Süni intellekt (AI) ürək problemlərinə səbəb ola biləcək riskli xəstəlikləri araşdırıb tapmağa kömək edə bilər. Belə ki, İngiltərənin Lids Universitetində 2 milyondan çox insanı müalicə edəcək “Optimise” adlı süni intellekt sistemi hazırlanıb.
Yeni cihaz elmi sınaqlardan uğurla keçmiş və 400 mindən çox insanda ürək çatışmazlığı, insult və diabet kimi riskli xəstəlikləri müəyyən edə bilmişdir.
Nəticələri London Avropa Kardiologiya Cəmiyyətinin konqresində təqdim edən tədqiqatçıların sözlərinə görə, qurğu vasitəsilə daha böyük kliniki sınaqların keçirilməsi nəzərdə tutulur.
Tibb elmləri doktoru Nadarajah deyib: “Ümid edirik ki, bu cihaz apardığımız tədqiqatlar nəticəsində ürək və qan dövranı xəstəlikləri olan pasiyentlərə faydalı olacaq, həmçinin yüksək qan təzyiqini azaltmağa kömək edəcək”.
Qeyd edək ki, Böyük Britaniyada ölümlərin əksər hissəsi ürək və qan dövranı xəstəlikləri səbəbindən baş verir. Bu xəstəliklərin qarşısını almaq və onlara səbəb ola biləcək neqativləri aşkar etmək üçün süni intellekt texnologiyasının gücündən istifadə edilir.
S.FİDAN
XQ