“Xıdır Nəbi, xan İlyas, açdı çiçək, gəldi yaz…”

post-img

Gədəbəyin Novosaratovka kəndində qədim xalq bayramı keçirilib

Yaşlı nəslin nümayəndələri xatırlayar, bir vaxtlar Novruz bayramından əvvəl, köhnə təqvimlə təxminən fevralın 25–28-i arası Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan el mərasimləri keçirilər, özü də müəyyən fərqlərlə, demək olar ki, Azərbaycanın bütün bölgələrində təşkil edilərdi. Gədəbəyin bəzi kəndlərində bu bayram fevralın sonlarına təsadüf edərdi. “Boz ay” yenicə başlasa da, “Xıdır İlyas” mərasimi qışın yola salınması kimi qəbul olunardı. Ənənə indi də davam edir. 

Budur, Gədəbəyin Novosaratovka kəndi al-əlvan bayram libasına bürünüb. Tonqallar qalanıb, süfrələr açılıb. Şən musiqi səsləri ətrafa yayılır. Qol tutub yallı gedirlər, at oynadırlar, təndir salırlar. Deyirlər ki, Novruz bayramından da çox bu bayramı səbirsizliklə gözləyən kənd­lər, obalar vardı. Çünki adamlar arasında belə inam vardı ki, əgər Xıdır Nəbi Boza­tın belində gələrkən evlərdə bayram əh­val-ruhiyyəsi görməsəydi, küsüb gedərdi.

Xıdır Nəbi, adətən, təbiətin oyan­ması, otların cücərməsi, axar suyun təmizlənməsi və digər təbii proseslərlə müşayiət edilir. Əslində Xıdır Nəbi bir şəxsiyyət olaraq “suyun, külək və hava­nın himayəçisi” kimi təqdim olunur, hətta Xızır peyğəmbərlə eyniləşdirilir.

Buna görə də həmin bayrama xüsusi tədarük görülərdü. Həmin günlər süfrəyə, əsasən, səməni, qovurğa, qovut, boya­dılmış yumurta, xəşil, düyüdən hazırlan­mış yeməklər düzülərdi. Uşaqların daha çox sevdiyi kökə və kömbə də bişirilərdi.

Yadımdadır, nənəm, sonralar anam həmin günlərin axşamları deyərdi ki, “yaxşı söz danışın, qapımızı pusan olar”. Biz özümüz də qulaqlarımızı barmağı­mızla yumaraq niyyət tutur və “qonşuya qapı pusmağa gedirik”, – deyərdik. Hə­min qapıya çatanda qulağımızı açar, niy­yətimizi eşitdiyimiz ilk sözlə sınayardıq. Sonra bizə deyərdilər ki, məcməyidəki qovut və ya una əl vurmayın. Çünki əv­vəlcə Xıdır Nəbi gəlib öz payını götürmə­lidir ki, evimizin ruzi-bərəkəti də artsın, bolluq olsun. Amma səhərəcən gözləyə bilməzdik və yuxu bizi aparardı. Xıdır Nə­binin nə vaxt gəlib–nə vaxt getdiyindən xəbərimiz olmazdı. Anamız deyərdi ki, “gəldi də, sovqatını aparıb getdi də”. Yal­nız bundan sonra həmin qovutdan yeyə bilərdik. 

Ertəsi gün cavanlar, uşaqlar dəstələrə bölünüb yollara çıxar, xorla oxuyardılar: 

“Xıdır Nəbi, xan Ilyas, 

Açdı çiçək, gəldi yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.” 

Əslində bayramın Novosaratovka kəndinə salınması da təsadüfi deyil və rəmzi xarakter daşıyır. Əvvəla, kənd rayo­nun ən mənzərəli, füsunkar bir guşəsində yerləşir. Digər tərəfdən, həm Novosara­tovka, həm də Novoivanovka kəndlərini tolerantlığın ünvanı hesab etmək olar. 1831-ci ildə bura rusların ilk ayaq basdığı yerdir. Sürgün edilmiş 12 malakan ailə­si bu kəndlərdə yerləşdirildikdən sonra tədricən həm özlərinin sayı artmış, həm də yerli əhali ilə elə qaynayıb-qarışmış­lar ki, onları bəzən bir-birlərindən seçib ayırd etmək də çətin olur. Maraqlıdır ki, burada yaşayan ruslar Azərbaycan dilin­də Gədəbəy ləhcəsi ilə danışırlar. Ruslar keçmiş adət-ənənələrini, milli mətbəxləri­ni, musiqilərini yaşadır, bir yerə toplaşıb qarmonda çalir, “çastuşka” oxuyur, rəqs edirlər. 

Artıq 200 ilə yaxındır ki, ruslar azər­baycanlıların, azərbaycanlılar rusların milli bayramlarında iştirak edir, şənlənir, bir-birlərinin evinə qonaq gedirlər. Xıdır Nəbi bayramı da istisna deyil. Artıq rus milliyyətindən olanlar da Xıdır Nəbi bay­ramı haqqında kifayət qədər məlumata, bilgiyə malikdirlər və özləri də həmin bay­rama uyğun yeməklər bişirir, övladlarını bu milli adət-ənənələrə hörmətlə yanaş­maq ruhunda tərbiyə edirlər… 

Qazax–Tovuz Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə təşkil olunan bu tədbirə rayon mərkəzindən, ətraf kənd­lərdən də xeyli adam gəlmişdi. Şər qa­rışana kimi davam edən bayram tədbiri hər bir Gədəbəy sakinində xoş duyğular oyatmaqla yanaşı, milli adət-ənənələri­mizin yaşadılması, davam etdirilməsi yo­lunda irəliyə doğru atılmış çox xeyirxah, dəyərli bir addım, alqışa layiq təşəbbüs kimi qarşılandı.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət