Ölkəmiz etibarlı tərəfdaşlıq, səmimi dostluq və mehriban qonşuluq prinsiplərinə sadiqdir
Rusiya Azərbaycanın ən böyük müttəfiqi, qonşusu və ticarət partnyorudur. Ölkələrarası, xalqlararası münasibətlərin elə bir sahəsi yoxdur ki, orada hansısa bir problem yaşansın, qarşılıqlı anlaşma, səmimi dostluq və mehriban qonşuluq münasibətlərinə ciddi xələl gətirmiş olsun. Tarixi reallığın özü bizi bir-birimizə möhkəm tellərlə bağlayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev Bakıda qəbul edilən sənədlərin, ilk növbədə, prezidentlərin Birgə Bəyanatının ikitərəfli münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini önə çəkdi.
Azərbaycan Prezidenti səfərin yekunları ilə bağlı mətbuata bəyanatında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini ayrıca qeyd etdi: “Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən”.
İki dövlət arasında 2022-ci il fevralın 22-də imzalanmış sənədi xatırlatmağımız yetər ki, münasibətlərin miqyasını və dərəcəsini təsəvvürümüzdə canlandıra bilək. O vaxt Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə söykənən dövlətlərarası münasibətləri keyfiyyətcə yeni və ən yüksək fazaya – müttəfiqlik səviyyəsinə qaldırdı.
Bugünədək ölkələrin rəhbərləri arasında çoxsaylı qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişaf dinamikasını şərtləndirir. Axı, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Rusiyanın Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasındakı rolunu necə danmaq olar? Bunun əhəmiyyətini azalda bilmərik.
* * *
Son dörd ildə Cənubi Qafqazın şəriksiz liderinə çevrilmiş Azərbaycanın qazandığı uğurlar genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərin islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Əslində, bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, İqtidar–Xalq–Ordu formatında səfərbər olunmuş cəmiyyətin həmrəyliyini daha da möhkəmləndirir. Məhz bunun nəticəsində daxili siyasətin davamı, həm də onun tamamlayıcı halqası olan xarici siyasət istiqamətində də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi getdikcə güclənməkdədir.
İndi Azərbaycanla hamı hesablaşır. Hətta dünənədək bizi müstəqil dövlət kimi qəbul etməyə meyilli olmayanlar bu gün enerji daşıyıcıları üzrə partnyorlarımıza çevrilirlər. Bu aspektdən yanaşdıqda Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışması təsadüfi sayılmamalıdır. Azərbaycan hasil etdiyi təbii qazın Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə Avropaya nəqlini nəzərdən keçirdi. Əlbəttə ki, belə bir təklif Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilmişdi.
Qarşılıqlı faydalı, Azərbaycan üçün isə gəlirli layihə hesab olunan bu proqramın reallaşması yalnız iqtisadi maraqlara söykənir. Yəni, Aİ üzvü olan ölkələrlə enerji tərəfdaşlığımız heç bir halda Azərbaycanın Rusiya və Ukrayna ilə yaxın münasibətlərinə xələl gətirə bilməz. Çünki Prezident İlham Əliyevin istər regional, istərsə də beynəlxalq arenada yürütdüyü siyasəti, balanslaşdırılmış diplomatiyası Azərbaycanın bir tərəfdən Rusiya ilə düzgün qurulmuş münasibətləri uğurla davam etdirməsinə, digər tərəfdən ölkəmizin qarşısında duran tarixi vəzifələrin həllinə nail olmasına münbit siyasi şərait yaradır. Bakı hamı ilə açıq və səmimi münasibətlər qurmaqda, bütün sahələr üzrə əməkdaşlıq etməkdə maraqlıdır. Burada inam və etibar məsələsi də az rol oynamır. Azərbaycan məhz arxalana, güvənilə bilən tərəfdaş olduğunu konkret addımları və işi ilə sübuta yetirib. Artıq ölkəmiz bütün partnyorları, hətta bədxahları tərəfindən də bu ampluada, yəni, necə varsa, elə də qəbul olunur.
* * *
Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq coğrafiyada mövqeyinin möhkəmlənməsi danılmaz həqiqətdir. Bunu Bakıya rəsmi səfərə gələn xarici dövlət və hökumət başçıları da etiraf edirlər.
Rusiya Prezidenti Vladimir Putin iki gün əvvəl Bakıya dövlət səfərinin yekunlarına dair mətbuata verdiyi açıqlamasında bu amili xüsusi vurğulaması təsadüfi deyildi: “Aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik. Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların həllinə kömək edəcək”.
İkitərəfli danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına diqqət yetirildiyini bildirən Rusiya lideri bunu qanunauyğunluq kimi dəyərləndirdi: “Çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır”.
Prezident İlham Əliyevin də Rusiya ilə münasibətlərə xüsusi diqqət yetirməsi həmişə hiss olunub. Azərbaycan və Rusiya arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafı dövlət başçıları arasında formalaşmış, səmimiyyətə və dostluğa söykənən şəxsi münasibətlərin müstəsna rol oynadığı mütləq qeyd olunmalıdır. Siyasi bacarığı, diplomatik fəhmi ilə qazandığı statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunu həyata keçirərkən, yeri gələndə, prinsipiallıq və qətiyyət nümayiş etdirir.
Azərbaycan liderinin müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblərin təmsilçiləri tərəfindən də qəbul edilir və müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə uyğun məsafədən davranması, düzgün mövqe seçməsi, ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə loyal münasibətin formalaşmasını şərtləndirən amillərdəndir. Bu amil neçə illərdir ki, rəsmi Bakının konkret əmllərində özünü büruzə verib. Təməlində qarşılıqlı hörmət, milli maraqlardan çıxış edən müstəqil siyasət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan Bakı–Kreml münasibətləri zamanın sınağından üzüağ çıxıb. Buna misal olaraq, 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarında general Gerasimov ilə NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı Kertis Skaparatti, 2019-cu ilin iyul ayında Rusiyanın ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq qüvvələrinin ali baş komandanı Tod Uolters arasında və nəhayət, 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi komitəsinin sədri, Aviasiya baş marşalı Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsini göstərə bilərik. Bir-birinə əks hərbi alyanslara mənsub iki ölkənin yüksək çinli şəxsləri arasında görüşü təşkil edən Azərbaycan rəhbərliyi bununla sülhə nə qədər açıq olduğunu nümayiş etdirir.
Bəli, Azərbaycan qucağını sülhə açıb. Bu zaman hətta keçmiş umu-küsüləri unudaraq yeni dövrün çağırışlarına səs verir, hamı ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Müharibənin alovuna bürünmüş Ukraynanın istər rəsmi, istərsə də qeyri-rəsmi dairələri Azərbaycanın yürütdüyü xarici siyasəti digər ölkələrə nümunə göstərirlər. Onlar Prezident İlham Əliyevin uzaqgörən diplomatik səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini gözəl anlayırlar. Bakının milli məqsədlərə tam nail olduğunu qeyd edən ukraynalı siyasətçilər bunu yüksək qiymətləndirirlər. Təqdiredicidir.
Bəli, Azərbaycan artıq dünyada dialoq məkanı, Bakı isə qlobal çağırışlar tribunası kimi tanınır. Ölkəmiz yaxın qonşuları, Xəzər hövzəsinə daxil olan dövlətlərlə, eləcə də Ukrayna ilə açıq, səmimi münasibətlərini qoruyub saxlayır. Bakı bunu dəfələrlə bəyan edib ki, Rusiya–Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində öz imkanlarından istifadə etməyə, barışıq üçün vasitəçi olmağa hazırdır. Bu xoşməramlı jestin Kremlin indiki sahibinin məmnunluqla qəbul etməsini onun adekvat reaksiyası sübuta yetirir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir. Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək”.
Rusiya Prezidenti Vladimir Putinin qeydlərimizə təkan verən açıqlamasını onun səmimi dialoq atmosferində keçən Bakıya ikigünlük dövlət səfərinin məntiqi yekunu saya bilərik.
İmran BƏDİRXANLI
XQ