Bir millətin iki bayrağı

post-img

Türkiyənin dağ kəndində Azərbaycan sevgisi...

Türkiyənin ucqar bir dağ kəndində möhtəşəm Azərbaycan bayrağının dalğalanmasını görərkən keçirdiyim hissləri, bilmirəm, necə ifadə edim. Əlbəttə, sevinmiş, qürur duymuş və bir qədər də təəccüblənmişdim. 

Əslində, burada təəccüblü heç nə yoxdur. İki dövlət – bir millət deyilikmi? Yadıma gəlir: 44 günlük Zəfər yürüşü zamanı yaşadığım Kayseri şəhərində elə bir yer yox idi ki, Azərbaycan bayrağına rast gəlməyim. Bütün nəqliyyat vasitələrinin, dükanla­rın, idarələrin, sıravi insanların evlərinin üzərində Azərbaycan bayrağı vardı. Kayseridə Azər­baycana maddi yardım kampa­niyasının da şahidi olmuşdum. 

Amma bütün bunlarla belə, Ərciyəs dağının ətəyində, 1400 metr hündürlükdə yerləşən ucqar bir kənddə möhtəşəm Azərbaycan bayrağını görmək çox qürurvericidir. Anındaca heyrət, sevinc, qürur hisslə­ri bir-birini çulğayır. Gözlərimi bərəldəcək qədər heyrətlə­nirəm. “Baxın, baxın, o evin üzə­rində Azərbaycan bayrağı var!”, – deyə səslənirəm. 

Bizi Akçakaya kəndinə apa­ran bələdçimizdən bayrağın dalğalandığı evin kimə məxsus olduğunu öyrənməsini xahiş edirik. O, yaxınlıqdakı evlər­dən birinin qapısını döyür və dəqiqləşdirir ki, həmin ev Murat Aydınındır. Evin sahibinə zəng edirik. Murat Aydın, adətən, Kayseridə yaşasa da, bəxtimizdən, həmin an Akçakayadakı ata yurduna gəlibmiş. Görüşürük. Murat bəy canı qədər sevdiyi Azərbaycandan gəlmiş qonaqları min bir sevinclə qarşı­layır. Bayraq barədə soruşuruq. Cavabı çox qürurverici olur: “Şuşanı aldıqda, işğaldan qurtardıqda mən bu bayrağı evimin üzərinə asdım. Bu bayraq mənim qəlbimdə olduğu kimi, evimin də üzərin­də həmişə dalğalanacaq”.

Fikir veririk ki, Murat Aydın Şuşa se­vincini sakit anlada bilmir. Nəmlənmiş gözlərində azad olunmuş yurd yerləri­mizin sevinci işıldayır. Qələbəmizdən, birliyimizdən vəcdlə danışır Murat bəy. “Bir olacağıq, güclü olacağıq! Buna qəti əminəm!” – deyir. “Azərbaycan bayra­ğının da dalğalandığı Akçakayadakı ata-baba yurdumun tezliklə Turan evinə çevriləcəyini də həsrətlə gözləyirəm”. 

Diləyiniz çin olsun, Murat Aydın! 

Əsli XƏLİLQIZI
Türkiyə, Kayseri

Sosial həyat