“Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında həbs edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Durov şəxsi təyyarəsi ilə səyahət edirmiş. O, Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.
TF1 və BFM televiziyalarının məlumatlarına əsasən, Fransa polisi “Telegram” mesajlaşma proqramında cinayət fəaliyyətinin maneəsiz yayılmasına imkan verildiyini hesab edir. Yerli mediaya görə, Durov avqustun 25-də mümkün ittihamla üzləşəcək.
Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.
Rusiya əsilli Durov “Telegram”ı 2013-cü ildə qardaşı ilə birlikdə yaradıb. O, 2014-cü ildə satdığı “VKontakte” sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.
Bəzi analitiklərin müharibə üçün “virtual döyüş meydanı” adlandırdığı “Telegram” Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəsmiləri, habelə Rusiya hökuməti tərəfindən sıx şəkildə istifadə edilən platformaya çevrilib.