Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının və ümummilli lider Heydər Əliyevin Hərbi Liseydə xatirəsinin əbədiləşdirilməsinin 20-ci ildönümü qeyd edilib.
Bu münasibətlə liseyin hərbi qulluqçuları və kursantları hərbi marşlar ifa edərək Heydər Əliyev Muzeyinə yürüş ediblər. Hərbi qulluqçular, pedaqoji kollektiv və kursantlar ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzərək böyük rəhbərin əziz xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyində eksponatlarla tanış olublar.
Hərbi liseydə keçirilən təntənəli mərasimdə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb.
Sonra tədrisdə və pedaqoji fəaliyyətində əldə etdikləri nailiyyətlərə görə bir qrup hərbi qulluqçu, müəllim və kursantın mükafatlandırılması ilə bağlı Əlahiddə Ümumqoşun Ordu komandanının əmri tədbir iştirakçılarına çatdırılıb və mükafatlar təqdim olunub.
Şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
XQ