Bu gün Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), dünyanın müxtəlif ölkələrinin müvafiq hökumət strukturları və sahibkarları Ümumdünya Standartlar Gününü qeyd edir.
AZƏRTAC ISO-nun rəsmi saytına istinadla xəbər verir ki, 1946-cı il oktyabrın 14-də Londonda 25 dövlətin nümayəndələrinin iştirak etdiyi milli standartlaşdırma təşkilatlarının ümumi konfransının açılışı olub. Konfransda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) yaradılması haqqında qətnamə yekdilliklə qəbul edilib. Ümumdünya Standartlar Günü 1970-ci ildə ISO prezidenti Faruk Sunterin təşəbbüsü ilə təsis edilib. Bu gün 162 ölkədə ISO-nun üzvü olan milli standartlar təşkilatları fəaliyyət göstərir.
Standartlaşdırma bütün maraqlı tərəflərin iştirakı ilə hər hansı bir fəaliyyətin sadələşdirilməsi üçün vahid qaydaların müəyyən edilməsi deməkdir. Onun obyekti elm-texnikada, kənd təsərrüfatı və sənaye istehsalında, xalq təsərrüfatının digər sahələrində, habelə beynəlxalq ticarətdə dəfələrlə tətbiq və istifadə olunan konkret növ məhsul, üsullar, tələblər və ya normalar ola bilər.
Ölkəmizdə də bu sahədə mühüm işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (AZSTANDART) təsis edilib və standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik bu quruma həvalə olunub. Bundan başqa, Prezidentin 2019-cu il 12 iyul tarixli Fərmanı ilə beynəlxalq təcrübəyə uyğun yeni “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub və avropalı ekspertlərin də yaxından iştirakı ilə hazırlanmış “Texniki tənzimləmə haqqında” Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmış “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üzrə Dövlət Proqramı” nın layihəsi də bu sahədə mühüm addım olub. Proqram layihəsi uyğunluğun qiymətləndirilməsi və standartlaşdırma sahəsində Avropa direktivləri və reqlamentləri əsasında 44 milli texniki reqlamentin hazırlanmasını və istinad standartlarının qəbul edilməsini, həmçinin ölkədə keyfiyyət infrastrukturunun inkişafına dair bir sıra digər praktiki və hüquqi məsələlərin həllini nəzərdə tutur. Uğurla həyata keçirilən institusional və qanunvericilik bazasında ardıcıl islahatlar dünya iqtisadiyyatına və beynəlxalq sistemə bərabərhüquqlu tərəfdaş kimi inteqrasiya, sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmini, istehsala dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi, istehlakçıların aldadılması hallarının qarşısının alınması, standartlaşdırma sistemində özəl sektorun daha aktiv iştirakı, mütərəqqi standartların tətbiqi ilə ölkəmizdə istehsal olunan məhsulların təhlükəsizlik səviyyəsi və keyfiyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması və Azərbaycanla Avropa İttifaqı arasında uyğunluğun qiymətləndirilməsi üzrə sənədlərin qarşılıqlı tanınması və məhsulların azad dövriyyəsi üçün konkret nəticələrin əldə olunmasına şərait yaradıb.