Bu gün insan haqlarının, demokratik dəyərlərin, bərabərlik prinsiplərinin qorunması zərurətini bu qədər canfəşanlıqla təbliğ edən Qərb ölkələri, xüsusilə də Fransa XXI əsrdə xalqları əsarət altına alaraq müstəmləkəçilik siyasətini davam etdirirlər. Keçmiş müstəmləkələrini və asılı ərazilərini buraxmaq istəməyən Fransa üzvü olduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini kobud şəkildə pozur. Separatçı erməniləri dəstəkləyən Paris vaxtilə işğal etdiyi ərazilərdə yerli əhalinin azadlıq istəyinə qarşı çıxış edir və bunu zor tətbiq etməklə həyata keçirir.
Özünü azadlıq müdafiəçisi kimi göstərən Fransa əsrlər boyu keçmiş müstəmləkə ərazilərində yaşayan xalqlara zülm edir. Amansız bir müstəmləkə keçmişi olan Fransa bu gün başqa ölkələrə azadlıqları təmin etməyi öyrətməyə çalışır. İndiki Avropa müstəmləkə xalqlarını geridə qalmış və aşağı hesab edir. Bu, həyatın bütün sahələrində özünü göstərir. Yerli xalqlara inzibati vəzifələr tutmaq, mühüm qərarlar qəbul etmək və təbii sərvətləri idarə etmək imkanı verilmir. Halbuki Fransa Konstitusiyası insan hüquqlarının təməl əsası kimi fərdi azadlığı, söz azadlığını, fikir azadlığını və zülmə müqavimət hüququnu təsbit edir.
Amma bü gün nəyi müşahidə edirik? Fransa uzaq Polineziyada, Mavrikidə və Qvatemalada və digər dənizaşırı ərazilərində sərt müstəmləkəçilik siyasətini davam etdirir. Müstəmləkələrdə bütöv xalqların insan hüquqları vəhşicəsinə tapdalayan Paris hər cür vətəndaş hüquqlarını məhdudlaşdırır, azadlıq çarçılarını türmələrdə çürüdür. Fransa şovinizmindən zülm çəkən xalqlardan biri də Martinik xalqıdır. Bu xalq da uzun illərdir azadlıq uğrunda mübarizə aparır. Lakin Paris yerli xalqın azadlıq istəyinə qarşı çıxır. Halbuki BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. Ancaq Paris Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. Paris BMT-nin müstəmləkəçilik siyasətini davam etdirməyi qadağan edən 1514 (XV) saylı qətnaməsinə əməl etmir və beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir.
Xatırladaq ki, 1946-cı ildə Martinikdə referendumda keçirilmişdi. Qanunsuz keçirilən referendum nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu almışdı. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınmış və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilmişdi. Ancaq yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini bildirirlər.
Daha bir qondarma referendum 2003-cü ildə keçirilmişdi. Orada da nəticələr saxtalaşdırılmış və Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da güclənmişdi. Bununla kifayətlənməyən Paris daha bir saxta referendum teatrını 2010-cu ildə təşkil etmişdi. Bu seçkilərdə də nəticələr saxtalaşdırılmış, Fransa Martinik xalqının iradəsinə zidd addımlar atmış və onların hüquqlarını daha da məhdudlaşdırmışdı. Fransanın bu referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər. Digər müstəmləkə ərazilərində olduğu kimi, Fransa öz eqoist dövlət maraqlarını Martinik xalqının təbii və haqlı hüquqlarından üstün tutur.
Avropanın göbəyində yerləşən və bütün dünyaya demokratiya çağırışları edən Paris XXI əsrdə müstəmləkə siyasətini davam etdirir, əsarəti altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Budur müasir və ədalətli Fransa “demokratiyası”? Əslində, bu, əsl yırtıcı müstəmləkəçilik siyasətidir. Diqqət yetirin: Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli köçürülmüş agdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya edilərək, onlar iqtisadi yardımdan məhrum edilirlər.
Demək lazımdır ki, dünya ictimaiyyəti Fransanın əzdiyi xalqların taleyinə biganədir. Bu torpaqların yerli xalqları öz hüquq və azadlıqlarının tapdalanması ilə bağlı fəryad qoparsa da, dünya laqeyd şəkildə susur. Beynəlxalq ictimaiyyət Fransanın bu cinayət əməlinə də laqeyd yanaşır ki, Martinikdə kənd təsərrüfatı sahəsində hələ də zəhərli xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib və Martinikdə xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Bir sözlə, Asiya, Afrika və Avropanın bir çox ölkələrinin xalqları Fransanın müstəmləkəçilik siyasətinin tarixini yaxşı xatırlayır, bunun nəticəsinin aclıq, dağıntı və ölüm olduğunu unutmur. Fransada müasir siyasətçilər isə öz xalqlarının əcdadlarının günahları qarşısında susmağa üstünlük verirlər və əsl torpaq sahiblərini yox, başqasının ərazilərini işğal etmiş erməniləri dəstəkləyirlər. Bu, müasir Fransanın riyakar siyasətinin mahiyyətini göstərir.
XQ