Ulu səslər, isti nəfəslər...

post-img

“Aşıq Pəri Məclisi” – 40

“Aşıq Pəri Məclisi” hər zaman ruhumuza, sazımıza– sözümüzə güzgü tutub. Bu məclis haqqında ilk dəfə Narınc Xatunun dilindən eşitmişəm. El ağbirçəyinin sözü–söhbəti, əlvan naxışlı bayatıları, laylaları xalı-xalça ilməsi, butası kimi yaddaşıma hopub. 

“Aşıq Pəri Məclisi” “Əmək­dar mədəniyyət işçisi” Narınc Xatunun ömür yadigarıdır. Hər dəfə bu məclisdən söz düşəndə ilk göz önünə gələn də Narınc Xatun olur. O, ru­humuza hakim kəsilən saz–söz sənətimizin təbliğinə bir ömür həsr edib.

Narınc Xatun 1930-cu ildə Neftçala rayonunda anadan olub. Hələ orta məktəb illərin­də ilk şeirlərini yazmağa baş­layıb. Aylar, illər keçdikcə şeir yazmaq həvəsi onun könlünü ilıq yaz mehi kimi oxşayb, sənət aləminə aparıb. Şeir­ləri “Azərbaycan qadını” və başqa jurnallarda, qəzetlərdə dərc olunub. Eyni zamanda Azərbaycan radiosunun “Xalq yaradıcılığı – Bulaq” verilişlə­rində səsləndirilib. İncə ruhlu xanım şairin “Burla Xatun nəvəsiyəm” və “Mən xalqımın aşiqiyəm” adlı şeir kitablarını da oxucular maraqla qarşıla­yıb.

Görkəmli şair-aşıq Mika­yıl Azaflı ilə birlikdə “Azaflı və Narınc Xatun” dastanını da o yaradıb. Ulu ozan sənə­tinə tükənməz məhəbbəti onu qadın saz-söz aşiqlərin­dən ibarət “Aşıq Pəri Məc­lisi” yaratmağa sövq edib. Bu məqsədlə Azərbaycanın bölgələrini, Borçalı və Göyçə mahallarını kənd-kənd dola­şaraq, aşıq şeiri üslubunda yazan qadın və qızları öz ət­rafına toplayıb.

Narınc Xatunın fədakarlı­ğı, istedadı və gərgin zəhməti sayəsində “Aşıq Pəri Məclisi”­nin yaradılmasından düz 40 il ötür. 1984-cü ildə aşıqların IV qurultayından sonra Xalq şairi Hüseyn Arifin və Xalq yazıçısı Əzizə Cəfərzadənin təşəbbü­sü və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyində “Aşıq Pəri Məclisi”nin təqdimat mərasi­mi keçirilib. Məclisin fəaliyyəti həmin illərdə vaxtaşırı Az.TV-də işıqlandırılıb. Vaxtilə Aşıq­lar Birliyinin sədri olmuş Xalq şairləri Hüseyn Arifin də, Zəlmxan Yaqubun da diqqə­ti daim bu məclisin üzərində olub. 

“Aşıq Pəri Məclisi”nin so­rağı qısa müddətdə Gürcüs­tan, Dağıstan, Türkiyə, İran, İraq respublikalarına yayı­lıb. Məclisin istedadlı üzvləri dəfələrlə beynəlxalq folklor–musiqi festivallarında iştirak ediblər. Narınc Xatunun və məclisin yubileyləri dövlət sə­viyyəsində qeyd olunub.

Narinc Xatundan sonra “Aşıq Pəri Məclisi”nin inkişa­fında “ Əməkdar Mədəniyyət işçisi” Gülarə Azaflının mü­hüm xidmətləri olub. O da bir müddət məclisə rəhbərlik edib. Hazırda məclis “Ozan sənətinin təbliği ictimai birli­yi”nin sədri Pərvanə Zəngə­zurlunun rəhbərliyi ilə 10 ildən artıqdır ki, fəaliyyətini davam etdirir, üfüqlərini genişləndirir. Rəngarəng tədbirləri TV-lərdə işıqlandırılır. Ölkənin ayrı-ay­rı mədəniyyət ocaqlarında, o cümlədən Heydər Əliyev Sarayında, Rəşid Behbudov adına Mahnı Teatrında yad­daqalan təqdmatları keçirilib. Noyabr ayında “Kəlağayı Gü­nü”nə həsr olunmuş konsert proqramları da saz–söz sev­dalılarının böyük sevincinə səbəb olub.

Bu illər ərzində “Aşıq Pəri Məclisi”nin yaradıcılıq xəzinə­si daha da zənginləşib, üzv­lərinin fəallığı daha da artıb. Onların şeirlərindən ibarət 2 antalogiya və 7 almanax işıq üzü görüb. Bu toplularda cəmlənmiş nümunələr aşıq şeir növlərinin qiymətli incilə­ridir. Bunları dağ çiçəklərin­dən hörülmüş çələngə bən­zətmək olar.

“Aşıq Pəri Məclisi”nin 40 illiyi ilə bağlı Pərvanə xanım deyir:

– Bu münasibətlə Bakı­da və ölkəmizin müxtəlif böl­gələrində konsert proqramları təşkil etmək arzusundayıq. Bu, Türk dünyasında yeganə sazlı–sözlü xanımlar məcli­sidir. Ona görə də əlaqədar təşkilatlardan xahiş edirik ki, məclislərimizin təşkilində köməklərini əsirgəməsinlər.

Azərbaycan Aşıqlar Bir­liyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının qeyd etdiyi kimi, ötən yüzillikdə aşıq sənətinin görkəmli simaları olub. qa­dın aşıqlığı da əski çağlarla bağlı qaynaqlara söykənir. 

– Bir çox dastanlarda ki­şilərlə bərabər, meydanda olan qadın aşıqlar onlarla deyişiblər. Maralyanlı Aşıq Pəri kimi. Onun adını daşı­yan bu məclis aşıq sənəti­nin inkişafına mühüm töhfə verib. “Aşıq Pəri Məclisi” in­diyədək onlarca istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar Mə­dəniyyət işçisi Ulduz Quliye­va da var. “Ozan sənətinin təbliği ictimai birliyi”nin sədri Pərvanə Zəngəzurlu məc­lisə bacarıqla rəhbərlik edir. “Aşıq Pəri Məclisi”nin üzvləri əsl saz–söz sənətimizin pər­vanələridir. Onlar bu məclisi böyük məhəbbət duyğuları ilə yaşadırlar. İnanıram ki, min bir zəhmət hesabına ya­ranmış bu şeir–sənət məclisi bundan sonra da öz uzunö­mürlülüyünü qoruyub saxla­yacaq.

Həzi HƏSƏNLİ,
şair-publisist



Mədəniyyət