Ermənistanın keçmiş müdafiə naziri ölkə rəhbərliyini şantaj edir
Bir lətifədə deyilir ki, itdən nə üçün hürdüyünü soruşurlar, cavabında o, qarşısındakını qorxutduğunu bildirir. Nə üçün quyruğunu buladığını soruşduqda isə it özünün də qorxduğunu deyir. İndi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da həmin itin günündədir.
Bəli, Tonoyan səssizliyi pozub. O, neçə vaxtdır ki, görünmürdü. Hər halda, vəzifəsindən azad edildikdən sonra ortalıqda yox idi. İndi nə üçün “zühur edib”, bu barədə qəti nə isə demək mümkün olmasa da, söylədiklərindən belə nəticə çıxarmaq mümkündür ki, eks nazir oxu atıb, yayı gizlətməklə məşğuldur.
Vəzifədə olduğu dövrdə, daha dəqiq desək, 44 günlük müharibədən əvvəl “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə sərsəmləyən D.Tonoyanın, həmçinin bu caninin rəhbərlik etdiyi ordunun sonradan hansı acınacaqlı duruma düşdüyü hər kəsə yaxşı məlumdur. Savaş rüsvayçılığı nazirin hərbi karyerasının üzərindən böyük xətt çəkdi. Onun düşdüyü rüsvay durum isə bir sıra başqa məqamları üzə çıxartdı...
Ermənistanın sabiq müdafiə naziri 2021-ci ilin sentyabrından həbsdə olub. Sonradan 15 milyon dram girov müqabilində sərbəst buraxılıb. O, sursat tədarükü prosesində sui-istifadə halları ilə bağlı cinayət işi üzrə ittiham olunub. Bu işdə Ermənistanı silahla təmin edən şirkətin rəhbəri David Qalstyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan da günahkar bilinib. Yəni, baş nazir Nikol Paşinyan müharibə rüsvayçılığında Tonoyanı və ətrafını “günah keçisi” kimi görüb. Əlbəttə, bu mənada ikincinin indi konsprioloji tərzdə danışmasında məntiq var. Çünki ali baş komandan olaraq Nikol keçmiş müdafiə nazirindən az təqsirkar deyil. Elə Tonoyan da dolayısı ilə məhz bunu vurğulayır. Amma düşüncəsini başqa fikrində daha dolğunluğu ilə açıqlayır ki, məsələ barədə yazımızın sonunda bəhs edəcəyik.
Bəli, baş nazir Paşinyanın nəyə görə öz komandasının üzvü olan ona qarşı nalayiq tərzdə davrandığına dair sualı cavablandıran Tonoyan bildirir ki, əvvəlki bəyanatlarından imtina etmir, hər sözünün arxasındadır: “Mən bu barədə çox ətraflı düşündüm. Səbəbini bilirəm. Amma demək istəyirəm ki, açıqlamalarımdan əl çəkmirəm və dediyim hər sözün arxasındayam. Amma xahiş edirəm, vəziyyət daim dəyişir, ona görə də mən buna hazır olanda danışarıq”.
Vəziyyət daim dəyişir. Tonoyanın kospriologiyası da elə bu fikirdir. O, hazır olanda danışacağını deyir. Görəsən, indi niyə danışmır? Yəni ortalığa çıxıbsa, nə üçün təfərrüatları açıqlamır? Yoxsa hazırkı ölkə iqtidarının mövqelərinin sarsılacağını gözləyir? Bəlkə nələrisə danışa biləcəyinə dair mesaj verir? Tam mümkündür. Ancaq hələlik deyək ki, onda sualdan məharətlə yayınmaq bacarığı var. Yəni, jurnalistlər Tonoyandan nəyin dəyişəcəyini soruşurlar, bu məxluq isə yarımçıq cümlələr işlədərək, aləmi bir-birinə qatır. Daha doğrusu, heç baş çıxarmadığı məsələlərdən dəm vurur. Keçmiş nazir deyir ki, Ermənistanın ciddi təhlükəsizlik problemləri var və həmişə də olub: “Bu məsələlər öz həllini tapmalıdır. Mən həm iqtidara, həm də müxalifətə bəyan etdim ki, bu problemlərin həllində iştirak etməyə hazıram. Amma siyasi məqsədlər üçün yox”.
D.Tonoyan siyasətə qoşulmaq arzusunun, hələlik belə bir istəyinin olmadığını deyir. Düşünmək mümkündür ki, adam həm oxu atıb yayı gizlətməklə ölkə iqtidarını, vaxtilə təmsil olunduğu komandanı şantaj edir, təfərrüatları dilə gətirməyib, təhlükəsizlikdən söz açanda isə Ermənistanın yox, məhz özünün təhlükəsizliyinin qayğısına qalır. O, eyni zamanda, həyasızcasına jurnalistləri barəsindəki iş üzrə açıq məhkəmə iclaslarının keçirilməsini tələb etməyə çağırır: “Mən özüm bunu tələb edirəm. Siz də tələb edin”.
Ancaq sabiq müdafiə naziri barəsindəki məhkəmə işininin özəlliyini də vurğulayır. Buna görə bəzi proseslərin bağlı qapılar arxasında keçirilməsinə təbii yanaşdığını deyir. Habelə o, məhkəmənin yeni ekspertizalar təyin edəcəyinə ümid bəslədiyini bildirir. Keçmiş nazir, həmçinin, orduda istifadə edilən silahların alınmasına həssas yanaşıldığını, raketlərin istifadəyə yararlı olduğunu da diqqətə çatdırır: “Mən bunu tam məsuliyyətimlə bəyan edirəm”.
İndi necə başa düşək? Belə çıxır ki, 44 günlük müharibə müddətində Azərbaycana atılan raketlərin partlamamasına görə günahkar N.Paşinyandır? Bəlkə, Nikol gedib raketləri qəsdən xarab edib? Suallar çoxdur. Tonoyan isə görünür, onlara cavab verə bilməyəcək. Həm də ona görə cavab verə bilməyəcək ki, “demokrat” Paşinyanın indidən onun səsini kəsmək üçün hərəkətə keçəcəyi şübhəsizdir. Axı digər siyasi opponentlərinə münasibətdə də belə edib.
Ə.RÜSTƏMOV
XQ