Uşaqlığımızın maraqlı oyunlarından biri “Tetris”di. Bu il o, növbəti yubiley yaşını qeyd edir. Təxminən 40 il bundan əvvəl gənc sovet araşdırmaçısı Aleksey Pajitnov əvvəlkilərə heç bənzəməyən maraqlı bir oyun icad etdi. O, hər biri dörd kvadratdan ibarət yeddi fərqli həndəsi oyun parçasından ibarət idi. Pajitnov bu oyunu “tetra” (“dörd” mənasını verən yunan sözü) və “tennis” (onun sevimli idman oyunu) sözlərinin birləşməsindən yaranan “Tetris” adlandırdı.
1989-cu ildə amerikalı proqram istehsalçısı Henk Rogers sovet stolüstü oyununun məşhurluq qazandığını görüb onun ixtiraçısı ilə görüşmək üçün Moskvaya gəldi. Bunun üçün özünə bir tərcüməçi də tutdu. Lakin tərcüməçi Moskvadakı sovet elekrotexnika şirkəti “Elorg”a buraxılmadı. Çünki onun şirkətə dəvəti yox idi. Cəsarətini toplayan Rogers tək başına içəri girdi. O, “Tetris”in müəlliflik hüququnu satın almaq istədiyini dedi. Rogersi buna görə saatlarla sorğu-suala tutdular. Bir həftə çəkən müzakirələrdən sonra Rogers ve Pajitnov razılığa gəlib, satış müqaviləsi imzaladılar. Sözləşməyə əsasən sovet proqramçısı “Tetris”in ölkədən kənardakı satışlarından gəlir əldə edəcəkdi. Oyunun yaradıcısı Pajitnov həmin hadisədən bir neçə il sonra Amerikaya köçür. 1990-cı ilin ortalarında hər iki proqramçı oyun şirkəti yaradır. Çox keçmir ki, bu oyun Avropa və Amerikada da geniş yayılmağa başlayır.
“Tetris” bu gün də oyun tarixində əsas yerlərdən birini tutur. O, əyləncəni zehni qabiliyyətlərimizlə birləşdirərək intellektual idmanı təmin edir. Alimlər müəyyən ediblər ki, bu oyun stressi azaldır və post-travmatik stres pozğunluğunun qarşısını alır. Oyunla bağlı maraqlı bir aforizm də var: “Tetris” insanlara bir şeyi öyrədir: səhvlər çox olduqca, nailiyyətlər daha az olur”.
Fidan SALMANOVA
XQ