Ailə xoşbəxtliyin isti yuvasıdır, gərək ora öz vaxtında gələsən

post-img

Erkən nikahla bağlı “XQ”nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsi ilə birgə təşkil etdiyi “dəyirmi masa”da qonaqlarımız Azərbaycan Res­publikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq siyasəti şö­bəsinin sektor müdirləri Araz Poladov, Rüstəm Qasımov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru Emin Nəsirli, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiy­yəti başçısının müavini Rəna Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında ictimai şuranın sədr müavini Nailə İsmayılova və “Vətəndaş­ların Əmək Hüquqları Liqas”nın sədri, hüquq müdafiəçisi Sahib Məmmədov idi.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonaqları salamla­yaraq bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində erkən nikah ağrılı prob­lemlərdən biridir. Bu, bəzən qızların öz istəkləri, bəzən də valideynlərin təzyiqi, habelə ailədə maddi vəziyyətin çətinliyi və digər səbəblərdən yaranır. Düzdür, belə bir narahatlıq doğuran məsələdə üzrlü səbəblər də olur və bu cür hal­larda müvafiq icra hakimiyyəti orqanı çıxış yolu kimi nikah yaşının 1 il azal­dılmasına icazə verir. Əslində, belə bir vəziyyət də sonradan müəyyən sui-isti­fadə hallarına gətirib çıxarır, erkən ni­kahların sayının artmasını şərtləndirir. Ümumiyyətlə, bu hallar cəmiyyətdə mə­lum məsələlələ bağlı narahatlıqları daha da artırır. Vaxtaşırı mediada işıqlan­dırılan belə problemlər də sözügedən məsələyə daha ciddi yanaşılmamasını göstərir. 

Əflatun Amaşov qeyd etdi ki, erkən nikahla bağlı sadalanan problemlərin böyük bir hissəsi aradan qaldırılsa da, hələ də bu sahədə bir sıra çatışmaz­lıqlar nəzərə çarpır. Buna görə də sö­zügedən məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin daim gündəliyindədir. Qurum Milli Məc­lisin müvafiq komitəsi ilə birgə bu prob­lemə həssaslıqla yanaşır və zamanın tələbinə uyğun olaraq qanunvericiliyə müəyyən əlavə və dəyişikliklərin ger­çəkləşdirilməsini diqqətdə saxlayır. 

Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qa­nunvericilik bazasının təkmilləşdirilmə­si zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edil­məsi və erkən evliliklə nəticələnən mə­rasimlərin keçirilməsinə görə də məsu­liyyətin müəyyən edilməsi təklif olunur. 

Baş redaktor qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək vur­ğuladı ki, redaksiyanın fəaliyyətində ölkənin sosial həyatının bütün sahələrin­dəki müəyyən çətinliklər, eləcə də erkən nikah problemi ilə bağlı məqalələrin dərc edilməsi prioritet istiqamətdir. Bü­günkü “dəyirmi masa” da həmin silsilə­nin, bir növ, davamıdır. 

Rüstəm Qasımov: 

– Erkən nikah doğrudan da ağrılı bir problemdir. Bəs bununla bağlı qarşı­mıza qoyulan tapşırıq nədən ibarətdir? Sualın cavabı ilə əlaqədar, ilk növbədə, onu qeyd edə bilərəm ki, qanunvericilik­dən gözləntilər çoxdur. Bu da normaldır. Amma bu məsələ qanunvericilik məsələ­si deyil. Bu, əsasən, sosial, adət-ənənə, eyni zamanda, psixoloji məsələdir. Qa­nunvericilik bu problemə kömək prinsi­pi ilə yanaşır. Biz ekspertlərin, müvafiq orqanların təqdim etdikləri məlumatlara, habelə müəyyən layihələrə, təkliflərə əsaslanaraq, erkən nikahın qarşısının alınması məqsədilə müəyyən balanslı bir nəticəni əldə etməyi qarşıya önəmli məqsəd kimi qoyuruq. Bu məsələ istər mediada, istərsə də rəsmi toplantılar­da daim müzakirə edilən bir mövzudur. Yeri gəlmişkən, nikahın 18 yaşdan 17 yaşa qədər azaldılmasını müəyyən is­tisna hallarda komitənin rəyini almaq şərtilə saxlamağı təklif etmişdik. Bu dəfələrlə müzakirə də edilmişdi. Bun­dan məqsəd nə idi? nikahın 18 yaşdan 17 yaşa qədər azaldılması nə dərəcə­də məqbuldur? Orada da heç kimin bu azaldılmanın tərəfdarı olmadığı görü­nürdü. Bildirilirdi ki, belə də sui-istifadə halları olur, heç bir səbəb göstərilmədən nikah 18 yaşdan 17 yaşa salınır, azyaş­lıların evlənməyinə şərait yaradılır. 

Onu da qeyd edim ki, bu məsələdə heç Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də rəyi soru­şulmur. Bir orqan qərar verir, onun üzə­rində nəzarət mexanizmi yoxdur. Bu məsələdə sui-istifadə hallarına yol ve­rilirsə, kimi cəzalandırmaq, bunu hansı formada etmək lazımdır? Cəzalandırma nə qədər sərt olmalıdır, yaxud nə qədər yumşaq olmalıdır? Və hansı qanunve­ricilik çərçivəsində olmalıdır? Cinayət Məcəlləsi, ya İzibati Xətalar Məcəllə­si əsasındamı? Ümumiyyətlə, suallar çoxdur və məsələ də təkcə məsuliyyət məsələsi deyil. Qanunvericilikdə hansı başqa addımları atmaq mümkündürsə, məmnuniyyətlə o barədə fikirləri də din­ləməyə hazırıq.

Araz Poladov:

– Problemləri əsasən iki istiqamət­də görürük. Birincisi, nikah yaşının qanunvericilikdə azaldılması prosedu­runun mövcud olması, bu sahədə ya­şın 18-dən 17-yə salınmasının məqsə­dəuyğunluğu, ikincisi isə erkən yaşda evlənməyə məcburetmənin, nişanlan­maya görə müəyyən çəkindirici halla­rın müəyyən olunmasıdır. Bizim ilkin mövqeyimiz ondan ibarət idi ki, 17 yaş məsələsi qanunvericilikdə təsbit oluna bilər. Çünki beynəlxalq praktikanı araş­dıranda gördük ki, əksər inkişaf etmiş ölkələrdə nikah yaşının müvafiq icra hakimiyyəti orqanının, məhkəmənin, valideynlərin razılığı ilə 18 yaşdan 17 yaşa salınması proseduruna icazə var. Avropada, ABŞ-da və Asiya ölkələrində də bunu müşahidə etmək mümkündür. Bu baxımdan bizim ilkin mövqeyimiz o oldu ki, bu sahədə sui-istifadə hallarının qarşısı alınmalı, dövlət nəzarəti güclən­dirilməlidir. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin rəyinin alınması təklif edildi. Lakin ictimai müzakirə zamanı belə bir mövqe də özünü göstərdi ki, nikah yaşının 18-dən 17-ə salınması müvafiq hesab edilməsin. Bu məsələdə heç bir istisna olmadan 18 yaş təsbit olunsun. Fikri­mizcə, bu da mümkündür, amma buna qərar verən qanunverici orqandır, təklifə sonuncu münasibət bildirən də məhz həmin qurumdur. 

İkinci məsələ isə 13, 14, 15, hətta12 yaşlarda nişanlanmaların, faktiki olaraq nikah münasibətlərinə daxil ol­maların qarşısının alınmasıdır. İstənilən halda 18 və 17 yaşdan aşağı dövlət ni­kahı qeydə almır. Amma müşahidələr göstərir ki, belə hallar mövcuddur. Sa­birabadda 12 yaşlı qızın nişanlanması, digər belə neqativ halların baş verməsi bunun bariz ifadəsidir. Düzdür, nişan­lanma birgə yaşayışı ehtiva etmir, belə demək mümkünsə, bu evlənmək üçün bir növ sövdələşmə anlamına gəlir. Qa­nunvericilikdə nişanlanmanın statusu müəyyənləşdirilmir. Amma belə halla­rın qarşısının alınması bizi təbii ki, cid­di düşündürür. Burada da ikili yanaşma mövcuddur. Birincisi, 16 yaşdan aşağı şəxslərin nişanlanması, evlənmə ilə bağlı sövdələşməyə gedilməsi Cinayət Məcəlləsi çərçivəsində qadağan olun­malı, nişanlanmaya, nikaha məcbur-edilmə hallarına şərait yaradan şəxslər müəyyən cərimə ilə müvafiq məsuliy­yət daşımalıdırlar. İkincisi yanaşma isə nişanlanmanın daha az təhlükəli əməl olduğu üçün inzibati məsuliyyətin müəy­yən olunmasıdır. 

Vüqar İsgəndərov:

– Mən bütün sahələrdə sərt qanunla­rın olmasının tərəfdarıyam. Çünki dün­yanın keçdiyi bir təşəkkül yolu var. Bu gün Qərbdə elə dövlətlər var ki, onlarda dəqiq, ədalətli xalq və dövlət, intizamlı cəmiyyət anlayışına həssaslıqla yanaşı­lır. Onların keçmişi bəlkə də barbarlıqla bağlıdır. Bəs indiki mütərəqqi cəmiyyət quruculuğunda uğurlar necə əldə edi­lib? Onlar indiki mərhələyə təkcə maarif-ləndirmə yolu ilə deyil, həm də sərt qanunvericiliklə nail olublar. Məsələn, bu gün Azərbaycanda yol hərəkəti təh­lükəsizliyi ilə bağlı vəziyyətə diqqət et­dikdə hər şeyin normal məcrada olduğu görünür. Halbuki, neçə il bundan əvvəl belə deyildi, sürücülər texniki baxışdan, sığorta ödənişindən yayınırdılar. Bu hal yeni çağırışları, müvafiq sahədə qanun­ların dəyişilməsini tələb edirdi. Beləliklə, mövcud qanunlar dəyişdirildi, hətta bu məsələdə qanunvericilik bir qədər sərt­ləşdirildi. Düzdür, bu, ilk vaxtlar bəzi sü­rücülər tərəfindən narazılıqla qarşılandı, amma vaxt ötdükcə qanunların sərtliyi onları texniki baxışdan, sığorta ödəni­şindən yayındırmaqdan çəkindirdi. İndi isə artıq sözügedən sahədə müsbət və­ziyyət göz önündədir...

Bəli, qanun bu gün sərt, ağrılı gö­rünə bilər, amma bu, gələcək nəsillərin intizamlı həyatında, başqa sözlə, uğurlu inkişafında zəmin rolu oynaya bilər. Bu baxımdan erkən nikahla bağlı sadala­nan problemlər də, necə deyərlər, qanu­nun sərt “əli” ilə öz həllini tapar.

Sahib Məmmədov: 

– Vaxtilə işlədiyim yerli icra orqanla­rının birində erkən nikahla bağlı sərt bir prosedur qaydasının tərəfdarı oldu­ğunu bildirmiş, qız və oğlanın ayrı-ay­rılıqda tibbi yoxlamadan keçmələrini, özlərinin, həmçinin valideynlərinin inter­vü olunmalarını qarşıya prioritet vəzifə kimi qoymuşdum. Mən problemi 1 ya 2 yaş fərqində görmürəm. İstisna hal olmalıdır. Bəzi ölkələrdə bu var. Səhiy­yə sisteminin müəyyən normativlərinə görə, belə bir hal mümkündür, yəni yaş hədləri tərəddüd edə bilər. 

Bu məsələ sovet dövründə fərqli idi. Bu da hər bir yaşayış məntəqəsin­də, eləcə də paytaxtda qızların iş yer­ləri ilə təminatının reallaşması ilə bağlı idi. Başqa sözlə, onlar kənd təsərrüfatı sahələrində olduğu kimi, Bakının səna­ye müəssisələrində də çalışa, yataqxa­nalarda yaşaya bilirdilər. Etiraf edək ki, indi bu sahədə müəyyən çətinliklər ya­şanır. Yeri gəlmişkən, bu məqamda vax­tilə apardığımız bir tədqiqatın nəticəsini xatırlatmaq istərdim: qızlar deyək ki, 9-cu sinfə qədər oxuyurdular, kolxoz-so­vxoz sistemi də dağıldiğından sonra ge­dib təsərrüfatlarda işləyə bilmirdilər. Ba­kıya gəlib burada bir iş tapacaq ümidləri də yox idi. Bəs nə işlə məşğul olmalı idilər? Valideynləri də bu barədə düşü­nüb-daşınsalar da, bir çarə tapmırdılar. Son qərar da qızı ərə vermək olurdu. Bax, bu sosial səbəb həmin o qızların erkən ailə qurması ilə nəticələnirdi ki, bu da müəyyən fəsadlara gətirib çıxarırdı... 

Vüqar İsgəndərov:

– Sahib müəllim, sizin fikirlərinizdə mübahisəli məsələlər də var...

Sahib Məmmədov:

– Biz daha çox nəticədən danışırıq, amma, ilk növbədə, səbəbi axtarmalı, sonra isə qanunvericiliyin tətbiqindən bəhs etməliyik. 

Emin Nəsirli:

– Erkən nikahların sayı əvvəllər daha çox idi, lakin hüquq pozuntusu gizliliyini qoruyurdu. Ona görə ki, hüquqpozuntu­sunu törədən şəxslər yaxın iki qohum olurdu. Bir-birilə qarşılıqlı razılığa gəlib bu nikahı həyata keçirirdilər. Bu səbəb­dən məlumat hüquq-mühafizə orqanla­rına vaxtında daxil olmurdu. Ona görə də görülən tədbir gecikirdi və baş verən əməl bu üzdən cinayət məsuliyyətinə səbəb olurdu. Statistikaya nəzər sal­saq, hər il erkən nikahla bağlı, istər erkən nikaha daxil olan şəxslər, istərsə də valideynlər, qohumlar, yaxın qonşu­lar və dövlət qurumları tərəfindən mü­raciətlər çoxalıb. Bu da onun nəticəsidir ki, kifayət qədər maarifləndirici tədbirlər həyata keçirilib. Məhz belə tədbirlərin nəticəsidir ki, baş verən hallarla bağlı müraciətlər daxil olur. 

Qeyd etmək istəyirəm ki, 2023-cü il ərzində erkən nikahla bağlı daxili işlər orqanlarına müraciətlərin sayı 50 ol­muşdur. Onlardan 20 fakt üzrə cinayət işi başlanmışdır. 19 fakt üzrə Azərbay­can Respublikasının Cinayət Məcəlləsi­nin 152-ci maddəsi ilə, 1 fakt üzrə isə 176-1-ci maddəsi ilə cinayət işi baş­lanmışdır. 152-ci maddəyə görə, erkən nikahla bağlı şəxsin iradəsindən asılı olmayaraq, bu əməl başa çatmış sayı­lır və cinayət məsuliyyətinə səbəb olur. Yəni, 16 yaşına çatmayan şəxslər cinsi əlaqədə ola bilməzlər. Bu, həmin şəxsin subyekt kimi, qarşı tərəfin ona razılıq verib-verməməsindən asılı olmayaraq cinayət məsuliyyətinə səbəb olur və dərhal barəsində tədbir görmək realla­şır. İkinci –176-1 maddə isə qadını məc­buri nikaha daxil etməkdir. Bu halda isə cinayətin əsas subyekti valideynlər olur. Onlar uşağı öz istədikləri şəxslə nikaha daxil olmağa məcbur edirlər. Belə olan hallarda da müraciətə dərhal reaksiya verilir və tədbir görülür. Bizim ən zəif nöqtəmiz 16–18 yaş arasında olanların məsələsidir. Deputatımızın da qeyd etdi­yi kimi, bununla bağlı sərt cəzalar olsa, hüquqların pozulması aradan qalxar. 

Düşünürəm ki, kifayət qədər maarif­ləndirici tədbirlər keçirilib, 16–18 yaşa qədər evliliyə icazə yoxdur. İndiki qa­nunvericiliyə görə 17 yaşda, yalnız istis­na hallarda nikaha icazə verilir. Qanun­vericilikdə Ailə Məcəlləsində göstərildiyi kimi, nikaha daxilolma yaşı 18 olaraq nəzərdə tutulub. Bəs bunun pozulması zamanı hansı cəza nəzərdə tutulub? Əvvəllər rayonlara, ucqar kəndlərə ge­dərdik. Erkən nikahlarla bağlı müraciət­ləri yoxlayanda görürdük ki, bunların heç qanundan xəbərləri yoxdur, elə bi­lirlər ki, 16 yaşda da ailə qurmaq olar. 

Qanunu bilməmək vətəndaşı məsu­liyyətdən azad etmir, amma görürdük ki, məlumatsızdır. İndi sevindirici haldır ki, müraciətlə bağlı ünvana gedəndə etiraf edirlər ki, məlumatımız var, səhv etdiyimizi bilirik. Görürük ki, belə faktla­rın sayı getdikcə azalmağa doğru gedir. Əvvəllər müraciətlərimiz də az olurdu. Hazırda kifayət qədər var, tədbirlər də görülür. Toy, nişanla bağlı müraciət olan kimi, qrup şəklində əməkdaşlarımız ge­dir, mərasim sahiblərini çağırırıq, profi­laktik söhbət aparırıq. Bunu hamı bilir. Amma erkən nikaha daxil olduqlarına görə sərt cəzalandırılsalar, digər bu ad­dımı atmaq istəyənlər ibrət götürərlər.

Əflatın Amaşov:

– Bununla bağlı hansı cəza növü və kimə tətbiq olunmalıdır? Xəbərdarlıqmı, cəriməmi?

Emin Nəsirli:

– Cəzalardan danışsaq, məncə, yüksək məbləğdə pul cəriməsi tətbiq edilməlidir. Çünki qarşılıqlı razılıqla ni­kaha daxil olurlarsa, burada həm qız, həm də oğlan məsuliyyət daşıyır. Məb­ləğ yüksək olarsa, cərimədən çəkinə­cəklər. Hər birinə 5 min manat cərimə kəsilsə, bu, təbii ki, xoş qarşılanmaya­caq. Maarifləndirici söhbətlər kifayət qə­dər aparılır. Erkən nikahın acı nəticələri ilə bağlı onlara xəbərdarlıq edilir. BMT tərəfindən müəyyən edilib ki, hətta 20 yaşlı və 28 yaşlı qadınların dünyaya gə­tirdikləri körpələr arasında ölüm faizi 20 yaşda qadınların uşaqlarında yarıbayarı çoxdur. Ona görə nikaha daxil olanların sağlamlıqları da yoxlanmalıdır.

Sahib Məmmədov:

– Bu məsələni gələcəkdə daha da mürəkkəbləşdirən bir problem də bu­radan yaranır. Bu, selektiv abortlardır. Hazırda ölkədə reproduktiv qadınların sayı kişilərdən azdır. Yaxın 10 illikdə bu, daha da ciddi problem olacaq, qız­ların sayı kəskin azalacaq və “qız qızıla dönəcək”. Onda valideynlər oğullarına erkən yaşdan qız axtarıb nişanlayacaq ki, gələcəkdə ailə qursun. Statistikaya nəzər salsaq, gələcəkdə qız tapmaq müşkül olacaq. Bu məsələni də araşdır­maq lazımdır.

Rüstəm Qasımov:

– Bizdə belə təəssürat yaranıb ki, 16–18 yaş Cinayət Məcəlləsinə görə cinsi azadlıq yaşıdır. Yəni razılıqla özü qərar verə bilər. Bəs 12–16 yaşın təh­lükəsi nə qədərdir?

Emin Nəsirli:

– Orta məktəbdə oxuyan həmin yaş­da qızlar erkən nikahın acı nəticələri­ni görmürlər, bilmirlər. Amma özündən 2–3 sinif yuxarı oxuyanın, yaxud 17 yaş­lının erkən nikahla bağlı cəzalandırıldı­ğını görəndə, təbii ki, çəkinəcək, düşün­cəsi dəyişəcək, bu addımı atmayacaq.

– Hüquqi yanaşma budur ki, qa­nun qohumla və erkən yaşda nikaha icazə verir, amma fəsadları və zərərli nəticələri var. Nikaha məcburetməni Cinayət Məcəlləsi müəyyənləşdirir ki, nikaha məcbur etmək olmaz, qada­ğandır. Bəs uşaq evliliyi? Buna görə hansı məsuliyyət var? İnzibatı Xətalar Məcəlləsində göstərilir ki, uşağın tə­lim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən valideynə xəbərdarlıq edi­lir və 40–60 manat cərimə olunur. Bu məsələlər fərqləndirilməlidir.

Rəna Vəliyeva:

– Qanunvericilikdə qeyd olunur ki, üzürlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 il müddətinə azaldılmasına icazə verə bilər. Burada üzürlü səbəb sözü artıq problem yaradır. Komissiyaya müraciət edən hər bir ailə özünə görə bir üzürlü səbəb irəli sürür. İş prosesində rast gəl­diyimiz istisna hallar müxtəlifdir. Nika­ha daxil olmaq istəyən şəxslərin yaxın qohumlarının, valideynlərinin xəstəliyi, uzunmüddətli ezamiyyət, başqa ölkəyə köçmək və ən çox rast gəlinən hamiləlik məsələsidir. 

Biz yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi işi üzrə komis­siya olaraq azyaşlıların hüquqlarını müdafiə edirik. Bu məsələləri müza­kirə edəndə, baxırıq ki, nə nənənin, nə atanın xəstəliyi, nə ezamiyyətə getmək məsələsi uşaqların hüquqlarını müda­fiə etmir. Burada yeganə hal hamiləlik məsələsidir ki, biz belə olanda nikah yaşının azaldılmasına razılıq veririk. Çünki hamilənin qeydiyyata alınması, doğulan uşağın sosial hüquqlarının mü­dafiəsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə nikah bağlanma­lıdır. 16–18 yaş arası cinsi azadlıq belə erkən hamiləliyə səbəb olur. O da özlü­yündə uşaq evliliyinin bir il azaldılması­na təkan verir. Ona görə bu məsələlər paralel şəkildə getməlidir. 

İlkin növbədə 16–18 yaş arası cin­si azadlıq qadağan olunmalıdır ki, o da özlüyündə erkən evliliyə yol açmasın. Çünki biz cinsi azadlığa razılıq veririk­sə, cinsi azadlıq ola bilər, valideyn gəlir ki, qızım hamilədir, artıq həkimə getmə­lidir, qeydiyyata alınmalıdır, xəstəxana qəbul etmir. Belə olan halda biz erkən nikaha razılıq verməyə məcbur oluruq.

Məsələnin ikinci tərəfi, cəza mexa­nizmi də var. Bu, necə olmalıdır? Deyim ki, cəza mexanizmi var, sadəcə, tətbiqi geniş deyil. Bu yaxınlarda rayonların bi­rində cəza mexanizminin tətbiqinin şa­hidi oldum. Ata, hətta həbs olundu. Bu mexanizm valideyn hüquqlarının məh­dudlaşdırılmasına qədər gedə bilər. Qanunu bilməmək heç kəsi məsuliyyət­dən azad etmir. 

Təqdim edilən suallar arasında bir məsələ də vardı: maarifləndirmə, yoxsa cəza? Bunlar paralel getməlidir, maarif­ləndirmədən başlayıb cəzada bitməlidir. Əgər, ilk növbədə, maarifləndirmə apa­rılır, tətbiq olunur və nəticə yoxdursa, əməl artıq cəzanın tətbiqi ilə yekunlaş­malıdır. Bir misal xatırladım. Hamımız bilirik ki, pandemiya dönəmində bütün dünyada maska taxmaq tələbi qoyuldu ki, hər kəs sağlamlığını qorusun. Biz isə yayınırdıq. Nəticə etibarılə cəza tətbiq olundu, mexanizm gözəl işlədi və hamı bir nəfər kimi maskaya keçdi. 

Bunun kökündə təhsildən yayınma dayanır. Cəzasızlığın daha çox hökm sürdüyü sahə təhsilsizlikdir. Bu, mənim ağrılı yerimdir. Çünki, bizim Sabunçu rayonunda təhsildən yayınma halları çoxdur. Bununla bağlı olaraq son dövr-lərdə İnzibati Xətalar Məcəlləsinin va­lideyn məsuliyyətsizliyi ilə bağlı olan müvafiq maddəsini əsas götürüb polisə müraciət edirəm ki, 60 manat da olsa cərimə cəzası tətbiq olunsun. Bununla təhsildən yayınmanın qarşısını almağa çalışırıq. 

Maarifləndirmə tədbirləri həyata keçiririk, bu yaxınlarda belə bir araşdır­ma apardıq ki, 2023–2024-cü tədris ili ərzində fevral ayına qədər 47 məktəb üzrə 75 şagird qız təhsildən yayınıb. Bu çox ciddi rəqəmdir. Əslində, əvvəlki illərdə də bu statistikanı aparırdıq. Va­lideynlərlə görüşürük, görürük ki, təh­sildən yayınmanın kökündə məsuliy­yətsizlik durur. “Gətirə bilmirəm”, “uşaq istəmir”, “uşaq sinifdə qaldığına görə yaşıdlarından geridə qalır, utanır” kimi boş bəhanələrlə qızların məktəbdən, təhsildən uzaqlaşmalarına şərait yara­dırlar. Qızın heç bir məşğuliyyəti olmur, evdə oturub, təəssüflər olsun ki, sadə­cə olaraq, ərə getmə zamanını gözləyir. 

Düşünürəm ki, maarifləndirmə istər yerli icra hakimiyyəti orqanları, istər qeyri-hökumət təşkilatları, istərsə də Ailə, Qadın, Uşaq Problemləri üzrə Döv­lət Komitəsi, hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər aparılır. 2023-cü ildə biz Ailə, Qadın, Uşaq Problem­ləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Ombudsman Aparatı ilə bö­yük bir layihə–“Susma, səsini eşitdir!” aylığı həyata keçirdik. Aylıq çərçivəsin­də məktəblilərlə, valideynlərlə görüşür­dük, müzakirələr aparırdıq. Düşünürəm ki, maarifləndirməyə dəstək məqsədilə cəza mexanizmi mütləq şəkildə tətbiq edilməlidir.

Vüqar İsgəndərov:

– Ailə bir institutdur, dövlətin bü­tövlüyündə mühüm amildir. Bu insti­tut cəmiyyətə layiqli övlad yetişdirmək üçün möhkəm olmalıdır. Bu baxımdan erkən nikah probleminə həssaslıqla yanaşılmalıdır. Belə bir məsələnin bir sıra hallarda diqqət kənar qalması isə boşanmaların sayını artırır. Ümumiy­yətlə, erkən nikah məsələsi psixoloji bir məqam kimi də nəzərə alınmalıdır. Ha­mımız yaxşı xatırlayırıq, bir vaxtlar vali­deyn qız köçürəndə ona ailəyə sadiqli­yi məqsədilə dəyərli məsləhətlər verir, hətta onun ər evinə bağlılığının, burada son nəfəsinədək yaşamasının zəruri­liyini anladırdı. İndi ailələrdə başqa bir ab-hava yaşanır. Ata-ana qızına deyir ki, ər evində sənə xətrinə dəyəcək bir söz deyilərsə, bu qapı üzünə açıqdır, biz ölməmişik, qayıt gəl, bizimlə yenə birgə yaşamağına heç kim mane ola bilməz. 

Onu da etiraf edək ki, əvvəllər cə­miyyətdə boşanan qızlara o qədər də yaxşı baxmırdılar. Amma indi boşan­maların sayı artıqca, çoxu buna adi hal kimi baxır. 

Bir sözlə, ailə institutunun möhkəm­lənməsi daim diqqətdə saxlanılmalı­dır. Ona görə də burada həm psixoloji məqam nəzərə alınmalı, həm də qa­nunvericilik bazası bu istiqamətdə möh­kəmləndirilməlidir. 

***

Ekspertlərin qənaətinə görə, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, bo­şanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Statistikaya əsasən, res­publikamızda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qız­lar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliy­yətinin müəyyən edilməsi və maariflən­mə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həya­ta keçirir.

Bu istiqamətdə görülən işlərin da­vamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə “Gənclər arasında ailə­nin və nikahın əhəmiyyəti, onun qorun­ması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarif­ləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərə­findən aidiyyəti dövlət orqanları ilə razı­laşdırılmaqla hazırlanmışdır.

Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndir­mənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilib.

İlk dəfə olaraq məhz bu sənəddə “erkən nikah”, “qohumlar arasında ni­kah” və “erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” anla­yışlarının izahı verilib. Qaydada erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasın­da nikah dedikdə isə baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur.

Qaydanın 1.2-ci bəndində gənclər arasında maarifləndirmə sahəsində tədbirləri həyata keçirən dövlət qurum­larının siyahısı və onların vəzifələri da açıqlanır. Belə ki, təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respub­likasının Ədliyyə Nazirliyi və Azərbay­can Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müva­fiq ərizələrindəki məlumatlara əsasən, qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər ara­sında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə apa­rılmasını təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi, ölkəmizdə də hələ ki, mövcuddur və na­rahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələr­də yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumi­likdə, bütün cəmiyyət üzvləri problem­lə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.

Unutmaq olmaz ki, azyaşlı uşaqla­rı erkən nikaha və evliliyə məcbur et­mək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən ba­riz “nümunəsi” kimi dəyərləndirilməlidir.

O da vurğulanmalıdır ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edil­məsi üzrə Komitəsinin Azərbaycanla bağlı rəyində ölkədə qadınlar və kişilər üçün minimum nikah yaşının 18 yaş həddində müəyyən edilməsinə baxma­yaraq, erkən nikah səviyyəsinin yüksək olduğu, qadınların və qızların yalnız kəbinlə nikaha daxil olmaları, erkən ni­kahların rəsmi qeydiyyatının olmaması səbəbindən qadınlar Ailə Məcəlləsinin təmin etdiyi müdafiədən yararlana bil­mirlər. 

 

Vaqif BAYRAMOV,

Zərifə HÜSEYNOVA,

Səbuhi MƏMMƏDOV,

Cavid QAÇAYEV (foto)

XQ



























Sosial həyat