Altay Məmmədov – Gəncənin ədəbi “xan çinar”ı

post-img

Hər dəfə onun adı çəkiləndə kövrəlirəm. Çünki bu ad mənə çox doğmadır. Bu yaxınlığa səbəb ailə dostluğu və onun insani keyfiyyətləridir. Hətta dostluğumuz mərhum atam, Xalq artisti Məhəmməd Burcəliyevin vəfatından sonra da davam edib. 

Hər dəfə zəng edəndə ilk deyəcə­yi kəlmə bu idi: “Oğul, Altay əmindir”. Hal-əhval tutar, problemlərimizlə ma­raqlanardı. Onunla birgə mərhum həyat yoldaşı Almaz xanım da hər zaman ya­nımızda olar və sevincimizi, kədərimizi bölüşərdi.

Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq he­kayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və ədəbi ictimaiyyətin diqqəti­ni özünə cəlb edə bilmişdir. O həm də ədə­biyyatşünaslıq elmimizin kamil bilicisi idi. 

Altay Yusif oğlu Məmmədov 1930-cu ildə Gəncədə anadan olub. O, 4 saylı fəh­lə-gənclər məktəbini bitirib, 1943–1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta kimi çalışıb. 1949-cu ildə Gəncə Pe­daqoji İnstitutunun dil-ədəbiyyat fakültə­sinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirərək, “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında müəllim vəzifəsində saxlanılıb. Hələ tələbəlik illərində “Kiro­vabad fəhləsi” qəzeti redaksiyasında kor­rektor, “Gəncə kommunisti” qəzeti redak­siyasında ədəbi işçi vəzifələrində çalışıb. 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmə­dov özü artıq belə bir işıqlı ömrün yolçusu­na çevrilib. 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabını ədə­bi tənqid müsbət dəyərləndirib. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəb­bətin səsi”, “Gülab nəfəsli” və s. hekayələ­ri bu janrın gözəl nümunələrindəndir. 

O, filologiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi idi. 1957-ci il­dən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 1962-ci ildə Gəncə filialının rəhbəri olub. Məhz onun rəhbərliyi ilə Gəncənin neçə-neçə sayılıb-seçilən şair və publi­sisti yetişib, Altay Məmmədov dühasın­dan bəhrələnib. Əsl nüfuz sahibi olan Altay müəllimin sadəliyi, təvəzökarlığı isə bir başqa aləm idi. Hər zaman qaməti ilə Gəncənin Xan çinarlarını xatırladıb, tələbələrinin mənəvi atası və yaxın dostu olub. 

Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyalarla ya­naşdığı hekayə, oçerk, məqalə və dram əsərləri ilə diqqət çəkib. “Həmyerlilər”, “Kişilər”, “Dəli Domrul” bu sıradandır. Əslində, onun nəsrinə bələd olmadan dramaturgiyasını duymaq və təhlil etmək çətindir. Altay Məmmədov dram əsərləri teatrın tələblərini səhnə effektlərinə deyil, aktyor ifasına güvənən rejissor traktofka­sı ilə eynilik təşkil edən həyat həqiqət­ləridir. “Həmyerlilər” pyesinin maraqlı ta­rixçəsi var. Müəllif bu barədə xatirələrində yazırdı: “Mənə “Həmyerlilər”in ideyasını Xalq artisti Məhəmməd Burcəliyev ver­di. Mən bu mövzu ətrafında bir xeyli dü­şündüm və qərara gəldim ki, “Haralısan, əmioğlu” hekayəmin motivləri əsasında özümü pyesdə sınayım. Yazdım və pyesi Gəncə Dövlət Dram teatrının bədii şura­sına təqdim etdim. Tamaşanın quruluşçu rejissoru isə elə Xalq artisti Məhəmməd Burcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu”.

Müəllifin “Yadındamı?” (quruluşçu re­jissor Tofiq Kazımov) lirik-psixoloji pyesi də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. 1937-ci il repressiya qurban­larının acı taleyi, bu qəbildən olan ailələ­rin sanki fırtınalı bir dənizə düşmüş hə­yatı pyesin əsas personajı olan yüksək mənəviyyatlı Zaurun timsalında göstəri­lir. Xalq artisti Ələddin Abbasov “Yadın­damı?” pyesi haqqında öz xatirələrində yazırdı: “Bu həmin dövr idi ki, mətbuat müvəkkilliyi şəxsiyyətə pərəstişin törətdi­yi cinayətlərə həsr olunmuş əsərlərin ça­pına qəti icazə vermir, ayrı-ayrı əsərlərdə bu məsələyə toxunulan cümlələri də silib atırdı. Bu dövrdə Altay Məmmədovun “Yadındamı?” lirik-psixoloji dramı, sözün əsl mənasında, cəsarətli söz, addım, inqilab idi”. 

Müəllifin Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” pyesinin motivləri əsasında “Ulduzlar görüşəndə” (quru­luşçu rejissor Əməkdar incəsənət xadimi Yusif Bağırov) komediyası da dövrünün maraqlı səhnə əsərlərindən hesab edilir. Sovet dövründə səhnədən deyilən “Məm­ləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləm (SSRİ rəhbərliyi nəərdə tutulurdu) özüdür” cümləsi salonda qey­ri-adi bir vəcdlə, uğultu ilə qarşılanmışdı. 

Altay Məmmədovun maraqlı səh­nə əsərlərindən biri də “Dədə Qorqud” dastanının motivləri əsasında yazmış olduğu “Dəli Domrul” qəhrəmanlıq ko­mediyasıdır. Həm “Dəli Domrul”da, həm də dramaturqun digər əsərlərində böyük­lüyündən, kiçikliyindən asılı olmayaraq, obrazlar aktyora öz istedadını nümayiş etdirmək, müəllif fikrini sərrast çatdır­maq imkanı yaradıb. Onun dram pyes­ləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərlə­ri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərində çap edilib. 

Görkəmli sənətkar tərcümə ilə də cid­di məşğul olub. Əbdüqəhhar İbrahimo­vun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini ruscadan Azərbay­can dilinə çevirib. O, “Azərbaycan he­kayəsi” adlı çox sanballı bir monoqrafiya­sı ilə ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də bilicisi olduğunu sübut edib. 

Onunla son görüşüm Gəncədə 2002-ci ilin mart ayına təsadüf edib. Novruz bayramı ərəfəsi idi. Onun dostluq mü­nasibətləri əsl örnək idi. Deyirdi, gərək dostu elə qazanasan ki, yükünü axirətdə də daşıya biləsən. Elə bu yükü, bu dün­yadan axirətinəcən də layiqincə daşıdı. Bu gün biz Altay Məmmədov itkisini qəl­bimizdə gəzdiriik. 

Ruhun hər zaman şad olsun, Gəncə­nin Xan çinarı. 

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət