Ramiz Zöhrabov – 85
Görkəmli musiqiçi-alim, sənətşünaslıq doktoru, professor, Xalq artisti Ramiz Zöhrabov Azərbaycan incəsənətinin inkişafı yolunda fədakarlıq göstərən şəxsiyyətlərdən olub. Daim musiqi ilə nəfəs alıb və milli mədəni nailiyyətlərimizi müxtəlif səviyyələrdə tanıtmağa çalışıb. Ölkəmizdə musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf edib.
1939-cu il may ayının 2-də Bakıda anadan olan Ramiz Zöhrabov ali konservatoriya təhsilli müəllim kimi əmək fəaliyyətinə Gəncədəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində başlayıb və bu sahədə ucala-ucala Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, həmin kafedranın müdiri, 1990-cı ildən 2012-ci ilədək isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifələrində məhsuldar çalışıb. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəstgahlara həsr etdiyi yüzlərlə məqaləsini, elmi əsərini, kitablarını mütəxəssislər yüksək qiymətləndiriblər. Ünlü xanəndələrin ifasında 100-dən artıq təsnifin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşib.
Yorulmaz musiqişünasın gərgin zəhmətlə başa gətirdiyi “Azərbaycan muğamının nəzəri problemləri”, “Azərbaycan rəngləri”, “Muğam”, “Azərbaycan modal musiqisi” və sair elmi əsərləri bir çox həmkarları üçün dəyərli masaüstü kitablardır.
Onun kamança və piano üçün “Monoloq”, xalq çalğı alətləri orkestri üçün “Laylay”, “Ədəbi lövhələr” süitası, Bəxtiyar Vahabzadə, Tofiq Mütəllibov, Rüfət Əhmədzadə və başqa şairlərin sözlərinə yazdığı mahnılar musiqi irsinin sütunlarıdır.
Ramiz müəllim yetərincə ciddi və eyni zamanda həssas qəlbli bir insan idi. Sənətlə bağlı isə heç zaman heç kəsə güzəştə getməz, yalnız həqiqətə xidmət edərdi. Azərbaycan bəstəkarlarının yaradıcılığına da bu cür yanaşdığı üçün onun musiqişünaslığın uğuru sayılan araşdırmaları sırf mötəbər mənbə kimi qəbul edilərdi.
Sənətsevərlər ölkəmizdə Heydər Əliyev Fondunun reallaşdırdığı genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində Ramiz Zöhrabovun bir musiqişünas kimi yaxından iştirak etdiyini yaxşı xatırlayırlar. Bildiyimiz kimi, mədəniyyətimizin böyük himayədarı olan Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Muğam İrs”, “Muğam-Dəstgah”, “Muğam-İnternet”, “Muğam Mərkəzi”, “Muğam dünyası”, “Muğam-Antologiya”, “Muğam ensiklopediyası” kimi irihəcmli layihələr sayəsində XXI əsrin əvvəllərində Azərbaycan muğamı öz intibah dövrünü yaşamağa başladı. Bu layihələrin həyata keçirilməsinə Ramiz müəllimin və digər görkəmli sənətkarların, yüksək səviyyəli mütəxəssislərin cəlb olunması da uğurların rəhni oldu.
O, muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılmasının ustası idi, başlıca məramı bu idi ki, musiqi insanlara daha çox estetik zövq aşılasın. Musiqinin o dərəcədə güclü təəssübkeşi idi ki, yeri gələndə tənqidi qeydlərini kəskin şəkildə söyləməkdən çəkinməzdi.
Xatırladıqlarımız: Bir dəfə söhbət zamanı demişdi: “Mahnı yaradıcılığında kifayət qədər boşluqlar var. Vaxtilə xalq mahnıları adı ilə tarixə düşən kiçik həcmli əsərlər böyük məna yükü daşıyıb və bu səbəbdən də tarix onları yaşadır. Lakin indiki mahnı yaradıcılığının mətn və musiqisində düşündürücü məqamlar tapa bilmirik. Bunun səbəbi sənətə təsadüfi musiqiçi ordusunun axınıdır. Arada məhdudiyyət yoxdur, bir insan həm bəstəkar, həm şair, həm də aranjimançı kimi fəaliyyət göstərir”.
2016-cı ildə Ramiz Zöhrabovun oğlu – AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad avtomobil qəzası nəticəsində dünyasını dəyişəndə acı xəbəri xəstə yatan bəstəkardan gizlətməyə çalışıblar. O isə bundan xəbər tutandan sonra dəfn mərasimində iştirak edib, halı daha da pisləşib və sağalmağına heç bir ümid qalmayıb. Düz 6 ay sonra o da haqq dünyasına qovuşub.
Unudulmaz şəxsiyyət, böyük musiqişünas Ramiz Zöhrabov 2008-ci ildə Xalq artisti fəxri adına, 1 il sonra “Şöhrət” ordeninə layiq görülüb. 2017-ci ilin bir yaz günündə dünyadan köçsə də, əziz xatirəsi elə yaz çiçəkləri kimi təzə-tər qalır.
Ə.ƏLİYEV
XQ