Fransa səfiri ermənilərdən də betər ermənidir

post-img

Cənubi Qafqazda gedən proseslərdə hər zaman mənfi rol oynayan, bölgədə davamlı sülhün, əmin-amanlığın və sabitliyin yaranmasına imkan verməyən dövlətlərin önündə, heç şübhəsiz ki, Fransa gəlir. Rəsmi Paris ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olduğu dövrdə zahirən də olsa, özünü tərəfsiz kimi göstərməyə çalışırdı.

Həmin dövrdə mövcud vəziyyət – sta­tus-kvo Ermənistan kimi Fransanı da qane etdiyindən, eyni zamanda, Azərbaycanı tamamilə itirmək istəmədiyindən fran­sızlar necə deyərlər, çox da dərinə get­mək istəmirdilər. Bununla belə, həlledici məqamlarda, məsələn, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Baş Assambleya­sında keçirilən səsvermələrdə ölkəmizin ərazi bütövlüyünün əleyhinə səs verir­dilər. Həmçinin, Fransa Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməsinin qəti əleyhinə idi. Onlar məsələnin sülh yolu ilə həllinə çağırış etməklə, əslində, ölkəmizi işğalla barışmağa çağırırdılar. 

Qırx dörd günlük Vətən müharibəsi zamanı Fransanın, necə deyərlər, simasın­dan maskası düşdü. Paris bütün kartları açaraq, masa üzərinə qoydu. Həmin gün­lərdə rəsmi Paris Azərbaycan Ordusunun Zəfər yürüşünü dayandırmaq üçün əlindən gələni etdi. Obrazlı desək, Fransa, bütün cəbhəboyu ölkəmizin üzərinə hücuma keç­di. Başda prezident Emmanuel Makron ol­maqla ölkənin rəsmi şəxsləri dayanmadan çağırışlar edir, Ermənistanı hər cür dəstək­lədiklərini bildirir, eyni zamanda, Azər­baycana qarşı kampaniya aparırdılar. Fran­sa media subyektləri Azərbaycanın, guya, Suriya və İraqdan muzdlular gətirdiyinə, mülki əhalini, yaşayış məntəqələrini atəşə tutduğuna dair feyk xəbərlər yayırdılar.

Təbii ki, Fransa mediası kimi, ölkənin hakimiyyət orqanları da heç nəyə nail ola bilmədilər. Azərbaycan döyüş əməliyyatla­rını yalnız Ermənistan baş nazirinin işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli təqdim etməsindən sonra dayan­dırdı. Bundan sonra Azərbaycan tərəfi məsələnin siyasi yolla tənzimlənməsi işinə başladı. Qarabağ iqtisadi rayonunun sepa­ratçı rejimin hələ də nəzarətində olan his­səsində yaşayan ermənilərin reinteqrasiya­sı prosesinə start verildi. Milli Məclisin VI çağırış deputatı Ramin Məmmədov Qara­bağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edildi.

2023-cü il martın 1-də Xocalıda ilkin təmaslar aparıldı. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Lakin Bakı bu təmasları davam etdirmək­də israrlı idi. Bizim tələbimiz Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxa­rılması, bölgənin Azərbaycana reinteqrasi­yası, orada yaşayan erməni əsilli şəxslərin ölkəmizin vətəndaşlığını qəbul etmələri idi. Ancaq xarici havadarları Ermənistana və separatçı rejimə 1980-ci illərin sonunda olduğu kimi, şirnikləndirici vədlər, gen-bol dəstək boyun olaraq onlara Azərbaycanın şərtləri ilə razılaşmağa imkan vermədilər. Halbuki, 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıl­ması separatçılara ciddi siqnal olmalı idi. Separatçıların Azərbaycanın şərtləri ilə razılaşmaqdan, könüllü şəkildə təslim ol­maqdan, əfv diləməkdən savayı yolları qalmamışdı. Onlar isə yenə də daşı ətəklə­rindən tökmək istəmirdilər. Yenə də məhz Fransa kimi xarici havadarlar onlara bizim şərtlərimizi qəbul etməyə imkan vermə­dilər. 2023-cü ilin yayında Paris meri Ann İdalqo başda olmaqla Fransanın bir sıra regionlarının Qarabağa humanitar yardım aparmaq adı altında düzənlədikləri şou kampaniyası yaddan çıxmayıb.

Nəticədə Azərbaycan ərazi bütövlü­yünü və dövlət suverenliyini tam təmin etmək istiqamətində qəti addımlar atmaq məcburiyyətində qaldı. Bir sutkadan az müddət ərzində davam edən və lokal xa­rakterli antiterror tədbirləri adlanan həmin tədbirlər xunta rejiminin süqut etməsi ilə nəticələndi. Bununla da Qarabağda se­paratizm ocağı dağıdıldı, ərazilərimiz­dən separatizmin kökü birdəfəlik kəsildi. Xunta rejimi “qlavarları”nın sonuncu ad­dımı erməni əhalinin təcili çıxarılması ilə bağlı xarici direktivlər əsasında verdikləri göstəriş oldu. Burada da məqsəd gələcək­də Azərbaycana təsir və təzyiq göstərmək üçün alətlər formalaşdırmaq idi.

Bir ay sonra Qarabağdakı antiterror tədbirlərinin ildönümü tamam olacaq. Artıq indidən Ermənistanda həmin ha­disələr barədə müzakirələrə start verilib. Haylar ənənəyə sadiq qalaraq, baş vermiş hadisələrin mahiyyətini təhrif etməyə, gözə kül üfürməyə çalışırlar. Onlardan daha artıq ermənilik etməyə cəhd edən isə Fransanın fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinidir. Səfir bugünlərdə yenə də yəqin ki, onu narahat edən “ermənilərin Qarabağa qayıtmaq hüququ”ndan danışıb. O, “X” platformasındakı hesabında yazıb: “Gəlin, öz torpaqlarından qovulmuş Dağ­lıq Qarabağ ermənilərini unutmayaq. On­ların qayıtmaq hüququ Beynəlxalq Məh­kəmə tərəfindən təsdiqlənib”.

Bəri başdan qeyd edək ki, səfir bu fi­kirləri yazmaqla səlahiyyətlərindən kəna­ra çıxıb. 1961-ci ildə qəbul olunmuş və 1964-cü ildə qüvvəyə minmiş “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas bey­nəlxalq hüquqi sənəddir. Həmin sənəddə diplomatik nümayəndəliyin başçısının səlahiyyətlərinin nədən ibarət olduğu açıq-aydın qeyd olunub. Görünür, cənab Dekotini ya konvensiyanı yaxşı oxumayıb, ya da oxuduğu halda səlahiyyətindən kə­nara çıxmağa vərdiş edib. Bütün hallarda ona səlahiyyətinin nədən ibarət olduğunu nəzərdə tutan üçüncü maddəni bir daha xa­tırladırıq.

1. Diplomatik nümayəndəliyin funksi­yaları bunlardan ibarətdir:

– yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək;

– beynəlxalq hüquqla yol verilən hü­dudlarda yerləşmə dövlətində akkreditə edən dövlətin və onun vətəndaşlarının mə­nafelərini müdafiə etmək;

– yerləşmə dövlətinin hökuməti ilə da­nışıqlar aparmaq;

– yerləşmə dövlətindəki şərait və ha­disələri qanuni yolla müəyyən etmək və bunlar haqqında akkreditə edən dövlətin hökumətinə məlumat vermək;

– akkreditə edən dövlətlə yerləşmə dövləti arasında dostluq münasibətlərini təşviq etmək və onlar arasında iqtisadiy­yat, mədəniyyət və elm sahəsində qarşılıqlı münasibətləri inkişaf etdirmək.

Səfir Dekotini Ermənistanda Fransa Respublikasının maraqlarını təmsil etdi­yini unudub. Onu da unudub ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisidir. Azər­baycan 1992-ci ildə BMT-yə indiki sərhəd­ləri daxilində, yəni 86,6 min kvadratkilo­metr hüdudları çərçivəsində qəbul olunub. Azərbaycan torpaqları, o cümlədən burada yaşayan şəxslərlə bağlı hər hansı fikir səs­ləndirmək Fransa səfirinin həddi deyil.

Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, bu gün Ermənistan rəsmiləri Qarabağ erməniləri barədə danışmağı fak­tiki olaraq dayandırıblar. Burada sual yara­nır: Niyə fransalı diplomatlar və deputatlar ermənilərin Qarabağa qayıtması barədə hətta, Ermənistan rəsmilərindən də çox danışırlar? Fransanın burada marağı nədir? Cənab Dekotini başa düşmür ki, Qarabağ erməniləri qayıtsalar, onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkəmizin qa­nunları çərçivəsində yaşamalı olacaqlar. Çünki beynəlxalq hüquqa görə, onların sa­dəcə olaraq, başqa variantı yoxdur.

Onu da bildirək ki, səfir bugünlərdə sosial şəbəkə hesabında daha bir təxribatçı paylaşım edib. Lilit Şahverdyan adlı tələ­bə qızla birgə fotosunu paylaşan diplomat yazıb: “Dağlıq Qarabağdan olan tələbə Lilit Şahverdyan bu tədris ilinin əvvəlin­dən Paris Siyasi Araşdırmalar İnstitutunda təhsil alacaq. Bu parlaq uğur həm də onun əziyyət çəkmiş həmyaşıdları üçün ümid rəmzidir. Bu yolda ona dəstək olan və onu müşayiət edən hər kəsə təşəkkür edirəm”.

Bu paylaşımın özü də qeyd etdiyimiz kimi, Fransa səfirinin daha bir təxribatçı addımıdır. Həmin Lilit və onun həmya­şıdları Fransa kimi xarici havadarların Qarabağ ermənilərinin reinteqrasiyası­na imkan verməmələri səbəbindən 11 ay öncə bölgəni tərk etməli olublar. Səfirin qəlbinin dərinliyində bunu bildiyi halda bu cür paylaşımlar etməsi, sadəcə, ikrah hissi doğurur.

Rasim MUSABƏYOV, 
politoloq

– Dekotini bu mövzunu yalnız yerli auditoriyanı sevindirmək və “Artsax” adlanan məsələni media məkanında gündəmdə saxlamaq üçün qaldırır. Mən buna əminəm. Çünki nə Fransa, nə də Ermənistan bu mövzunu bey­nəlxalq arenada canlandırmaq, Azər­baycanı onun müzakirəsinə cəlb etmək iqtidarında deyil. Boş yerə səy göstə­rirlər. Bakı bu məsələni nə İrəvanın, nə Parisin, nə də başqasının iştirakı ilə müzakirə etmək niyyətində deyil. Biz yalnız Qarabağda dünyaya gəlmiş erməni əsilli şəxslərin dövlətimizin hakimiyyət orqanlarına və qanunlarına sadiq olacaqları təqdirdə Azərbaycana qayıdışını leqallaşdırmaqla bağlı fərdi müraciətlərinə baxmağa hazırıq.

Səxavət HƏMİD
XQ



Siyasət