Fransanı Afrikadan qovurlar. Mali, Burkina Faso və Niger Parisi “köhnə qitə”yə dönməyə məcbur ediblər. İndi də Mərkəzi Afrikanın zəngin təbii resurlarına malik ölkələrindən biri sayılan Qabon ölkədə aparılan demokratikləşmə islahatları ilə əlaqədar Fransa hərbi bazasının ölkəni tam tərk etməsi məsələsini rəsmi olaraq irəli sürüb. Bu ölkələrdə ilk dəfə tam milli sənaye-istehsal müəssisələri ancaq son aylar ərzində yaradılıb və xarici dövlətlərlə müstəqil diplomatik münasibətlər qurulur. Fransızlara belə “sevgi” onların uzun illər “qara qitə”nin faydalı qazıntılarını insafsızcasına istismarına və yerli əhalinin elementar hüquqlarının tapdalanmasına əsaslanan müstəmləkəçi siyasət yürütmələrilə bağlıdır.
Fransa qədim müstəmləkəçilik keçmişinə malikdir. Onun Afrikaya ekspansiyası 1637-ci ildə başlayır. O zaman Seneqalı ələ keçirən Fransa müstəmləkəçilik siyasətini sonradan Qərbi Afrika ərazilərinə yaymışdı. Seneqal, Mavritaniya, Mali, Qvineya, Fil Dişi Sahili, Burkina Faso, Qabon, Benin və Nigerə yayılan Fransız müstəmləkəçiliyi beşinci respublikanın elan edilməsindən az sonra sona çatmışdı. 300 ildən çoxdur ki, Fransa Qərbi Afrikada kölə olan insanların ticarəti də daxil olmaqla bölgənin qaynaqlarını və insanlarını müxtəlif yollarla istismar edir. Başqa sözlə, bugünkü Fransanın inkişafı birbaşa müstəmləkəçilik siyasətilə bağlıdır. “Qara qitə”dən ucuz işçi qüvvəsi və zəngin resursları daşıyan fransızlar bu müddət ərzində Avropa İttifaqının ikinci böyük iqtisadiyyatını formalaşdıra bilmişdilər.
Qeyd etmək vacibdir ki, digər müstəmləkə imperiyaları kimi, Fransa da sonrakı dövrlərdə keçmiş müstəmləkələri ilə əlaqələrini qoruyub saxlamışdı. Xüsusilə də Fransa iqtisadi sistemi istismarçılarla istismar olunanlar arasındakı münasibət ətrafında formalaşmışdı. Sözügedən koloniyalar adətən xammal ixrac edən və mühüm istehsal zəncirlərinin bir hissəsi olmayan ölkələrdir. Bu vəziyyət Fransa kimi kapitalist dövlətlərin xeyrinə işləyən bir sistem yaradırdı. Çünki müstəqillik əldə etdikdən sonra da bu koloniyalar “bazar” kimi qəbul edilirdi. Keçmiş müstəmləkə ölkələri müstəqillik qazansalar da, Paris onların ehtiyatlarının istismarını dayandırmamışdı. Ancaq son illərdə Mərkəzi Afrika ölkələrində baş vermiş hərbi çevrilişlər Fransanı belə imkanlardan məhrum edir.
Öncə Malidə, sonra Burkina Faso və Nigerdə hakimiyyət hərbçilərin nəzarətinə keçdi. 2020-ci ilin avqustunda və 2021-ci ilin mayında Malidə çevriliş oldu və ölkədə təhlükəsizlik böhranı ilə yanaşı, siyasi böhran da yarandı. Fransa yerli hökumətə kömək etmək üçün 2013-cü ildə Maliyə qoşun göndərsə də, 2020-ci ilin əvvəlində hərbi hissələrini bu ölkədən çıxarmağa məcbur oldu. Vəziyyəti xilas etməyə çalışan Paris nə qədər çalışsa da, dövlət çevrilişləri baş vermiş hər üç ölkədə təsirini saxlaya bilmədi. Fransanın keçmiş müstəmləkə siyasətini unutmayan bu ölkələr Paris ilə yeni münasibətlər quracaqlarını diqqətə çatdırdılar. Bu münasibətlər də fransız hərbçilərinin ölkə ərazisindən çıxarılmasını ehtiva edirdi.
Nigerin Fransaya arxasını çevirməsi Paris iqtisadiyyatı üçün ciddi itki kimi qiymətləndirilir. Məsələ ondadır ki, Fransa atom elektrik stansiyaları (AES) üçün Nigerdən ucuz qiymətə uran alır. Belə ki, səhmlərinin 45 faizi Fransa dövlətinə məxsus olan transmilli “Orano” şirkəti Nigerdən AES-in fəaliyyəti üçün zəruri olan təbii uranı idxal edir. Statistik məlumatlara görə, 2022-ci ildə Avropa İttifaqının uran xammalına olan tələbatının 25 faizini Niger vasitəsilə təmin etdiyi bildirilir. Üstəlik, Fransanın EDF şirkəti hər il, təxminən, 7000 ton uran idxal edir ki, bu da qlobal tələbatın, təxminən, 10 faizi deməkdir. Niger uran xammalının idxalı isə Fransanın ehtiyaclarının 10-15 faizini ödəyir.
İndi də Qabon Fransaya qapını göstərir. 1843-cü ildən Fransanın müstəmləkəsi olmuş, hərbi çevrilişdən sonra Qabonda hazırda siyasi, iqtisadi və sosial sahədə milli islahatlara başlanılıb. Xatırladaq ki, ötən ilin sentyabr ayında Qabonda dövlət çevrilişi nəticəsində hakimiyyəti hərbçilər ələ keçiriblər. Qabonlu hərbçilər də Nigerdə olduğu kimi, ilk növbədə, Fransanın “France 24” telekanalının və RFI radiostansiyasının yayımını qeyri-müəyyən müddətə dayandırmışdılar. Sonra Fransanın şirkətlərinə də qapını göstərmişdilər. Fransızları xatırladan son instansiya 400 hərbçinin Qabonda qalması idi. Ancaq aprelin 30-da məlum oldu ki, Qabon bu məsələdə də Parisə güzəştə getməyəcək və fransızlar tezliklə bu ölkədən də Fransaya qayıdacaqlar.
Qeyd etmək yerinə düşər ki, Qabon Afrikada, OPEK-də mühüm rol oynayır, Fransa və ümumilikdə Qərb üçün böyük əhəmiyyət kəsb edir. Çünki ərazisi böyük olmayan Qabon təbii sərvətlərlə zəngindir, Afrikada neft ehtiyatına görə altıncı yerdədir. Ölkə, eyni zamanda, almaz, qızıl, uran, qurğuşun və digər faydalı qazıntı yataqlarına malikdir. İndi Qabon fransızların köməyi olmadan inkişaf etmək istəyir və Parislə tam fərqli siyasi-iqtisadi əlaqələr qurmağı planlaşdırır.
Təbii ki, Mərkəzi və Qərbi Afrika ölkələrinin demarşı XIX əsrin sonlarından etibarən müstəmləkələrinin sayına görə İngiltərə ilə rəqabət apararaq qitənin əsas oyunçularından birinə çevrilmiş Fransa rəhbərliyinə vurulmuş ciddi geo-siyasi sillə kimi qiymətləndirilir. Çünki bu demarşlar Parisin üç əsrdən artıqdır davam edən neomüstəmləkə siyasətini məntiqi sonluğuna yaxınlaşdırır və Fransa moda Afrikanı tərk edir.
Göründüyü kimi, dünya dəyişir və “qara qitə” də hələ tam formalaşmayan yeni dünya nizamında özünə yer etməyi düşünür. Mütəxəssislər bildirirlər ki, Afrikadakı son geosiyasi dəyişikliklər Fransanın bu strateji əhəmiyyətli bölgədə artan təcridində dönüş nöqtəsinə gətirib çıxarır. Belə görünür ki, fransızların Afrika macərası belə biabırçı qovulmaları ilə tarixə düşəcək.
S.ELAY
XQ