Ukrayna: sülh kompromislərdən keçir

post-img

Qətərdə hazırda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında danışıqlar gedir. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Agentlik Moskvanın Kiyevdən nə tələb edəcəyini öyrənməyə çalışıb.

“Bloomberg”in məlumatına görə, hazırda Rusiya və Ukrayna tərəfləri nüvə obyektlərinin hücumlardan qorunması qaydalarını müzakirə edirlər. Bunu Rusiya Federasiyasının planları ilə tanış olan mənbə deyib. Amma agentliyin Kiyevdəki mənbəyi məlumatı təsdiqləməyib. Qətərdə danışıqların yalnız əsir mübadiləsi mövzusunda aparıldığı və digər məsələlərin müzakirə edilmədiyi bildirilib. Beləliklə, Ukrayna nümayəndələri Rusiya ilə təmas faktını inkar etməyib.

Bəs müharibınin dayandırılması üçün Moskva nə istəyir? “Bloomberg”in məlumatına görə, Moskva Kiyevdən NATO ilə əməkdaşlığı kəskin şəkildə azaltmağı, neytral dövlət statusunu qəbul etməyi və ordusunu məhdudlaşdırmağı tələb edir. Bundan əlavə, Rusiya Federasiyasının şərtlərinə Ukrayna ərazisinin ən azı 20 faizi üzərində nəzarətin saxlanması da daxildir. Amma ərazinin müəyyən sahələrində güzəştlər də mümkündür. Məsələn, Kursk vilayətində torpaqların Xarkov vilayətinin bir hissəsi ilə mübadiləsi. Bununla belə, “Bloomberg” hesab edir ki, Kiyev bu məsələlərdə sərt və barışmaz mövqe tutduğu üçün bütün variantları rədd edir. Yəni, dialoq daha çox Kiyev üçün çətindir.

“The Conversation” saytı yazır ki, Kiyev hakimiyyəti öz ərazilərinin itirilməsi ilə bağlı “heç bir danışıqlara girmək arzusunda deyil”. Ancaq alternativlər o qədər də yaxşı deyil. Hazırda Ukrayna Silahlı Qüvvələrinin mövqeyi son dərəcə qeyri-müəyyəndir. Müharibənin davam edəcəyi təqdirdə onların 12–18 ay ərzində dağılacağı proqnozlaşdırılır və yeni resursların tapılması getdikcə daha problemli olur. Məsələn, Bayden Administrasiyasının Kiyevə səfərbərlik yaşını 18-ə endirmək təklifi Ukrayna cəmiyyətində son dərəcə pis qarşılanır.

Səfərbərlikdən yayınma artıq geniş vüsət alıb. Patrullar potensial çağrışçıları axtarmaq üçün şəhərlərdə axtarışlar aparır, hətta metroya və klublara da baxırlar. Eyni zamanda, Qərbin Kiyevi yalnız hərbi dəstək verməklə, lakin heç bir təhlükəsizlik zəmanəti verməməklə “məyus etdiyi” iddia edilir.

Bu arada Qərbin təminatlarla bağlı təklifləri getdikcə daha çox mücərrəd xarakter alır. Beləliklə, Ukraynanın NATO-ya üzvlüyü məsələsi faktiki olaraq gündəmdən çıxarılıb.

Bununla yanaşı, Ukrayna cəmiyyətinin özündə də hərbi əməliyyatların davam etdirilməsinə dəstək azalır. Əsas səbəblərdən biri ictimai yerlərdə məcburi səfərbərliyin davam etməsidir. 

Ekspertlər bildirirlər ki, Rusiya danışıqlar prosesinə tələsməyə bilər. Sadəcə, cəbhədə Ukrayna qoşunlarının vəziyyəti daha da pisləşənə və Kiyevin özü atəşkəs haqqında danışmağa başlayana qədər bir az gözləməsi kifayətdir. İstənilən halda danışıqlar baş tutarsa, ən çox Ukrayna tərəfindən güzəştlər nəzərdə tutulur. 

Həm Moskvanın, həm də Kiyevin mümkün sülh şərtləri ilə bağlı barışmaz mövqeyini nəzərə alsaq, Trampın hər iki tərəfə uyğun həll yolu tapmaq imkanı azdır. Bununla bağlı bugünlərdə Donald Tramp Administrasiyasında dövlət katibi postuna namizəd Marko Rubio bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə son qoymaq üçün cəsarətli diplomatiya lazımdır. M.Rubio qeyd edib ki, ABŞ-nin rəsmi mövqeyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdırılmasıdır: “Yeni administrasiya bu müharibəyə son qoymaq üçün “cəsarətli diplomatiya” həyata keçirəcək. Bu, asan olmayacaq, amma cəsarətli diplomatiya tələb edəcək. Hamı realist olmalıdır, həm Rusiya, həm də Ukrayna güzəştlərə getməlidir”.

Rubio daha sonra əlavə edib ki, Ukraynanın ciddi bir problemi var və bu, pulunun tükənməsi deyil, “ukraynalıların azalması” ilə bağlıdır. Amma Rusiyanın bütün Ukraynanı ələ keçirmək şansı olmadığı kimi, Ukraynanın da müvəqqəti işğal olunmuş ərazilərini geri qaytarmaq şansı yoxdur: “Ukraynadakı dağıntılar fövqəl-
adədir, hər şeyi bərpa etmək üçün nəsillər lazım olacaq. Milyonlarla ukraynalı artıq öz vətənində yaşamır və bəlkə də heç vaxt qayıtmayacaq. Mən sizinlə danışarkən belə Ukraynanın enerji infrastrukturu dağıdılır və onun bərpası yüz milyardlarla dollar və bir neçə onillik tələb edəcək”. Onun sözlərinə görə, müharibənin dayandırılması istiqamətində müxtəlif variantlar var. 

“Bloomberg” isə bildirib ki, müharibəni dayandırmaq üçün hazırda 2 variant üzərində iş gedir. Bu variantlar rəsmi Moskvanı danışıqlar masasına sövq etmək xarakteri daşıyır. Nəşrin yazdığına görə, hər iki tərəfə münaqişənin nizamlanmasına dair bir sıra siyasi təkliflər veriləcək. Daha bir variant isə məhdudiyyətlərin daha da sərtləşdirilməsi yolu ilə təzyiqin artırılmasından ibarətdir: “Donald Trampın komandasının Rusiyaya qarşı tutduğu sərt mövqe neft sənayesi ilə yanaşı, Avropada fəaliyyət göstərən logistika şirkətlərinə, eləcə də onların Çin və Hindistandan olan iri sifarişçilərə ciddi təsir edəcək. Ağ evin yeni sahibinin ətrafındakılar ona həmçinin 1 barel neftin 60 dollara satılmasını təşviq edir. Neft və qaz sektoruna sanksiyaların daha da sərtləşdirilməsi nəzərdə tutulur. Əsas odur ki, müharibəni dayandıra biləsən. Bunun üçün istək lazımdır”. 

Bu variantlar Rusiya istəməsə belə, onu dialoqa vadar edə bilər. 

Qeyd edək ki, danışıqların baş tutub-tutmayacağından aslı olmayaraq NATO Ukraynanı dəstəkləməyə davam edəcək. Ukraynada müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların, logistika və ehtiyat hərbi texnika üçün anbarların, hərbi ehtiyatların yerləşdirilməsi və saxlanması variantları araşdırılır. Bu qurğular mühüm hərbi təhlükə yarandıqda öz müdafiə qabiliyyətini gücləndirmək üçün istifadə oluna bilər. 

 

P.ƏFƏNDİYEV 
XQ

Dünya