Həyatdan gələn səslər
Adam var ki, dindirərsən “can” deyər,
Adam var ki, dindirməsən yaxşıdır”.
Atalar sözü
Adam var, ürəyində başqa şey deyir, dilində başqa.
Adam var, qəlbi də təmizdir, cibi də.
Adam var, şirin dili var, amma yaxşılıq etməyi bacarmır.
Adam var, bir tikə çörəyi də təmənnalı verir.
Adam var, pulunu balta kəsməz, amma başqasının halal çörəyini kəsir.
Adam var, üzdə mələkdir, arxada şeytan kimi.
Adam var, ümidlə yaşayır, adam da var naz-nemətlə.
Adam var, heyvan ondan ifallıdır.
Adam var, elə arxadır, adam da var elə “yamaq”.
Adam var, şöhrət axtarır, adam da var pul-para.
Adam var, haqdan danışır, ancaq əyrinin tərəfini tutur.
Adam var, həmişə öyrənir, ancaq kimsəyə bir hərf də öyrətmir.
Adam var, arzuları böyükdür, imkanları kiçik.
Adam var, boyu uzundur, yorğanı qısa.
Adam var, imkanları genişdir, ümidləri kiçik.
Adam var, elə bilir ki, çox şey bilir, amma çox az bildiyini bilmir.
Adam var, həmişə var-dövlətin azlığından şikayətlənir, ağlından şikayət edəni isə kimsə görməyib.
Adam var, həmişə yuxulu kimi gəzir, ancaq çox şeyi sübh tezdən duranlardan yaxşı bilir.
Adam var, Vətən üçün canını verər, adam da var heç vaxt “Vətən” sözünü dilinə almır.
Adam var, əkib-biçir, amma meyvəsini özü yeyə bilmir.
Adam var, heç nə əkib-becərmir, amma “yeyəndə ortaq qardaş”dır.
Adam var, bilmir bişən nədir, amma deyir: “bir çömçə də bura tök”.
Adam var, həmişə vəfalı dost axtarır, ancaq nə vəfası var, nə də etibarı.
Adam var, adamına görə adamdır.
Adam var, düz ola-ola, “düzdə qalıb”.
Adam var, həmişə dərdlidir, amma sirkdə klounluq edir.
Adam var, həmişə gələcəkdən danışır, ancaq keçmişini yada salmaq istəmir.
Adam var, həmişə danışır, amma susmağın qızıl olduğunu ağlına da gətirmir.
Adam var, başqaları ilə az, özü ilə çox danışır.
Adam var, özü haqqında az, başqaları barədə çox danışır.
Adam var, başqalarına hörmət etmir, ancaq istəyir ki, hamı ona hörmət etsin.
Adam var, çöpü çöp üstə qoymur, amma hər şeyə qulp qoyur.
Adam var, hər şeyi var, ancaq gözü onun-bunun əlindədir.
Adam var, heç nəyi yoxdur, ancaq özünü elə aparır ki, dünya bunundur.
Adam var, oturduğu ağacın budağını kəsir.
Adam var, başında bir qəpiklik ağlı yoxdur, ancaq həmişə başda oturmaq istəyir.
Adam var, övladına da gəlir mənbəyi kimi baxır.
Adam var, övladı yoxdur, ancaq bütün uşaqları öz balası sayır.
Adam var, səni çaya susuz aparıb-gətirər.
Adam var, oturduğu yerə dəyər qazandırar, adam da var oturduğu yerdən haram qazanır.
Adam var, nə var bilir, nə də yox, elə deyir: “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”.
Adam var, özü boyda işıqdır, ancaq özü işığa həsrətdir.
Adam var, üzü gülür, ürəyi ağlayır.
Adam var, gözəl yoldaşdır, adam da var yolda ayağa ilişən daşdır.
Adam var, kitabı yoxdur, ancaq hər söhbəti bir kitabdır.
Adam var, oğrudur, ancaq kasıblara da əl tutur ki, ona “səxavətlidir” desinlər.
Adam var, hələ bir könül tikməyib, işi-gücü ev yıxmaqdır.
Adam var, canavarın yanında qoyun, qoyunun yanında canavardır.
Adam var, tərcümeyi-halını düzgün yaza bilmir, ancaq tanınmış adamlar haqqında kitab yazır.
Adam var, gördüyündən çox, eşitdiyinə inanır.
Adam da var, adam kimi adamdır...
Səməd MƏLİKZADƏ