Aqrar sığorta kəndlinin etibarlı himayədarıdır

post-img

7 ayda fermerlərə 3,25 milyon manat ziyan ödənişi edilib

İqlim dəyişikliklərinin mənfi təzahürü olan təbii fəlakətlər kənd təsərrüfatına daha çox ziyan vurur. Müşahidələr göstərir ki, hər il minlərlə hektar əkin sahəsi və meyvə bağları müxtəlif təbiət hadisələrinin: leysan yağışları, dolu, qasırğa, fırtına, sel-subasma kimi halların təsirinə məruz qalır. Nəticədə, əkin-biçin adamının minbir əziyyətlə yetişdirdiyi məhsul bir andaca məhv olur. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri bildirirlər ki, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin 63 faizi məhz kənd təsərrüfatının payına düşür.

Son illər Azərbaycanda da gözlənil­məz təbiət hadisələri getdikcə daha çox hiss olunur. Təbiətin ani şıltaqlığından ən çox ziyan görən isə fermerlər olur. Bu da bəzən onların əlini işdən soyudur, əkin-bi­çinə maraqlarını azaldır. Ölkəmizdə bir neçə il əvvəl tətbiqinə başlanmış aqrar sığorta mexanizmi isə kəndlini müxtə­lif təbiət hadisələrinin vurduğu ziyandan qoruyur, onun sabaha inamını artırır. Ar­tıq Aqrar Sığorta Fondu kimi himayədarı olan fermerlər, əkin-biçin adamları özlə­rini daha arxayın və güvənli hesab edirlər. Elə aqrar sığorta mexanizmi də hər an, hər yerdə kəndlinin yanındadır. Təbii fəlakət­dən ziyan görmüş fermerin bununla bağlı müraciəti daxil olan kimi fondun ekspert­ləri dərhal təsərrüfatlara baxış keçirərək dəymiş ziyanı yerindəcə müəyyənləşdirir, əkin-biçin adamına veriləcək sığorta ödə­nişinin məbləğini təyin edirlər. 

Bunun nəticəsidir ki, son zamanlar Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi getdikcə genişlənir. Təkcə onu demək kifayətdir ki, hazırda bu mexa­nizm üzrə ölkədə 450 min hektara yaxın əkin sahələri sığortalanıb. Aqrar sığortanın əhatə etdiyi əkinlərə isə buğda, arpa, qar­ğıdalı və pambıqla yanaşı, fındıq, çəltik, şəkər çuğunduru, günəbaxan, qarpız, əksər meyvə bağları və digər bitkilər aiddir. Bun­dan əlavə, cari ilin ötən dövründə ölkə üzrə 1917 baş mal-qara sığorta edilib. Ümumi­likdə, hazırda Azərbaycanda fermerlərə 48 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə isə 8 riskdən sığorta təminatı təklif edilir. Artıq fermerlərin 96 faizi üçün aq­rar sığorta xidmətlərinin əlçatanlığı təmin edilib. Yaxın illərdə isə ölkəmizdə aqrar sığortanın əhatə dairəsinin daha da geniş­ləndirilməsi nəzərdə tutulur. 

Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqovun bildirdiyinə görə, cari ilin yanvar-iyul aylarında Azərbaycan­da 11,3 milyon manat aqrar sığorta haqqı toplanılıb ki, bunun da 10,2 milyon ma­natı bitkiçilik, 1,1 milyon manatı isə hey­vandarlıq sahələrinin payına düşüb. Onun sözlərinə görə, ötən 7 ay ərzində fond tərə­findən fermerlərə 3 milyon 250 min ma­natdan artıq sığorta ödənişi edilib. Bunun da 2 milyon 573 min manatı bitkiçilik, 678 min manatı isə heyvandarlıq sığortası üzrə verilib. Təkcə iyul ayında fermerlərə ödə­nilmiş 386 min manat sığorta məbləğinin 330 min manatı bitkiçilik, 57 min manatı isə heyvandarlıq sahələrinin payına düşüb. Artıq fond tərəfindən 8,2 milyon manatlıq sığorta ehtiyatı yaradılıb. İlin sonuna qə­dər isə bu məbləğin 11,4 milyon manata çatdırılacağı gözlənilir. 

Bu ilin ötən dövründə ölkənin ayrı-ayrı bölgələrində müşahidə edilən güclü külək, qasırğa, fırtına, dolu və güclü yağışlar əkin sahələrinə və təsərrüfatlara xeyli zərər vurub. Təsərrüfatlarda baş verən sığorta hadisələri ilə bağlı Aqrar Sığorta Fon­duna 1700-ə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti Şamaxı, Qo­bustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Fü­zuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Bilə­suvar, Şəmkir, Qusar, Qax və digər rayon­larına aid olub. Həmin müraciətlər ümumi­likdə, 140 min hektar əkin sahəsini əhatə edib. Ümumilikdə isə, buğda, arpa, qar­ğıdalı, pambıq, şəkər çuğunduru, fındıq, günəbaxan və tütün bitkiləri, eləcə də na­rıngi, şaftalı və ərik bağları ilə bağlı müra­ciətlərin sayı daha çox olub. Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir. Belə ki, sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə, fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.

Aqrar Sığorta Fondundan verilən mə­lumata görə, müraciətlərin bir hissəsi sı­ğortası olmayan əkin sahələrini əhatə edib. Sığorta müqaviləsinin olmaması səbəbin­dən isə həmin müraciətlər üzrə heç bir ödə­niş edilməyib. Odur ki, fond əkin sahələri­nin təbiət hadisələləri və digər risklərdən qorunması üçün fermerləri təsərrüfatlarını sığorta etməyə çağırır.

Bu arada, Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin ha­zırlığı üzrə növbəti təlimlərə start verilib. Fonddan verilən məlumata görə, 2024-cü il ərzində sayca ikinci olan budəfəki təlimə ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd qatılıb. Təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyən zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərərin hesablanması üzrə biliklər verilir. Avqustun 19-da başlanmış təlimlər­lə əlaqədar keçirilən tədbirdə Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri F. Sadıqov aq­rar sığortanın əhatəsinin sürətlə genişlən­diyi bir şəraitdə müstəqil aqrar sığorta eks­perti institutunun vacibliyini qeyd edib. O, deyib ki, aqrar sığorta ekspertlərinin sayı­nın artması və bütün ölkəni əhatə etməsi sı­ğorta hadisələri ilə bağlı müraciətlərə daha tez reaksiya verməyə, hadisə nəticəsində dəyən zərərlərin sürətli tənzimlənməsi və fermerlərə ödənişlərin daha tez həyata ke­çirilməsinə imkan verəcək.

Qeyd edək ki, avqustun 25-dək da­vam edəcək təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak edəcək və müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.

İqtisadiyyat