Fransa Prezidenti Emmanuel Makron Parisdə Ukraynadakı vəziyyətlə bağlı keçirilən sammitdə Avropa İttifaqı (Aİ) ölkələrinin birləşmiş qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı çox təhlükəli bəyanatla çıxış edib. Bu bəyanat Yelisey sarayının X sosial şəbəkəsindəki səhifəsindən birbaşa canlı yayımda səsləndirilib. Makron deyib: “Biz bunu müzakirə etdik, hələlik quru qoşunlarının göndərilməsilə bağlı rəsmi səviyyədə konsensus əldə edilməyib, lakin heç nə istisna oluna bilməz”.
Onun sözlərinə görə, Qərb ölkələri “Rusiyanın Ukrayna cəbhəsində qalib gəlməsinə” imkan verməmək üçün hər şeyə hazırdır. Amma bu, siyasi paranoya yaşayan Makronun sonuncu təhlükəli açıqlaması olmayıb. Sammitin yekunu olaraq Fransa prezidenti Ukraynaya orta və uzaq məsafələri vuran raketlərin verilməsi üzrə yeni koalisiyanın yaradıldığını da elan edib. Makron bəyan edib ki, bir neçə Avropa ölkəsi Ukraynaya “orta və böyük məsafədə hədəfləri vura biləcək raketlər və bombalar” göndərəcək. “Biz, həqiqətən, lazım olan vaxta qədər zəruri olan hər şeyi etməkdə qərarlıyıq”, – deyən Fransa lideri əlavə edib ki, “əsas prioritet sursatdır. Bu baxımdan əlimizdə olan hər şeyi sona qədər təhvil verməyə hazır olduğumuzu bildirdik”.
“Qara qitə”də biabırçı məğlubiyyətdən sonra özünə yer tapa bilməyən Fransa prezidenti Makronun əksəriyyəti NATO üzvü olan Avropa ölkələrinin birləşmiş hərbi hissələrinin Ukraynaya göndərilməsilə bağlı açıqlaması ilk olaraq “Köhnə qitə”nin özündə təşviş və etirtazla qarşılanıb.
Artıq Avropanın bir çox dövlət başçıları Makronun bu fikrini rədd ediblər. Slovakiya, Macarıstan və Almaniya öz əsgərlərini Ukraynaya göndərmək istəmədiklərini bəyan ediblər.
Avropa Komissiyasının rəsmiləri daha ehtiyatlı danışaraq bildiriblər ki, Aİ-yə üzv dövlətlər Ukraynaya hansı növ hərbi yardım göndərəcəklərinə özləri qərar verməlidirlər. “Biz müntəzəm olaraq üzv dövlətlərlə Aİ-nin yüksək səviyyədə hərbi yardımı və ikitərəfli dəstəyi saxlamaq üçün gələcək addımları müzakirə edirik”, - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Əslində Avropa Ofisinin bu şərhi Slovakiyanın baş naziri Robert Fiçonun bəyanatına cavab olaraq bildirilib. Çünki Robert Fiço Aİ və NATO-nun bəzi ölkələrinin ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi. O, Slovakiya hökuməti və Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə deyib: “Bir qrup NATO və Aİ ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz ordusunu göndərməyi düşünür. Biz təhlükəsizliyin qiymətləndirilməsini aparırıq və ayrı-ayrı dövlətlərə Ukrayna ilə bu cür ikitərəfli sazişlər bağlamağa qadağa qoya bilmərik”.
Robert Fiço daha sonra deyib ki, “heç bir slovak əsgəri Ukraynaya getməyəcək” və bu görüş “Qərbin Ukrayna strategiyasının iflasa uğradığını təsdiqləyir”. Macarıstan da oxşar şəkildə reaksiya verib. Xarici işlər naziri Peter Siyarto ölkəsinin "Ukraynaya silah və ya qoşun göndərməyəcəyini" bəyan edib.
Fiçi və Siyarto belə mövqe nümayiş etdirən tək-tək siyasətçilər deyillər. Makron bəlli fikri səsləndirdikdən dərhal sonra Avropa ölkələrinin liderləri hadisələrin bu cür inkişaf ehtimalını təkzib etməyə başlayıblar.
“The European Conservative” nəşri yazıb ki, indi "döyüş meydanındakı vəziyyət Ukrayna üçün həqiqətən kritik görünür". Bu yaxınlarda Volodimir Zelenski Ukrayna itkiləri ilə bağlı ilk rəsmi məlumatı açıqlayıb və Kiyevin 31 min hərbçi itirdiyini bildirib. Lakin bütün kənar ekspertlər hesab edirlər ki, bu rəqəm reallıqdan çox uzaqdır. Avstriyalı hərbi ekspertlər Kiyevin itkilərinin 200 min nəfər, ABŞ-ın ehtiyatda olan zabiti polkovnik Duqlas Makqreqor isə 350 min nəfər civarında olduğunu açıqlayıblar.
Məqalə müəllifi əminliklə bildirir ki, Makron bu cür səs-küylü bəyanatlarla diqqəti öz şəxsinə yönəltməyə və sanki “dirilmiş Avropa militarizminin” simasına çevrilməyə çalışır.
Etiraf etməliyik ki, bütün bunlar artıq beynəlxalq trekdə ABŞ-ın münaqişəyə əlavə dəstək verməkdən mümkün imtinası fonunda baş verir. Buna görə də Fransa prezidenti Kiyevə daha çox raket göndərilməsini müdafiə edir və Ukraynaya “Taurus” qanadlı raketləri göndərməkdən imtina etdiyinə görə Almaniyanı tənqid edir.
Məlum olduğu kimi, Olaf Şolts Bundestaqın toplantısında qəti şəkildə bildirib ki, Almaniya Rusiya ilə münasibətlərdə gərginliyin artmasının qarşısını almaq üçün Kiyevə bu tipli raketlər göndərməyəcək. Hətta fevralın 26-da jurnalistlərlə görüşündə Almaniya kansleri deyib: “Biz Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin genişlənməsinin qarşısını alacağıq və Rusiya ilə NATO arasında müharibəyə imkan verməyəcəyik. Aydındır ki, Ukrayna ərazisində alman əsgərləri olmayacaq. Bizim ölkəmiz və ölkəmizin hərbi strukturları bu müharibədə iştirak etməyəcək”.
Lakin Şoltsun bu qəti cavabı ilə kifayətlənməyən “DPA” jurnalistləri məsələyə əlavə aydınlıq tələb edib və sual veriblər ki, “kansler Almaniyanın məhz Ukraynaya belə raketlər veriləcəyi təqdirdə müharibəyə cəlb olunmasından qorxurmu?” Kansler belə cavab verib: “Bu, çox uzaq mənzilli silahdır və ingilislərin və fransızların hədəfə yönəltmə və müşayiət etmə baxımından etdiklərini Almaniyanın etməsi əsla mümkün deyil. Alman əsgərlərinin, hansı məkanda və harada olmasından asılı olmayaraq, onların bu sistemin vura biləcəyi hədəflərlə əlaqəsinin olması qəbuledilməzdir. O cümlədən Almaniya da daxil olmaqla.” Şolts Almaniyanın Böyük Britaniya və Fransadan fərqini belə izah edib: "Fərqli ənənələrə və fərqli konstitusiya orqanlarına malik olan digər ölkələrin etdikləri, bizim eyni şəkildə edə bilməyəcəyimiz bir şeydir."
Rusiyanın qatı əleyhdarlarından olan Polşanın Baş naziri Donald Tusk belə Makronun təklifinin əleyhinə çıxıb. “Rzeczpospolita” nəşri baş nazirin açıqlamalarına istnadən yazır ki, Polşa tezliklə ÜDM-nin 4 faizini müdafiəyə ayıracaq və NATO-da birinci yerdə olacaq. Bununla belə Polşa lideri Kiyevə göstərdiyi yardımın bir hissəsi olaraq öz əsgərlərini Ukraynaya göndərməyəcəyini açıq şəkildə bəyan edib.
Donald Tusk Praqada çexiyalı həmkarı ilə görüşdə deyib: “Polşa öz qoşunlarını Ukraynaya göndərməyi nəzərdə tutmur. Burada bizim mövqeyimiz eynidir. Bunu, digər ölkələrlə müqayisədə, Ukraynaya müharibədə kömək etməkdə daha çox iştirak edən ölkələrin baş nazirləri deyirlər”.
Makrona etiraz reaksiyalarından biri də İspaniyada səslənib. Bu ölkənin xarici işlər naziri Xose Manuel Albares parlamentin aşağı palatası olan Deputatlar Konqresində çıxış edərək, millət vəkillərini krallığın Ukraynaya qoşun yeritməyəcəyinə əmin edib: "Ukraynada ispan qoşunları olmayacaq, təbii ki, yox. İspaniya hökuməti Qəzzada və Ukraynada eyni şeyi istəyir: sülh və beynəlxalq hüquqa hörmət". İspaniyanın müdafiə naziri Marqarita Robles də hesab edir ki, Avropa qoşunlarının hipotetik olaraq Ukraynaya göndərilməsi münaqişənin genişlənməsinə səbəb olacaq.
Rəsmi Moskvanın reaksiyasını gözləmək də çox çəkməyib. “The European Conservative” nəşri yazır ki, Fransa prezidentinin məlum bəyanatından dərhal sonra Moskvada ciddi xəbərdarlıq səslənib: “NATO qoşunlarının Ukraynaya göndərilməsi birbaşa münaqişəni qaçılmaz edəcək”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun bəyanatını belə qiymətləndirib: “Bu halda artıq ehtimaldan yox, qaçılmazlıqdan danışmaq lazım gələcək”.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də “Telegram”da Fransa prezidentinin bəyanatını özünəxas şəkildə şərh edib: “Makron şəxsi hakimiyyətini saxlamaq üçün üçüncü dünya müharibəsini alovlandırmaqdan daha yaxşı bir şey düşünə bilməyib.” O, Makronun təşəbbüslərinin Fransa vətəndaşları üçün çox təhlükəli olduğunu bildirib.
Moskvanın ən kəskin cavabını isə Rusiyanın eks-prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Mevedyev bildirib. O, Fransa prezidentinin Ukraynaya Aİ ölkələrinin birləşmiş qoşun hissələrinin göndərilməsi ilə bağlı açıqlamasını “Telegram”-da belə şərh edib: “Bonapartın xırda variscikləri iki yüz il əvvəl qoparılan qızıl epauletləri geyinərək, Napoleon miqyasında qisas almağa can atırlar və ayrı-ayrı NATO ölkələrinin qoşunlarını Kiyevə yeritmək, həmçinin Rusiyaya zərbə vurmaq üçün yeni silahlarla bağlı dəhşətli və son dərəcə təhlükəli fikirlər səsləndirirlər”. Onun sözlərinə görə “Qərb siyasətçilərinin meyit kimi iylənmiş beyinlərinin nümunələri hər gün ortaya çıxır”.
Fransa dövlət başçısının təhlükəli bəyanatının doğurduğu kəskin mənfi rekasiyanı görən bu ölkənin silahlı qüvvələr naziri Sebastyan Lekornu onu sığortalamağa çalışaraq bildirib ki, Makron Rusiya silahlı qüvvələri ilə döyüşmək üçün Ukraynaya qoşun göndərmək istəyindən yox, Ukrayna qoşunlarının öz ərazisində təlim keçməsindən danışıb. Lekornu deyib: "Mən aydınlaşdırmaq istəyirəm, çünki mediada və sosial şəbəkələrdə nələrin yazıldığını görürəm: söhbət Rusiya ilə müharibəyə qoşun göndərməkdən getmir". Amma nazirin bu açıqlaması daha çox “daldan atılan daşa” bənzəyir.
İlqar RÜSTƏMOV
XQ