Ölkəmizdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü hər il olduğu kimi, bu il də kütləvi tədbirlərlə qeyd olunur. Fevralın 28-də bu əlamətdar günlə bağlı ölkəmizdə “İdman həftəsi” başlayıb. Həftəyə idman media nümayəndələri arasında futbol yarışı ilə start verilib.
Bakı Olimpiya Stadionunda təşkil olunan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanındığını bildirib. Qeyd edilib ki, ölkəmizdə müasir idman infrastrukturu bu sahənin inkişafına böyük töhfələr verir. Azərbaycanda digər idman növləri kimi, futbolun da inkişafı vurğulanarkən “Qarabağ”ın qələbəsi xüsusi qeyd edilib. Media nümayəndələrinin bu qələbə ilə bağlı saysız-hesabsız paylaşımlarına diqqət çəkən Elnur Məmmədov dövlətin idman siyasətinin həyata keçirilməsində idman jurnalistlərinin rolunun böyük olduğunu deyib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə iştirakçıları təbrik edib. Futbol deyəndə, “Qarabağ”ın yada düşdüyünü qeyd edən qurum rəsmisi Ağdam təmsilçisinin hər oyunda tarix yazdığını bildirib.
Rəsmi mərasimdən sonra futbol turnirinə start verilib. Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb.
“İdman həftəsi” çərçivəsində növbəti yarış şahmat üzrə start götürüb. Səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında yarışın açılış mərasimində Elnur Məmmədov iştirakçıları təbrik edərək, onlara uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün ölkəmizdə geniş miqyaslı və kütləvi tədbirlərlə qeyd edildiyini bildirib:
– Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Təsadüfi deyil ki, Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində “İdman həftəsi”nin keçirildiyi günlərdə ölkəmizdə əsl bayram əhval-ruhiyyəsi yaşanır. İdman prinsiplərindən ən əsası ədalətli mübarizədir ki, bu da qələbələrin qazanılmasında böyük önəm daşıyır. İdmançılarımız bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaldırlar. “İdman həftəsi” çərçivəsində ilk yarışlardan biri də səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında şahmat yarışıdır. Əminik ki, yarış iştirakçıları potensiallarından maksimum istifadə edib, bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Bu gün Azərbaycan, həm də şahmat ölkəsi kimi tanınır. Ölkəmizdə şahmata göstərilən diqqət və qayğı idmançılarımızın nailiyyətlərində əsas amildir.
Dünən həmçinin, idman fotoqrafı Dilavər Nəcəfovun fotosərgisi, "Yaşıl dünya və idman" mövzusunda rəsm sərgisi keçirilib. Martın 5-dək davam edəcək tədbirlər çərçivəsində "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu təşkil ediləcək.
“İdman Həftəsi”ndə məktəblər arasında "İdman və ekologiya" mövzusunda esse müsabiqəsi, idman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında “Fibonaççi” intellektual və uşaq evləri arasında əyləncəli atletika yarışı, həmçinin “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası təşkil ediləcək. Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis, voleybol, nərd yarışları, ahıl şəxslər üçün sosial xidmət müəssisəsində futbol və badminton oyunları, Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında oxatma, fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası ilə davam edəcək “İdman həftəsi” Qubada idman paradı ilə başa çatacaq.
Leyla QURBANOVA
XQ