Bu yazı dünya tarixində milyonlarla insanı ölümcül xəstəliklərdən xilas edən, tibb elmində inqilabi dönüş yaradan Nobel ödüllü isveçli alim Aleksandr Fleminq haqqındadır.
Məlumdur ki, son əsrə qədər insanlar sətəlcəm, malyariya, lap elə adicə soyuqlama kimi xəstəliklərdən ölürdülər. Ölümcül epidemiyalar insan orqanizmini müxtəlif infeksiya və xəstəliklərdən qoruyan dərmanlar, eləcə də vaksinlər icad olunana qədər davam edirdi.
Nağılvari tanışlıq
1900-cü ilin yayında aristokrat bir ingilis lordu Rendolf Çörçil öz ailəsi ilə birlikdə İsveç əyalətlərinin birinə istirahətə yollanır. Ailənin yeniyetmə oğlu valideynlərindən müvəqqəti aralanaraq təbiət qoynunda gəzintiyə çıxır. Gəzinti zamanı o, gözlənilmədən bataqlığa düşür. Xilas olmaq üçün əl-qol atan gənc baxır ki, tərpəndikcə daha da dərinliyə gedir. O, qorxu içində qışqıraraq yaxınlıqdakı adamları köməyə çağırır. Oğlanın imdad harayını yaxınlıqdakı tarlada işləyən kişilər eşidir. Kəndlilərdən biri dərhal səs gələn tərəfə yüyürür. Haraya yüyürən kişinin yanındakı yeniyetmə oğlu da atası ilə birlikdə səs gələn tərəfə qaçır. Bataqlıqda batan gənci görən kəndli kişi onu sakitləşdirərək dərhal qayıdıb atını hadisə yerinə sürür. Onlar uzun kəndirin bir ucunu batan oğlana atırlar. Oğlan kəndirin bir ucunu öz belinə bağlayır. Kəndirin o biri ucunu isə ata bağlayaraq dartıb onu bataqlıqdan xilas edirlər.
Boğulan oğlanın atası xilaskar kəndliyə öz təşəkkürünü bildirir və onları düşərgə saldıqları yerə, şam yeməyinə dəvət edir. Söhbət zamanı ingilis lordu xilaskar kəndlidən ən böyük arzusunun nədən ibarət olduğunu soruşur. Kəndli kişi xilas etdiyi uşağın atasının imkanlı şəxs olduğunu anladığına görə ona belə bir cavab verir: “Ser, gördüyünüz kimi mən sadə bir əkinçiyəm. Oğlumun da əkinçi olub mənim kimi ömür boyu torpaqda eşələnməyini istəmirəm. Həyatda ən böyük istəyim odur ki, oğlum təhsil alıb həkim olmaq arzusuna çatsın. Təəssüflər olsun ki, gördüyünüz kimi, onu oxutmaq üçün mənim pulum, imkanım yoxdur”.
Kəndlinin söhbətindən təsirlənən ingilis zadəganı övladının xilaskarı olan bu zəhmətkeş kəndliyə söz verir ki, onun oğlunu ən yaxşı ali tibb təhsili müəssisəsində oxudacaq və bütün maddi ehtiyaclarını şəxsən özü ödəyəcək.
İngilis senyor verdiyi sözü tutur. Onun dəstəyi ilə kəndlinin oğlu ali təhsil alıb həkim olur.
Aradan uzun illər keçir.
İkinci nəfəs
1943-cü ilin dekabr ayında Tunisdə rəsmi səfərdə olan İngiltərənin baş naziri Uinston Çörçil orada xəstələnir. Həkimlər ona ölümcül sətəlcəm diaqnozu qoyurlar. Bu yerdə mütləq qeyd etməliyik ki, həmin vaxtlarda sətəlcəmə tutulanların demək olar, 90 faizi öz həyatı ilə vidalaşırdı. Təsadüfən həmin ərəfədə bir isveçli həkimin ölümcül xəstəliklərə qarşı möcüzəvi dərman kəşf etməsi barədə xəbərlər yayılırdı. Həmin dərmanın sətəlcəmi də müalicə etdiyi deyilirdi. Bu söz-söhbət xəstə yatağında olan Çörçilə də çatır. Çörçil haqqında çox danışılan naməlum həkimlə görüşmək istədiyini bildirir.
Beləliklə, xəstənin marağından doğan tarixi bir görüş baş verir. İllər əvvəl bataqlıqda batan gənc oğlan – Uinston Çörçil və onu ölümdən qurtaran kəndlinin həmin oğlu – Aleksandr Fleninq ikinci dəfə görüşürlər.
Aleksandr Fleminqin hazırladığı möcüzəvi antibiotik – pensillin baş naziri ölümdən xilas edir.
Beləliklə, Fleminq öz keçmiş dostunu ikinci dəfə həyata qaytarır.
Lakin bəzi mənbələr bu hadisələrin həyatda olmamasını, onu “Yaxşılığın gücü” adlı ruhani evinin pritça kimi uydurduğunu da yazırlar.
Fleminq möcüzəsi
Aleksandr Fleminq 1881-ci ildə İsveçin Lokfeld əyalətində dünyaya gəlib.
Aleksandr hələ uşaqlıqdan bitkiləri, xüsusilə göbələkləri müşahidə etməyi, onlar üzərində təcrübələr aparmağı xoşlayırdı. Oğlunun təbiətə sonsuz marağını görən ata Fleminq, məhz, bu xüsusiyyətlərinə görə onun yaxşı botanik, yaxud həkim ola biləcəyinə inanırdı.
Nəql olunduğu kimi, gənc Çörçili xilas etməsi atanın və oğlunun həyatını büsbütün dəyişir. Varlı ingilis zadəganın maddi dəstəyi ilə gənc Fleminq ali tibb təhsilinə yiyələndikdən sonra ixtisası üzrə çalışmağa başlayır. O, 1924-1948-ci illərdə həkim kimi çalışdığı London “Meri Hospital”da xüsusilə kif göbələkləri bakteriyalarının tədqiqi ilə məşğul olur.
Göbələk bakteriyaları üzərində apardığı müşahidələr nəticəsində Fleminq onların xəstəlik törədən mikrobları öldürdüyü qənaətinə gəlir. Doktor Fleminq Horvard Florey və Ernst Çeynlə birlikdə kif göbələyindən hazırladığı antiseptik maddəni Oksford universitetində təqdim edir. Beləliklə, penisillinin istehsalı ilk olaraq ABŞ-da başlayır.
Sətəlcəm, malyariya və insan həyatı üçün təhlükəli olan digər yoluxucu xəstəliklərin müalicəsində inanılmaz effekt verən pensillin antibiotiki milyonlarla insanın həyatını xilas edir.
Aleksandr Fleminq həmkarları Florey və Çeynlə birlikdə bəşəriyyətin xilasında böyük rol oynamış bu kəşfə görə 1945-ci ildə Tibb üzrə Nobel mükafatına layiq görülür. Xilaskar doktor, dahi insan Aleksandr Fleminq 11 mart 1955-ci ildə ürək tutmasından vəfat edib.
Murad KÖHNƏQALA