Yaxınlaşan prezident seçkiləri bu sualı qəti olaraq cavablandıracaq
Oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçiriləcək. Əgər ilk turda namizədlərdən biri tələb olunan səs çoxluğunu (50 faiz +1) əldə edə bilməsə, yeddi gün sonra ikinci tur olacaq. ŞKTC-ə kimin lider seçiləcəyi Türkiyə ilə münasibətlərin gələcək xəttini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın Kipr türklərinə dəstəyinin siyasi çərçivəsini gücləndirəcək. Eyni zamanda bu proses Türk dünyasının geosiyasi xəritəsində yeni istiqamətlərin cızılması, ŞKTC-nin beynəlxalq səviyyədə tanınma məsələsinin yenidən gündəmə gəlməsi və “bir millət, çox dövlət” konsepsiyasının praktik gücünün sınağa çəkilməsi kimi simvolik məna daşıyır. Bu səbəbdən, 19 oktyabr seçkiləri həm regionun taleyi, həm də Türk dünyasının gələcək siyasi koordinasiyası baxımından diqqətlə izlənilən mühüm hadisədir.
Seçkilərdə yarışacaq namizədlər Şimali Kiprin siyasi spektrini tam əks etdirir. Əsas rəqabət hazırkı prezident, Milli Birlik Partiyasının (UBP) lideri Ərsin Tatar və Respublikaçı Türk Partiyasının (CTP) sədri, sabiq baş nazir Tufan Ərhürman arasında gedir. Millətçi-sağ qanadın nümayəndəsi Tatar seçki kampaniyasında ŞKTC-nin müstəqilliyini, Türkiyə ilə sıx münasibətlərin qorunmasını və “3D” – birbaşa əlaqə, birbaşa ticarət, birbaşa uçuşlar planını önə çəkir. Onun əsas tezisi “iki dövlətli model”in gücləndirilməsi və Türk ordusunun regiondakı varlığına söykənir. “İki dövlətli model” Şimali və Cənubi Kiprin ayrı-ayrılıqda müstəqillik qazanması və iki dövlət arasında münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Buna qarşı olan CTP lideri Ərhürman daha çox federativ həll yolunu, Avropa Birliyinə inteqrasiya və beynəlxalq dialoqu ön plana çıxarır. Onun seçkiyə liberal və sosial-demokrat xətt gətirdiyi müşahidə olunur.
Seçki mühitində əsas diqqət yenə Türkiyənin təsir imkanları ətrafında cəmləşir. 2020-ci il seçkilərində olduğu kimi, bu dəfə də Ankara amili həm daxili debatların, həm də beynəlxalq müşahidələrin mərkəzindədir. Şimali Kipr yalnız bir dövlət – Türkiyə tərəfindən tanındığı üçün beynəlxalq ictimaiyyət bu seçkiləri legitim hesab etmir. Böyük Britaniya rəsmən bəyan edib ki, ŞKTC-də prezident seçkilərinə müşahidəçi göndərməyəcək. BMT və Avropa İttifaqı tərəfindən bu səsvermə “mübahisəli” hadisə kimi qiymətləndirilir.
Türkiyə rəsmiləri və Ankaraya yaxın dairələr isə bu prosesi Kipr türklərinin hüquqlarının tanınması istiqamətində mühüm addım kimi təqdim edirlər. Türkiyəli mütəxəssislərin fikrincə, bu seçkilər ŞKTC-nin beynəlxalq statusunu gündəmə gətirəcək və Türk icmasının “bərabər hüquqları”nı nümayiş etdirəcək. Rəsmi beynəlxalq müşahidəçilərin olmamasına baxmayaraq, Şimali Kipr hakimiyyəti və Türkiyə müəyyən dost dövlətlərdən və təşkilatlardan seçkiyə nümayəndə dəvət etmək niyyətindədir. Beləliklə, seçkilərin beynəlxalq müstəvidəki önəmi ŞKTC-nin tanınması məsələsi ilə bağlıdır.
Şimali Kipr Türk dünyası üçün təkcə siyasi müstəvidə deyil, həm də mədəni kimlik baxımından simvolik əhəmiyyət daşıyır. 2022-ci ildə ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində dəvət olunması türk dünyasının həmrəylik jesti kimi dəyərləndirildi. Bu addım Türk birliyinin coğrafi miqyasını Türküstanın geniş çöllərindən Aralıq dənizinin sahillərinədək uzanan strateji xəritəyə çevirdiyini göstərir. Rəsmi Bakı ŞKTC-yə daim açıq dəstəyini nümayiş etdirib. Prezident İlham Əliyev çıxışlarında Kipr türklərini “bizim qardaşlarımız” adlandıraraq, onların haqlı mövqeyini müdafiə etdiyini vurğulayıb. ŞKTC-nin hazırkı prezidenti Ərsin Tatar qeyd edib ki, İlham Əliyev hər zaman Şimali Kiprin yanında olub.
Oktyabr seçkilərinin nəticələri təkcə daxili siyasi balansı deyil, həm də ŞKTR-in xarici əlaqələrinin istiqamətini müəyyən edə bilər. Əgər hazırkı prezident Ərsin Tatar yenidən qalib gəlsə, onun Türkiyə ilə sıx əməkdaşlığa əsaslanan kursu davam edəcək. “İki dövlətli” yanaşma, 3D təşəbbüsləri və Ankara ilə əlaqələrin daha da dərinləşdirilməsi Lefkoşanın prioritetləri olaraq qalacaq. Əgər seçkilərdə Tufan Ərhürman önə çıxarsa, CTP-nin federasiya yönümlü siyasəti yenidən aktuallaşa bilər. Onun Avropa ilə inteqrasiyanı vurğulayan ritorikası adanı beynəlxalq aləmə yaxınlaşdırmaq məqsədi daşıyır. Amma bu xəttin Ankaranın iki dövlət prinsipinə əsaslanan mövqeyi ilə toqquşma ehtimalı var. Bu halda, ŞKTC daxili siyasətdə yeni dinamika yarana bilər: prezident parlamenti buraxmaq səlahiyyətindən istifadə edərək erkən seçkilərə gedə və fərqli koalisiya modellərinin meydana çıxmasına şərait yarada bilər.
Hər iki ssenaridə nəticələrin təsir dairəsi yalnız Şimali Kiprlə məhdudlaşmayacaq. Tatar qalib gəldiyi halda ŞKTC-nin Türk Dövlətləri Təşkilatındakı rolu möhkəmlənəcək, Ərhürmanın seçilməsi isə daha çox dialoq və federasiya yönümlü müzakirələri gündəmə gətirəcək. Azərbaycan və Mərkəzi Asiyadakı türk dövlətlərinin Kiprlə gələcək əməkdaşlığın məzmunu məhz bu seçkilərin konturlarından asılı olacaq.
Nəticə etibarilə, oktyabr səsverməsinin həm ŞKTC-nin daxili islahat kursunu müəyyənləşdirəcəyi, həm də Türkiyə və bütövlükdə Türk dünyası ilə münasibətlərin gələcək istiqamətinə strateji yön verəcəyi şübhəsizdir.
Hasan OKTAY,
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq
Şimali Kipr Türk Cümhuriyyətində bu günədək Rauf Denktaş, Mehmet Ali Talat, Derviş Əroğlu, Mustafa Akıncı və Ersin Tatar prezident vəzifələrini icra ediblər. 19 oktyabrda keçiriləcək seçkilərdə hazırkı prezident Ərsin Tatar, Tufan Ərhürman, Sərdar Denktaş və Mehmet Hasgülər yarışacaqlar. Ərsin Tatar qalib gələrsə, o, Kiprin beşinci prezidenti kimi vəzifəsinə davam edəcək.
Türkiyə ŞKTC-ni yaxından izləyərək, seçkilərin demokratik prinsiplərə uyğun keçməsini arzulayır. Mehmet Ali Talat və Mustafa Akıncı prezidentlik dövrlərində Türkiyə ilə müəyyən problemlər yaşanmışdı. Xüsusilə Cənubi Kipr siyasəti və Avropa İttifaqının siyasəti ilə bağlı fikir ayrılıqları olsa da, nəticədə Türkiyə ilə razılaşdırılmış addımlar atıldı.
Prezidentlik tarixçəsinə baxdıqda, Denktaşla mərkəz-sağ, Mehmet Ali Talatla sol, sonra Derviş Əroğlu ilə mərkəz-sağ, Mustafa Akıncı ilə isə sol meyilli prezidentlərin seçildiyi müşahidə olunur. Ərsin Tatar prezident vəzifəsini mərkəz-sağ tərəfdən icra edir, onun ən böyük rəqibi Tufan Ərhürman isə seçkiyə solu təmsil edərək qatılır.
Kiprin gələcək prezidenti üçün əsas problemlər Cənubi Kiprlə aparılan danışıqlar və Aİ ilə münasibətlərdir. Həmçinin Şərqi Aralıq dənizindəki enerji mənbələri və İsrailin Yaxın Şərqdəki mövqeyi Lefkoşanın siyasətinə təsirsiz ötüşmür. Buna görə Türkiyə yola Ərsin Tatarla davam etməyi üstün tutur. Digər tərəfdən, Kiprin dayanıqlı iqtisadiyyat qurması üçün ciddi işlər görmək vacibdir. Bu baxımdan, Türkiyədən yüksək səviyyədə dəstək alınması zəruridir. Kipr xalqı bu prosesin Ərsin Tatarla daha uğurla idarə olunacağını düşünərək ona səs verməyə hazırdır. Tufan Ərhürmanın yaxşı hüquqşünas olması, danışıqlarda iştirak etməsi, Türkiyədə fəaliyyət göstərməsi və Kiprdə baş nazir vəzifəsini icra etməsi ilə diqqətçəkən müxalifət lideridir.
Toğrul İSMAYIL,
Ankara Universitetinin professoru, politoloq
Şimali Kiprdə 19 oktyabrda keçiriləcək prezident seçkilərinin nəticəsi ikili təsirə malik ola bilər. Əgər Türkiyəyə yaxın mövqeyə malik namizəd qalib gələrsə, Bakı ilə Lefkoşa arasındakı əlaqələrin daha rahat və sürətli inkişafı üçün əlverişli zəmin formalaşacaq. Son illər təhsil, mədəniyyət və humanitar sahələrdə artan əməkdaşlıq bu xəttin güclənməsi ilə daha da genişlənə bilər. Əksinə, federasiya yanaşmasını müdafiə edən bir liderin önə çıxması Azərbaycanın Şimali Kiprlə açıq siyasi əməkdaşlığında daha diqqətli və balanslı davranmasını zəruri edəcək. Bakı beynəlxalq hüquqi nəzərə alaraq Kipr məsələsində həssas mövqeyini qorumağa çalışır.
Türkiyə üçün bu seçkilər birbaşa strateji əhəmiyyət kəsb edir. Ankara Şimali Kiprin əsas siyasi, iqtisadi və təhlükəsizlik təminatçısıdır və adada Türkiyəyə yaxın qüvvələrin güclənməsi Ankaranın Şərqi Aralıq dənizindəki enerji siyasəti və geosiyasi mövqelərini möhkəmləndirəcək. Əks halda, federasiya tərəfdarlarının qalib gəlməsi Türkiyənin bölgədəki təsir dairəsini daralda, həm də Avropa İttifaqı və BMT-nin təsir imkanlarını artıraraq balansı dəyişdirə bilər.
Türk dünyası kontekstində isə bu seçkilər yeni imkanlar və ya məhdudiyyətlər yarada bilər. Türkiyə ilə sinxron siyasət yürüdən bir rəhbərliyin hakimiyyətə gəlməsi Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq perspektivlərini də gücləndirəcək, hətta müşahidəçi statusu və ya müxtəlif iqtisadi-humanitar platformalarda iştirak kimi yeni açılımlar gətirə biləcək. Yox, əgər federasiya yanaşması ön plana çıxarsa, Lefkoşanın diqqəti daha çox Avropa İttifaqı və BMT çərçivəsində status axtarışlarına yönələcək ki, bu da Türk dünyası ilə əlaqələrin ikinci plana keçməsi ehtimalını artıracaq.
Tacir SADIQOV
XQ