Azərbaycan Ankarada keçirilən Beynəlxalq Mediasiya Şurasının iclasında geniş təmsil olunur

post-img

Noyabrın 29-da Ankarada I Beynəlxalq Mediasiya Şurasının iclasının açılışı olub.

Tədbir Türk Dünyası Mediatorlar Şurasının təşkilatçılığı və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyənin Diaspor və Xaricdə Yaşayan Həmvətənlər İdarəsi (YTB), qardaş ölkənin Vəkillər Kollegiyası, həmçinin Ankaranın bir sıra universitetlərinin dəstəyi ilə keçirilir.

İclası açan Türk Dünyası Mediatorlar Şurasının rəhbəri Yakup Erikel bildirib ki, onun başçılıq etdiyi strukturun missiyası “barışıq mədəniyyətinin” və qarşılıqlı hörmətin hərtərəfli möhkəmləndirilməsidir. O, türk mediatorlarının toplanmış təcrübə və biliklərini dost və qardaş ölkələrə ötürməyə hazır olduqlarını vurğulayıb, müxtəlif dillərdə müvafiq nəşrlərin hazırlandığını qeyd edib. Türk Dünyası Mediatorlar Şurasının rəhbəri deyib: “Mən Ankarada keçiriləcək tədbirlər proqramının təşkilində mühüm töhfəsinə görə Azərbaycan Mediatorlar Şurasına xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Daha sonra çıxış edən Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin rəhbəri, Türk Dünyası Mediatorlar Birliyi İdarə Heyətinin sədr müavini Nadir Adilov diqqəti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyətə çəkib.

“Ölkələrimizin rəhbərlərinə xüsusi minnətdarlığımı bildirmək istərdim. Onların rəhbərliyi və uzaqgörənliyi olmasaydı, qardaş dövlətlərin fəal şəkildə yaxınlaşması mümkünsüz olardı”, -deyə Adilov vurğulayıb.

Mediasiya Şurasının sədri ölkəmizdə dövlət strukturlarının mediatorlarla qayğıkeş münasibətini qeyd edib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun Birinci Beynəlxalq Mediasiya Şurasının iclasında iştirakını yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türk dünyasında əməkdaşlığın və inteqrasiya proseslərinin əhəmiyyətindən danışıb. “Türk dövlətləri arasında əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Türk dünyası bizim ailəmizdir!”, -deyə vurğulayan diplomat türk dövlətlərinin bütün dünyada sülhün və sabitliyin təmin edilməsinə verdiyi töhfəni diqqətə çatdırıb.

Səfir Türk Dövlətləri Təşkilatını (TDT) Türk dünyasında uğurlu inteqrasiyaya kömək edən “qardaşlıq platforması” adlandırıb. TDT ölkələrinin hər birinin uğurunun Türk dünyasının ümumi nailiyyəti olduğunu vurğulayan R.Məmmədov deyib: “Türk Dövlətləri Təşkilatı yeni birgə layihələrin həyata keçirilməsinə zəmin hazırlayaraq, Egey dənizindən Altay dağlarına qədər geniş məkanda əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi və genişləndirilməsi missiyasını yerinə yetirir”.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç çıxışında türk xalqlarını ortaq tarixi və mədəni bağların birləşdirdiyini deyib. O xatırladıb ki, türk dövlətlərinin qarşılıqlı fəaliyyəti TDT-nin hüquqi əsasını təşkil edən Naxçıvan Sazişinin imzalanması oldu.

Türkiyəli nazirin sözlərinə görə, ədliyyə və mediasiya sahələri də daxil olmaqla, TDT ölkələrinin inkişafının ümumi vizyonunun formalaşması bütün istiqamətlərdə mövqelərin yaxın olmasını tələb edir. Y.Tunç vurğulayıb: “Türkiyə hökuməti ölkələrimizi gələcəkdə də yaxınlaşdırmaq əzmindədir. Birliyimiz nə qədər möhkəm olarsa, TDT-nin dünyada mövqeyi də o qədər güclü olacaq”. O, həmçinin Türk Dövlətləri Notariuslar Birliyinin yaradıldığını da xatırladıb.

Mediasiya sisteminin əhəmiyyətini qeyd edən türkiyəli nazir bildirib ki, 45 minə yaxın mediatorun fəaliyyəti sayəsində Türkiyənin məhkəmə sisteminin yükü xeyli azalıb.

Mediasiya Şurasının iclası plenar iclaslarda müzakirələrlə davam edib.

Tədbirin üçgünlük proqramına, həmçinin Türkiyənin üç ali təhsil müəssisəsində - “Medipol”, Sosial Elmlər və Yıldırım Beyazit universitetlərində seminarların keçirilməsi də daxildir.













Dünya