ABŞ və Avropa İttifaqı Serbiya Baş nazirinin müavini Aleksandr Vulinin Moskvaya son səfərinə sərt reaksiya verib. Buna səbəb A.Vulinin Rusiya kəşfiyyat xidmətlərinə Serbiya rəhbərliyinə kütləvi iğtişaşlar və dövlət çevrilişinə cəhd barədə xəbərdarlıq etdiyinə görə təşəkkür etməsi olub. Vaşinqton ABŞ-nin Serbiyada etirazları qızışdırması ilə bağlı iddiaları “yalan” adlandırıb. Aİ isə Belqrada xəbərdarlıq edib ki, indiki vəziyyətdə Rusiya ilə əlaqələri saxlamaq “Avropa inteqrasiyası prosesi ilə uyğun gəlmir”. Bununla belə, Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədəki etirazların Qərb tərəfindən maliyyələşdirildiyi iddiasından geri çəkilmir.
Dövlət Departamenti ötən şənbə günü “Birləşmiş Ştatların Serbiyadakı etirazlara müdaxiləsi və ya Serbiya hökumətinə qarşı etirazları dəstəkləməsi ilə bağlı hər hansı iddianın yalan olduğunu” deyib. Bu bəyanat son günlər rəsmi Belqradın Qərbin ölkədə litium hasilatına qarşı Serbiyanın hər tərəfini bürümüş etirazları dəstəkləməsi ilə bağlı ittihamlarına cavab olaraq verilib. Xatırladaq ki, əvvəlcə Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya kəşfiyyat xidmətlərindən alınan məlumatlara istinadən müxalifəti Qərb qüvvələrinin köməyi ilə çevriliş hazırlamaqda ittiham edib. Sonra Serbiyanın Baş naziri Miloş Vuçeviç bildirib ki, “Serbiyada “rəngli inqilablar” olmayacaq”.
Eyni məsələ Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulinin ötən həftə Moskvaya səfəri zamanı əsas mövzulardan biri olub. Məlumata görə, baş nazirin müavini rusiyalı həmkarları ilə Serbiyada “gərginliyin süni şəkildə artmasında xarici qüvvələrin fəal iştirakını” müzakirə edib və “Serbiya rəhbərliyinə kütləvi iğtişaşlar və dövlət çevrilişinə cəhd barədə xəbərdarlıq edən Rusiya təhlükəsizlik xidmətlərinə təşəkkür edib”. Öz növbəsində Aleksandr Vulinin Moskvadakı həmsöhbətləri Serbiya rəhbərliyinin Qərblə qarşıdurmada qətiyyətini yüksək qiymətləndiriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bunu birbaşa serb qonağı ilə söhbətində bildirib: “Biz Serbiya Prezidenti Aleksandar Vuçiçin və onun bütün komandasının bu cəhdlərə qarşı durmaqda, Qərbi qıcıqlandıran prinsipləri qorumaqda qətiyyətini yüksək qiymətləndirdik”.
Ancaq Vaşinqton məsələ ilə bağlı səsləndirilən ittihamları qəbul etmir. Dövlət Departamenti bildirib ki, ABŞ-nin Aleksandr Vulinlə bağlı mövqeyi “hamıya məlumdur”. Onlar xatırladıblar ki, Serbiyanın əsas kəşfiyyat xidməti BIA-nın keçmiş rəhbəri, indi isə baş nazirin müavini keçən ilin iyul ayından Amerika sanksiyaları altındadır, o cümlədən “Rusiya ilə əlaqələrə görə qadağalarla üzləşib”. Avropa İttifaqı da öz mövqeyini bildirib. Dövlət Departamentinin bəyanatından bir gün əvvəl Brüssel Serbiyaya xəbərdarlıq edib ki, Rusiya ilə əlaqələri saxlamaq Aİ dəyərləri və Avropaya inteqrasiya prosesi ilə bir araya sığmır.
Bununla belə, Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədəki etirazların Qərb tərəfindən maliyyələşdirildiyi iddiasından geri çəkilmir: “Son üç gün ərzində müxtəlif siyasi QHT-lər tərəfindən ölkəmizə nə qədər pul göndərildiyini diqqətlə öyrənirəm. Bu və son illərdə rekord məbləğlər alınıb, söhbət on və yüz milyonlarla avrodan gedir”. Aleksandar Vuçiç ötən şənbə günü hökumət üzvlərinə zarafatla bu daxilolmaların birbaşa xarici investisiya hesab edilməsini təklif etdiyini də açıqlayıb: “Biz bu məsələdə rekordçu olacağıq”.
Xatırladaq ki, avqustun 10-da Serbiya paytaxtının küçələrinə 27 minə qədər insan çıxıb. Onlar ölkədə litium hasilatına qarşı çıxırlar. Söhbət Avstraliya–Britaniya konserni “Rio Tinto”nun mədən layihəsindən gedir. Avqustun 11-i axşam saatlarında minə yaxın insan Serbiya Nazirlər Kabinetinin binası yaxınlığında nəqliyyatın hərəkətini kəsib və etiraz aksiyalarını davam etdirib.
Əslində, Serbiya hökumətinin narahatlığı əbəs yerə deyil. Qərbin müəyyən institutlarının postsovet ölkələrində, eləcə də keçmiş Varşava bloku üzvlərində QHT-ləri fəal şəkildə maliyyələşdirdikləri heç kimə sirr deyil. Təcrübə göstərir ki, Qərb institutları qanuni prosedurlara, ümumiyyətlə, hörmət etmir və statusu bilinməyən QHT-lərə, təşkilatlara və qurumlara müxtəlif yollarla vəsait ayırırlar. Ona görə də, cənab Vuçiçin Qərbə qarşı ittihamlarında qeyri-adi heç nə yoxdur.
S.ELAY
XQ