“Yay yağışı” rapsodiyası

post-img

Səhər-səhər Sumqayıta narın yağış yağırdı. Üzeyir Hacıbəyli küçəsinin başlanğıcında dahi bəstəkarın xatirəsinə qoyulmuş “Royal” abidə kompleksinin açıq klaviaturasındakı ağ-qara, şirmayı dillərinə dəyən damlalar sanki bir “Yay yağışı” rapsodiyası çalırdı.

Burada 2010-cu ildə – bəstəkarın 125 illik yubileyi ərəfəsində abidə kompleksinin açılış mərasimi yadıma düşdü. Müəllifi Sumqayıtın baş rəssamı, heykəltaraş Vaqif Nəzirov olan, qara qranitlə üzlənmiş 12 metr hündürlüyə ucalan abidənin yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənib. Bu sütunların üzərində Üzeyir bəyin barelyefinə, əks tərəfdə isə eyni fon üzərində tar, kaman və qavalın tökmə bürüncdən təsvirinə hamı heyranlıqla baxırdı. Nəfəs və xalq çalğı alətləri orkestrləri, vokalçılar ölməz bəstəkarın əsərlərini ifa etdilər. Onda da çiskin yağır, sanki “Xatirə” adlı musiqi bəstəsini məşq edirdi.

Mərasimdə belə bir fikir də səsləndi: “Görkəmli Azərbaycan bəstəkarları kəhkəşanında Üzeyir Hacıbəylinin ulduzu öz işığı ilə klassik Azərbaycan musiqisi tarixini nura qərq edən bütöv bir aləmdir”. İndi, 140 illik yubileyi ərəfəsində Üzeyir bəyin xatirəsi yenə də xeyli əziz tutulur, “Xatirə” bəstəsi də tam yetkinləşib. “Yay yağışı” isə tozu yatırır, nəhəng abidənin əlçatmaz yerlərini də işım-işım işıldadır.

Ağac çətiri altında durub musiqişünas qonşum, fəlsəfə doktoru, dosent Telman Qəniyevə zəng vururam. Binamız bura yaxındır. Çox keçmədən Telman müəllim gəlir. Dahi bəstəkarı yad edirik.

– Üzeyir bəyin üzünün nuruna parlaq musiqi uğurları qazanmışıq, – deyir. – O elə təməl qoyub və elə ilk qatları hörüb ki, üzərində neçə mərtəbə bina ucalsa, eyninə də gəlməz.

“Yay yağışı”nın son akkordları bizi işə-gücə uğurlayır. Telman müəllim hələ inişil Üzeyir bəyin tamaşaya qoyulan “O olmasın, bu olsun” musiqili komediyasının hazırlanmasında yaxından iştırak etdiyi Sumqayıt Dövlət Dram Teatrına gedəcəyini deyib sağollaşır. Mənsə Üzeyir Hacıbəyli küçəsinin digər başına – Sumqayıt dəmiryol vağzalına gəlirəm. Qatara minib bu dəfə də dəmir təkərlərlə relslərin ahəngdar sədalarına aludə oluram.

Həzin yağışlı, ritmik musiqili səhərlə başlanan gün uğurlu olar.

Ə.NƏCƏFXANLI
XQ

Mədəniyyət