbii nəticəsinin ikipartiyalılıq olduğunu göstərir – seçicilər “səsimi itirməyim” qorxusu ilə yenə də ən çox dəstəyə malik partiyalardan birinə üstünlük verirlər.
Tarixən ABŞ-da üçüncü partiyalar və müstəqil namizədlər müəyyən mərhələlərdə yüksək reytinqlərə malik olsalar da, sonda ya əsas partiyalardan birinə qoşulublar, ya da siyasi səhnədən çəkiliblər. Məsələn, Robert Kennedi 2024-cü il seçkilərində müstəqil namizəd kimi 22 faizə qədər dəstək toplamışdı, lakin yay aylarında bu rəqəm 7–12 faizə düşdü və nəticədə o, respublikaçılarla ittifaqa girərək kabinetdə yer aldı.
Liberal mövqeli Libertarian Partiyası da Maskın ideoloji xəttinə yaxın olsa da, son 40 ildə Konqresə birbaşa təmsilçi göndərə bilməyib. Mask üçün də bu, risk aktualdır.
Son aylar onun Viskonsin ştatında apardığı seçki təşviqatı uğursuzluqla nəticələnib. Maliyyə və media dəstəyinə baxmayaraq, dəstəklədiyi namizədlər məğlub olub. Eyni zamanda, “Quinnipiac University” tərəfindən keçirilən sorğuya əsasən, seçicilərin 57 faizi Mask haqqında mənfi fikirdədir. Bu göstərici Trampın neqativ reytinqindən də yüksəkdir.
Maliyyə naziri Skott Bessent CNN-ə açıqlamasında Maskın bu siyasi ambisiyalarının “Tesla” və “SpaceX” kimi şirkətlərdəki idarə heyəti ilə ziddiyyət yaradacağını da istisna etməyib.
İlon Maskın siyasi ambisiyaları və texnoloji resurslarla təchiz olunmuş “Amerika Partiyası”nın yaradılması ABŞ-da partiya sisteminin dəyişməsi ehtimalını gündəmə gətirir. Lakin bu ideya real struktur baryerləri və ictimai skeptisizmlə üz-üzədir.
Maskın təşəbbüsü qlobal texnokratiyanın siyasətə müdaxiləsinin bariz nümunəsi sayıla bilər. Amma bu müdaxilə uğurlu siyasi transformasiya ilə nəticələnəcəkmi, yoxsa növbəti “bir mövsümlük partiya” kimi tarixə düşəcək – bunu zaman göstərəcək.
Səbuhi MƏMMƏDOV
XQ