Dünən 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” elan olunmuş Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz cup” beynəlxalq turniri start götürüb.
Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Quba Olimpiya İdman Kompleksində yarışın açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov ölkəmizdə idmanın inkişafından danışıb. Qeyd edib ki, idmanın kütləviliyinin artırılması istiqamətində bir sıra işlər görülür. O, belə bir yarışın təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
Bu il “İdmanın ürəyi Qubada döyünür” şüarı altında tədbirlərin keçirildiyini deyən natiq bölgədə ilk dəfə beynəlxalq futbol turnirinin təşkil olunduğunu söyləyib.
Gənclər və idman naziri Fərid Qayıbov “Ulduz cup” beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib. Nazir "Ulduz" Futbol Akademiyasının gördüyü işlərdən söz açıb və komandalara uğurlar arzulayaraq yarışı açıq elan edib.
Qeyd edək ki, turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır.
A qrupunda Şimali Kipr millisi, “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA və “Quba” OİK, B qrupunda isə “Dinamo” (Minsk, Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayacaq.
Sentyabrın 6-da turnirə yekun vurulacaq.
L.QURBANOVA,
C.QAÇAYEV
XQ