Qardaş Türkiyə ilə enerji mübadiləsi
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı üçün müvafiq işlər aparılır. Bununla bağlı “Karub Enerji Sənaye və Ticarət”, “Nobel Energy Management” və “Baltech Enerji” şirkətlərinin nümayəndələri ilə muxtar respublikanın Dövlət Energetika Xidmətinin nümayəndələri arasında müxtəlif görüşlər keçirilib, ətraflı müzakirələr aparılıb. Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 3 avqust 2021-ci il tarixli müvafiq əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında müxtəlif səmərəli görüşlər keçirilib. Həmin görüşlərdə hər iki tərəfdə olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.
Yaxın zamanlarda isə bununla bağlı “Əməliyyat müqaviləsi”nin imzalanması planlaşdırılır. Qeyd edək ki, Türkiyə–Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.
Gübrələrdən istifadə imkanları artırılır
Naxçıvan Muxtar Respublikasında ötən ildən etibarən aqrar sahədə yüksək məhsuldarlığa nail olunması məqsədilə dövlət dəstəyi hesabına paylanılan gübrə çeşidlərinin artırılması istiqamətində işlər davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-dən “Naxçıvan Aqroservis” ASC-yə 3500 ton ammofos və 200 ton kalium-sulfat gübrəsinin ayrılması təmin edilib.
Ayrılan gübrələrin muxtar respublikaya daşınmasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları Bakı şəhərinə ezam olunub, müvafiq məsələlərlə bağlı qarşı tərəflə müzakirələr aparıblar.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən qəzetimizə verilən məlumata görə, artıq bundan sonra muxtar respublikada istehsalçılar öz istəklərinə uyğun olaraq dövlət dəstəyi hesabına karbamidlə yanaşı, ammofos və kalium-sulfat gübrələrindən də istifadə edə biləcəklər.
Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keyfiyyətli əkin aparılması prioritet olaraq müəyyənləşdirilib. Bu məqsədlə bütün fermerlərlə mütəmadi olaraq maarifləndirmə işləri aparılıb, istehsalçı tələbatının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, həm də gübrələrin verilməsi təmin olunub.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri