Özbəkistan, Tacikistan və Qırğızıstan liderləri dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında sənəd imzalayıb

post-img

Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri üç ölkənin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında Saziş imzalayıblar.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, Tacikistan Respublikası, Qırğız Respublikası və Özbəkistan Respublikası arasında başa çatmış üçtərəfli danışıqların bir hissəsi olaraq üç ölkənin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında tarixi Sazişin imzalanması mərasimi olub.

Bu mühüm sənədləri – “Sərhəd qovşağı haqqında” Saziş və “Əbədi dostluq” haqqında Xucənd Bəyannaməsini prezidentlər Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev imzalayıblar. Bu sənədlər Mərkəzi Asiya dövlətləri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmlənməsini simvolizə edir.

Mərasim zamanı dövlət başçıları məsafədən Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin qovşağında quraşdırılmış rəmzi stelanın açılış mərasimində iştirak ediblər. Üç xalqın birliyini təcəssüm etdirən rəmzi quruluşu prezidentlər təntənəli şəkildə açıblar.

Dövlət başçıları, həmçinin regional əməkdaşlığın cari məsələlərini müzakirə edib, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin, infrastruktur və iqtisadi layihələrin birgə həyata keçirilməsinin, regionun turizm imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Sadır Japarov çıxışında xalqların birliyi və dostluğunun rəmzi olan səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidentinə minnətdarlığını bildirib. O, həmçinin qeyd edib ki, ölkələr artıq bütün region üçün davamlı artım və rifahı təmin etmək məqsədilə nəzərdə tutulmuş iri infrastruktur və iqtisadi layihələri uğurla həyata keçirirlər. Sadır Japarov xatırladıb ki, Oş, Xocənd və Əndican şəhərləri təkcə tarixi mərkəzlər deyil, həm də çoxəsrlik sivilizasiyanın, zəngin ənənələrin və mədəniyyətin simvoludur. Bununla bağlı o, Avropadakı Şengen zonası kimi region ölkələri üzrə turistlərin sərbəst hərəkətini təmin edəcək vahid vizanın tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Üç ölkənin prezidentləri Düşənbədə keçirilən Novruz şənliklərində də iştirak ediblər.

Dünya