Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Komitə sədri qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübənin və dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Peşəkar mütəxəssislərin tövsiyələrinin sənədin hazırlanması prosesinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək deyib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirmələri baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək.
Ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib.
Görüşdə tərəflər ortaq dəyərlərə əsaslanan davamlı əməkdaşlığın inkişaf etdirilməsinin regionda sabitlik və sosial rifah üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
XQ