Saxta diplomların üzünə qapılar bağlıdır

post-img

Seçim düzgün edilməsə, illərin zəhməti hədər gedər

Xaricdə təhsil almaq bir çox gənc üçün yeni imkanların açarı, geniş üfüqlərin mayakıdır. Bəzən bu yol arzularına çatmaq, bəzən də sadəcə “diplomlu” görünmək üçün seçilir. Amma hər kəsin gözündən yayınan, çox vaxt da ən acı şəkildə öyrənilən reallıq var: diplomun təsdiqi ən az tədrisin özü qədər önəmlidir.

İllərini təhsilə sərf edən, böyük vəsait xərcləyən tələbələrin “tanınmır” möhürü ilə rastlaşanda yaşadığı sarsıntını təsəvvür etmək çətin deyil. O an diplom dəyərli sənəd yox, adi kağız parçasına çevrilir, tələbənin illərlə qurduğu xəyallar isə puç olur. Bu səbəbdən xaricdə təhsil seçimi yalnız universitetin adı və ya şəhərin cazibəsi ilə ölçülməməlidir. Əks halda, gözləntilər və reallıq arasındakı uçurum gəncləri məyusluq, peşmanlıq və mənasız fədakarlıqların girdabına sürükləyə bilər.

Ankaranın OSTİM Texniki Universitetində təhsil alan Kənan İsmayılov deyir ki, diplomum təsdiq olunmayanda elə hiss etmişdim ki, sanki bütün arzularım külə dönüb, havaya sovrulur. Bu hisslərdən doğan emosiyalarla da onu yandırmışdım:

- 3 il bakalavr təhsili almışam. Özəl universitet idi, turizm menecment bölümündə oxuyurdum. Oxuduğum illərdə dərslərimə ciddi yanaşır, öhdəmə düşənləri məsuliyyətlə yerinə yetirirdim. Heç bir fəndən geridə qalmamış, bütün proqramı normal şəkildə tamamlamışdım. Lakin Azərbaycana qayıdanda dedilər ki, bu diplom tanınmayacaq, çünki təhsil aldığım universitet özəl statusludur. O an içimdə böyük məyusluq yaşadım. Üç il boyunca verdiyim zəhmət, çəkdiyim maddi və mənəvi əziyyət dəyərdən düşdü. İllərim hədər oldu. Həmin universiteti və ixtisası seçərkən mənə xaricdə təhsil xidməti göstərən şirkətlərdən biri yardım etmişdi. Amma anladım ki, gələcəyi başqalarının seçiminə həvalə etmək çox ağır nəticələr doğura bilər. Sonralar mən boş dayanmadım. Kurslara qatıldım, sertifikat qazandım və bu gün həmin sertifikatla işləyirəm. Amma içimdə yanmış diplomun ağrısı, həmin illərin boşluğu qalıb. Ən pisi də odur ki, mən dərslərimdə zəif olmamışdım, heç bir problemim yox idi. Sadəcə seçdiyim yol səhv idi.

Universitetə müraciət edəndə mənə dedilər ki, Azərbaycanda bu diplom tanınmasa da istənilən Avropa ölkəsində təsdiqlənəcək. Amma nəticə dəyişmir. Bu hadisə mənim üçün dərs oldu ki, xaricdə təhsil seçimi zamanı emosiyalara, şirin vədlərə aldanmaq olmaz, eynən mənim kimi...

Kənanın başına gələnlər xaricdə təhsil alıb diplomu tanınmayan tələbələrin üzləşdikləri ümumi problemləri ortaya qoyur. Bu problemi anlamaq və həll yollarını araşdırmaq üçün mövzu ilə bağlı ekspertə müraciət etdik. Təhsil ­eksperti Rizvan Fikrətoğlu məsələnin strateji tərəflərini şərh edərək diplomların tanınması risklərini minimuma endirməyin yollarından danışdı:

- Xaricdə təhsil alan tələbələrin əsas problemlərindən biri diplomların Azərbaycanda tanınmamasıdır. Ratifikasiya prosesi olmadan diplomlar hüquqi qüvvəyə malik deyil və tanınma həm ölkədən, həm də universitetin və ixtisasın statusundan asılıdır. Bu proses Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Tanınma problemləri əsasən Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, bəzi Mərkəzi Asiya ölkələri, bəzi Şərqi Avropa və Asiya universitetlərində müşahidə olunur. Səbəb özəl, lisenziyasız və yalnız kommersiya məqsədli ali məktəblərin fəaliyyətidir.

Tibb, stomatologiya, hüquq və pedaqoji ixtisaslarda diplom tanınması daha çətindir, çünki praktik təcrübə, klinik baza və müəllim heyəti standartlara cavab verməlidir. Distant və onlayn təhsil, eləcə də qeyri-əməli ixtisaslarda diplomlar əksər hallarda tanınmır. Bundan əlavə, beynəlxalq reytinqlərə diqqət yetirmək faydalıdır. ­“Times higher education” və ya Şanxay reytinqlərində universitetin mövcudluğu onun nüfuzunun göstəricisidir. Doğrudur, bu siyahılarda olmamaq diplomun tanınmaması demək deyil, lakin tanınma ehtimalını azalda bilər. Nəticə etibarilə xaricdə təhsil üçün sistemli araşdırmaya əsaslanan seçimlər ön planda olmalıdır. 

Diplomun tanınmaması həm əmək müqavilələri, həm sosial təminatlar, həm də məsuliyyət baxımından müəyyən məhdudiyyətlər yaradır. Mövzu ilə bağlı daha dolğun və dəqiq məlumat almaq üçün hüquqşünas Amid Əsgərovun da fikirlərini öyrəndik:

- Proses Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Qanun, xüsusilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və digər normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. 

Şikayətçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi haqqında qərardan 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Sənədlərin lazımi qayda da təsdiq olunmaması, müvafiq arayışın, tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiqləyən sənədin əlavə edilməməsi və s. hallarda həmin səbəb aradan qaldırılmaqla məsələ həllini tapa bilər. Lakin digər hallarda məsələnin alternativ həll yolu nəzərdə tutulmamışdır. İlk növbədə tanınmadan imtina qərarına diqqət yetirmək lazımdır. 

Təhsil müəssisəsi xarici ölkədə fəaliyyət göstərdiyi üçün fəaliyyəti həmin ölkənin qanunvericiliyi ilə tənzimlənir. Əgər təhsil müəssisəsi təhsil alana yanlış məlumat verər və ya hər hansı formada saxtakarlıq edərsə və bunun nəticəsində təhsil alana ziyan dəyərsə o zaman təhsil alan şəxs məhkəməyə müraciət edə bilər.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, bu ilin iyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. 

Xaricdə təhsil almağın əziyyəti də, üstünlüyü də böyükdür: fərqli mədəniyyətlər, yeni insanlar, yüksəkkeyfiyyətli təhsil… Amma hər uğurlu təhsilin əsası yalnız hüquqi və inzibati aspektlərin düzgün olmasındadır. Bilik insana qanad verir, lakin düzgün seçim etmədikdə arzular puç olur.

Fidan ƏLİYEVA
XQ

 

Təhsil