Bu yaxınlarda Hindistan və İran arasında Çabahar limanının gələcək inkişafı haqqında saziş imzalanıb. Saziş Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankarın Tehrana səfəri zamanı İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş ilə imzalanıb. Nazirlər Çabahar limanı ilə bağlı uzunmüddətli əməkdaşlıq çərçivəsinin yaradılmasına dair ətraflı və “məhsuldar müzakirə” aparıb, İran və Hindistan arasında limanın inkişafı ilə bağlı may ayında imzalanmış sazişi başa çatdırmaq barədə razılığa gəliblər.
Sazişə görə, Çabahar limanı 10 il müddətinə Hindistanın icarəsinə verilir. 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind okeanına çıxışı olan limandır. Onu idarəçiliyə götürməklə Hindistan Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan, Rusiya və Avropa ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynayır. Rusiya və Avropadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına, oradan isə Hindistanın Mumbai limanına çatdırılacaq. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək.
Ermənistan da Hindistanla İran arasındakı son razılaşmadan yararlanmaq istəyir. İrəvan Hindistandan yola çıxan yüklərin bir hissəsinin Ermənistan üzərindən Avropaya daşınacağına ümid edir. O uzun illər boyu bütün regional əhəmiyyətli layihələrdən kənarda qalıb. İndi iqtisadi problemlərini həll etmək üçün regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakını ön plana çıxarır. Ermənistan həm də hərbi-siyasi əməkdaşlıq qurmuş olduğu Hindistan və ənənəvi himayəçisi olan İranın potensialından istifadə etməyə çalışır. Ermənistan İqtisadiyyat Nazirliyinin baş katibi Haykaz Nəsibyan “Armenpress”in sualına cavab olaraq bildirib ki, Ermənistan və Hindistan arasında iqtisadi əməkdaşlıq böyük inkişaf potensialına malikdir. “Ticarət dövriyyəsinin strukturu və həcmləri hələ də iki ölkə arasında iqtisadi əməkdaşlığın real imkanlarına uyğun gəlmir. Ermənistan–Hindistan ticarət dövriyyəsinin inkişafında mühüm amil isə logistika probleminin həlli ola bilər. Bu baxımdan İranın Çabahar limanının əhəmiyyəti bizim üçün xüsusilə önəmlidir. İrəvan Nyu-Dehli ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır və iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi, eləcə də uzunmüddətli əməkdaşlığın formalaşdırılması istiqamətində qarşılıqlı addımlar atır, ilk növbədə dünyanın 10 ən mühüm limanından biri olan Çabaharın operatoru olmaq niyyətindədir”.
Bununla bağlı, baş nazir Nikol Paşinyan ötən ilin mayında beynəlxalq multimodal (yüklərin hərəkətini asanlaşdırmaq, daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsi) yükdaşıma marşrutunun işə salınması və Çabahar limanında operator fəaliyyətinin həyata keçirilməsini əlaqələndirəcək işçi qrupunun yaradılması haqqında qərar imzalayıb. Ermənistanda hesab edirlər ki, Çabahar limanından istifadənin Ermənistanın ticarət potensialını artıracaq. Bu, ölkənin Hindistana, eləcə də digər Asiya ölkələrinin perspektivli bazarlarına etibarlı çıxışı olacaq. Limanın istifadəyə verilməsi həm də Fars körfəzi ölkələri ilə ticarət dövriyyəsini artıracaq. “Əsas məqsəd təkcə Hindistandan idxalı inkişaf etdirmək deyil, həm də istehsalçılarımızın Hindistan bazarına çıxmasına şərait yaratmaqdır”. Bunu İqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib: “Biz iki ölkə arasında əlaqələrin inkişafında böyük potensial görürük. Xüsusilə, 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 7 faizdən çox artaraq 380 milyon dollara çatıb. Gələcəkdə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmini bir neçə dəfə artırmaq olar. Aydındır ki, bu, Çabahar limanı və onun bir hissəsi olan dəhlizlə mümkündür”.
Buna nail olmaq üçün Ermənistan beynəlxalq tranzit yükdaşıma marşrutlarında iştirakını təmin etməlidir. Bu baxımdan Ermənistanın Şimal–Cənub Beynəlxalq Nəqliyyat dəhlizi layihəsində fəal iştirakı vacibdir. Üstəlik, Ermənistan Hindistan və İranı Gürcüstan və Qara dəniz vasitəsilə Avropa ilə, eləcə də Avropanı Hindistanla birləşdirəcək alternativ dəhliz təklif edərək, alternativ yükdaşıma marşrutunun formalaşmasında mühüm iştirakçı və icraçı olmaq istəyir. Bu barədə iranşünas alim Qohar İskəndəryan bildirib: “Bu, çox vacib layihədir, onun reallaşması üçün hər şey edilməlidir. Dəhlizin bir qolunun Ermənistandan keçməsi üçün səy göstərilməlidir. Bu proqram təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan vacibdir. Hesab edirəm ki, bu limandan tranzit üçün, o cümlədən Ermənistandan keçməklə, Qara dəniz regionundan istifadə etmək potensialı mövcuddur”.
Bunun üçün isə Ermənistanda infrastruktur yenilənməli, yolları genişlənməli, dəmir yolları tikilməlidir. O zaman bu marşrut üzrə yükdaşımalar və Ermənistanın gəliri artacaq, o, regional nəqliyyata çevriləcək. İlk baxışdan çox cəlbedici görünür. Bəs infrastrukturla bağlı vəziyyət nə yerdədir? Bəri başdan deyək ki, dəhlizin Ermənistandan keçəcək qolunun işlək vəziyyətə gətirilməsi üçün infrastruktur cəhətdən problemlər var. Belə ki, Ermənistanın cənubundakı Sünik vilayəti ilə İran arasında birbaşa dəmir yolu əlaqəsi yoxdur. Sovet dövründə Ermənistandan gələn dəmir yolu Naxçıvandan keçərək Təbriz–Culfa dəmir yolu ilə birləşirdi. Bu dəmir yolu ilə o dönəmdə təxminən 4 milyon ton yük daşınırdı. I məqalədə qeyd etdiyim kimi hazırda yolun çox hissəsi sökülüb. Onun qalan hissəsi isə yenidən bərpa olunmalıdır. Əgər Ermənistan ərazisindən keçən dəmir yolu Şimal–Cənub dəhlizinin Rəşt–Astara hissəsinin tikintisindən daha tez bərpa olunarsa, bu yolla Rusiya ilə İranın cənub limanları arasında dəmir yolu əlaqəsi yaranacaq. Bu isə indiki reallıqda mümkün deyil. İlk növbədə Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalı, Zəngəzur dəhlizi işlək vəziyyətə gətirilməli, ərazisində sökülmüş dəmir yolu xətləri yenidən çəkilməlidir. Ermənistana bu xərcləri qarşılamaq üçün investisiya qoymaq istəyən xarici sərmayədarlar yoxdur.
Şimal–Cənub dəhlizinin tam olaraq fəaliyyətə başlaması isə Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikilməsindən asılıdır. Rəşt-Astara dəmir yolu beynəlxalq əhəmiyyət daşıdığı üçün onun tikintisi prioritet məsələdir və uzunluğu 164 kilometr olan bu yolun inşasının 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. O, Azərbaycan ilə İranın dəmir yolları sistemlərini birləşdirəcək. Həmin vaxtadək Çabahar–Zahidan dəmir yolu da işlək vəziyyətdə (bu il istifadəyə veriləcək) olacaq. Hər iki dəmir yolunun tikintisi başa çatdıqdan sonra bu limandan yük axınını artırmaq mümkün olacaq.
Nəticədə dəhlizin əsasını təşkil edən dəmir yolu ilə Avropa və Asiya arasında yükdaşımalar həyata keçiriləcək. Cənub Şərqi Asiya ölkələrindən yüklər İran və Azərbaycan ərazisindən Rusiyaya və Avropaya daşınacaq. Digər tərəfdən Azərbaycanla Gürcüstanı birləşdirən dəmir yolu da mövcuddur ki, Hindistandan çıxan yüklərin Azərbaycan–Gürcüstan dəmir yolu ilə Qara dəniz limanlarına, oradan da Avropa ölkələrinə nəqlini reallaşdırmaq mümkündür. Ermənistan ərazisində isə dəmir yolu xəttinin nə vaxt istismara verilməsi yaxın perspektivdə məlum deyil.
Azərbaycanın yüklərin yük maşınları ilə daşınmasında da imkanları Ermənistandan genişdir. Ermənistanda avtomobil yolu dağlıq ərazilərdən keçir. Qış mövsümündə istifadəsi çətinləşir. Bu ərazidə işlək nəqliyyat xətlərinin tikilməsi və ya bərpası böyük xərc tələb edir. Magistralın Gorus və Qafan şəhərləri arasındakı yolun bir hissəsi Azərbaycanın beynəlxalq cəhətdən tanınmış hüdudları daxilinə düşdüyündən 2020-ci ilin dekabrından Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.
İrəvan Ermənistan–İran tranzitini asanlaşdırmaq, Bavra (Gürcüstan sərhədi yaxınlığında) ilə Mehri (İran sərhədi yaxınlığında) arasında əlaqə yaratmaq məqsədilə yeni Şimal–Cənub avtomobil yolunun inşasına başlayıb. Onun tikintisinin 2028-2030-cu illərdə tamamlanması nəzərdə tutulur. Lakin artıq işlərin gedişi göstərir ki, yol heç 2035-də də hazır olmayacaq.
Beləliklə, Hindistandan çıxan yüklərin Rusiya və Avropaya, həm də əks istiqamətdə Azərbaycanın mövcud nəqliyyat xətləri ilə daşınması daha realdır. Eyni zamanda, Azərbaycanla Gürcüstanı birləşdirən dəmir yolu da mövcuddur ki, Hindistandan çıxan yüklərin Azərbaycan-Gürcüstan dəmir yolu ilə Qara dəniz limanlarına, oradan da Avropa ölkələrinə nəqlini reallaşdıra bilər.
P.ƏFƏNDİYEV
XQ