Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində vasitəçilik missiyasını davam etdirəcək. “Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, bu fikir Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə krallıqda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşündə ifadə edilib.
Vəliəhd həmçinin bildirib ki, Ər-Riyad Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsində uğurlu vasitəçilik edib və gələcəkdə - müharibənin başa çatmasından sonra bərpa-quruculuq işlərində iştirak etməyə hazırdır.
Ukrayna Prezidenti vəliəhdə təşəkkürünü bildirərək qeyd edib ki, Kiyev gələcəkdə də Səudiyyə Ərəbistanının köməyinə ümid edir. O əlavə edib ki, görüş əsnasında ilk müzakirə mövzusu keçən il Ciddədə aparılan danışıqlar zamanı müzakirə edilən sülh formulu olub. “Biz indi ilk Sülh Sammitinə yaxınlaşırıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə arxalanırıq”, - deyə Ukrayna prezidenti özünün “X” sosial platformasındakı səhifəsində yazıb.
XQ