Bakıda “Formula–1” hazırlıqları

post-img

Təxminən iyirmi gün sonra Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq. Çünki 13-15 sentyabr tarixlərində ralli həvəskarları möhtəşəm “Formula 1” Qran-Prisinin həyəcanını bir daha yaşayacaqlar. 

Artıq səkkiz ildir ki, ölkəmizdə “For­mula–1” yarışları keçirilir. Azərbaycanın evsahibliyi etdiyi digər beynəlxalq idman yarışları kimi “Formul–1”-ə də yüksək sə­viyyədə hazırlaşır. 

Şəhərdə həyata keçirilən hazırlıq işləri ilə yaxından tanış olmaq üçün üz tutduq mərkəzi küçələrə. “Formula–1”-ə qızğın hazırlıq prosesinin getdiyinin şahidi olduq. Artıq təhlükəsizliklə bağlı beton dirəklər quraşdırılıb, məhdudlaşdırıcı sədlər çəki­lib. Yarışları yaxından izləmək üçün tri­bunalar təşkil olunub, küçələr müxtəlif iri reklam lövhələri və yol nişanları ilə bəzə­dilib. Yarış zamanı piyadaların yolu rahat­lıqla keçə bilmələri üçün yerüstü piyada keçidləri də quraşdırılıb.

“İçərişəhər” metrosunun yaxınlığın­da bir neçə yaşlı sakinin “Formula–1” yarışları haqqında müzakirə aparmaları diqqətimizdən yayınmadı. Heç fürsəti əl­dən verməyib yaxınlaşdıq. Tanış olduq. “Formula–1” yarışları haqqında bizə də fi­kirlərini bildirmələrini xahiş etdik. 65 yaşlı Yusif Babayev bu cür yarışların keçirilmə­sinin ölkəmiz üçün önəm daşıdığını və paytaxta çoxlu turist gəlməsi baxımından da əlverişli olduğunu dedi: 

– Bu yarışların keçirilməsi məni çox sevindirir. Çünki dünyanın diqqəti Azər­baycana yönəlir. Bu da ölkəmizin daha çox tanınmasına şərait yaradır. Onu da əlavə edim ki, bu cür yarışlar, həmçinin paytaxtı­mıza çox sayda turist cəlb edir. Bu həm də onu göstərir ki, biz qonaqpərvər millətik. 

Digər bir yaşlı sakin isə fikrini belə izah etdi:

– Düzdür, belə tədbirlər şəhər sakinləri və sürücülər üçün müəyyən çətinliklər ya­radır. Lakin, onu da nəzərə almaq lazımdır ki, dünyamiqyaslı yarışların keçirilməsi ölkəmiz üçün hər cəhətdən faydalıdır. 

Qeyd edək ki, “Formula-1” dünyada ən çox televiziya tamaşaçısı toplayan ya­rışlardan sayılır. Ümid edirik ki, budəfəki yarış da ölkəmizə gələn qonaqların və yerli sakinlərin yaddaşında unudulmaz izlər qo­yacaq. 

Fidan SALMANOVA,
Elşən AĞALAR (foto)
XQ



Sosial həyat