Azərbaycan və Rusiya arasında mövcud siyasi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsir göstərir. Xüsusilə ölkələrimizi bir-birinə yaxınlaşdıran, əməkdaşlığı dərinləşdirən geniş hüquqi bazanın yaradılması və mütəmadi qaydada iqtisadi forum və konfransların keçirilməsi bu məsələdə həlledici rol oynayır.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması tədbirləri nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələri bu gün də dayanıqlı inkişaf dinamikasının təmin edilməsini gerçəkləşdirir.
Bütün bunlar barədə prezidentlər İlham Əliyevin Vladimir Putin ilə avqustun 19-da məhdud və geniş tərkibdə keçirdiyi görüşlərdə, eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında geniş bəhs edilib. Dövlətimizin başçısı bəyanatında bildirib ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlər yüksək səviyyədə inkişaf edir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il bu sahədə 4 milyard dollar həddinin keçilməsi isə perspektivdə daha yüksək göstəricilərin əldə olunacağı əminliyi yaradır.
Prezident İlham Əliyev bəyanatında dövlətlərarası münasibətlər üçün mühüm önəm daşıyan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq deyib: “Azərbaycanın ərazisində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Yeri gəlmişkən, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaq olub.
Sözügedən nəqliyyat marşrutunun formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.
Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmir yolu və avtomobil körpüləri inşa olunub, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Dəhliz çərçivəsində nəzərdə tutulmuş infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Yaxın gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin illik gəliri 20 milyard dollara çatacaq. Eyni zamanda, dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlər hesab edirlər ki, ölkəmiz bu nəqliyyat dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq.
Azərbaycan–Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə öz müsbət təsirini göstərir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfərinin mühüm məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.
A.Əsədovun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin daha da asanlaşdırılması üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər istiqamətlərdə dinamik və dayanıqlı tədbirlər görülür. Bunun nəticəsi olaraq, 2017-ci illə müqayisədə ötən il iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə – 4,4 milyard ABŞ dollarına çatıb. Cari ilin yanvar–iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon ABŞ dolları təşkil edib.
İİTKM-in şöbə müdiri bildirib ki, iki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla həyata keçirilməsi və daha da genişləndirilməsində 2024-cü ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi önəm daşıyır. Yol Xəritəsi ticarət–iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər adıçəkilən Yol Xəritəsində də yer alıb ki, bu da iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla icrası sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi 8 dəfə, 2023-cü ilin 6 ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Dövlət başçılarının görüşündə də səsləndirildiyi kimi, Azərbaycan ərazisində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.
Aqil Əsədov sonda vurğulayıb ki, Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumunun, eləcə də ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində sənədlərin imzalanması onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, həm də digər istiqamətlər üzrə də inkişaf etdirilir.