Buyurun, bu da “bəxtəvər ölkələr”in sonu...

post-img

Varlılar aləminin yoxsullaşması daha ağrılıdır

2024-cü il dünyanın bir çox “bəxtəvər ölkələri” üçün yaxşı heç nə vəd etmir. Məsələn, bu ilin ABŞ vətəndaşları üçün qiymətlərin kəskin artımı, israillilər üçün “kassa kəsirləri”, hətta çox qənaətli dolanan Finlandiya vətəndaşları üçün yoxsulluğun yaxınlaşdığı il kimi tarixə düşəcəyi gözlənilir. Dünyaya nümunə kimi bəh-bəhlə təqdim olunan Böyük Britaniyada belə 14 milyon insan kommunal xərclərin artması səbəbindən yoxsul vəziyyətə düşüb. 

Yeni ilin ilk günlərindən başlayaraq, dünya bazarları iqtisadi inkişaf tempinin tədricən yavaşımasına hazırlaşmağa başlayıblar. Əsas problemlərdən biri kimi istehlakçıların tələbatının kəskin zəif­ləməsidir. Ötən ilin səhvlərini təhlil edən analitiklər qeyd edirlər ki, bu, ilk növbədə, COVID-19-dan sonra Çinin dayandırılan istehsal bumunun yenidən bərpa edilə­cəyinə olan ümidlərlə bağlıdır, amma bu ümidlər özünü doğrultmayacaq. 

“Reuters” agentliyinin yazdığına görə, “Goldman Sachs”, “Morgan Stan­ley”, “UBS” və “Barclays” da daxil olmaq­la, nəhəng banklar 2024-cü ildə yüksək bank faiz dərəcələrini, neftin daha da bahalaşacağını proqnozlaşdırırlar. ÇXR isə iqtisadi artımın zəifləyəcəyini bildi­rir. Agentlik, həmçinin bir il əvvəl bəzi bankların Birləşmiş Ştatlarda tənəzzül proqnozlaşdırdıqlarını da qeyd edir. İndi təhlükə elə də böyük deyil, lakin “Confe­rence Board”un hələ ötən ilin noyabrında keçirdiyi sorğuda Amerika istehlakçıları­nın təxminən üçdə ikisi əvvəlki kimi he­sab edirdi ki, 2024-cü ildə “çox” və ya “daha çox” tənəzzül ehtimal olunur.

Qlobal iqtisadiyyatda liderliyə gəlin­cə, Britaniya İqtisadiyyat və Biznes Araş­dırmaları Mərkəzinin hesabatında Çinin yalnız 2037-ci ildə ABŞ-ı keçə biləcəyi qeyd olunur. “Bürünc” uğrunda da kəskin mübarizə gedir və analitiklər proqnozlaş­dırırlar ki, iki il ərzində dünyanın üç ən böyük iqtisadiyyatı arasında Almaniyanın yerini Yaponiya tutacaq, amma o da öz növbəsində 2035-ci ilə qədər Hindistan tərəfindən sıxışdırılıb mövqeyini ona ver­məyə məcbur olacaq. 

Əlbəttə, ABŞ iqtisadiyyatı bundan sonra hələ on ildən çox planetin qalan iqtisadiyyatlarını qabaqlasa da, bu ölkə­də də işlər yaxşı getmir. COVID-19 pan­demiyasına qarşı mübarizə zamanı, az qala, helikopterlərdən səpilən pullar kimi, asan pula tez alışan amerikalılar, dövlət yardım proqramları başa çatdıqdan son­ra, indi sürətlə artan qiymətlərlə yaşama­ğı öyrənməlidirlər. Çünki əhalinin ən yox­sul təbəqələrinin əmanətlərinin azaldığı bir vaxtda, ərzaq qiymətləri artmaqda davam edir. 

Yaşayış dəyəri ilə bağlı problem o dərəcədə kəskinləşib ki, son on ildə ilk dəfə olaraq ölkədə ərzaq təhlükəsizliyi­nin səviyyəsi aşağı düşüb. “Bloomberg” agentliyinin icmalında deyildiyi kimi, “rəqəmlər heyrətamizdir”: Siyahıyaalma Bürosunun ev təsərrüfatları arasında keçirdikləri son sorğulara görə, ABŞ-da təxminən 28 milyon yaşlı insan yalnız “bəzən və ya nadir hallarda” yemək üçün kifayət qədər qida tapa bilir Bu, ümumi əhalinin 12,5 faizini təşkil edir.

“Bloomberg” yazır: “Mənzərə çox həyə­canlıdır. İnflyasiya hər bir insanın pul kisə­sini “talayıb”. İmkanlı adamlar COVID-19 böhranı vaxtı geniş rövnəqlənən xeyriy­yəçilikdən sonra daha az pul ianə edirlər. Pandemiya dövründə maddi yardım üzrə tədbirlərin dayandırılması, görünür, onsuz da kövrək olan sosial müdafiə sistemində yeni boşluqlar yaradıb”. 

Daha bir həyəcanlı tendensiya isə demoqrafik yoxsullaşmadır. Söhbət on­dan gedir ki, ölkənin ümumi zənginləri içərisində 70 və daha yaşlı amerikalıla­rın payı rekord həddə – 30 faizə çatıb və bu qrup əhalinin ümumi sayının 11 faizini təşkil edir. 

ABŞ Federal Ehtiyatlar Sisteminin məlumatına görə, “körpə-bumerlər” nəs­li kimi tanınan yaşlı insanlar qrupu 14 trilyon dollardan çox əlavə şəxsi kapital toplayıb. Eyni zamanda, 40-70 yaş ara­sında olan amerikalılar (insanlar adətən bu yaşda öz gəlirlərinin pik həddinə çatır­lar) 2019-cu ilə nisbətən daha az sərvətə sahib olublar.

Təbii ki, ABŞ həmişə sosial təzadlar məkanı olub, lakin əvvəllər yaşayış sə­viyyəsi orta sabit hesab edilən ölkələr­də də indi ciddi problemlər başlayır. 2023-cü ilin zərbələrindən danışsaq, on­lardan ən ağırı İsrailə dəyib. Bu yaxın­larda yerli media “Bituax Leumi”nin (Milli Sığorta İnstitutu) əhalinin, demək olar ki, bütün qruplarında yoxsulluğun də­rinləşməsi ilə bağlı hesabat dərc edib. Sənəddə söhbət 2022-ci ilin məlumatla­rından – yəni HƏMAS-ın ölkənin cənu­buna hücumundan və Qəzza zolağın­da cavab hərbi əməliyyatından əvvəlki dövrdən gedir. O zaman İsraildə 1,98 mil­yon yoxsul insan var idi. Bu o deməkdir ki, ölkə vətəndaşlarının beşdə birindən çoxu 2022-ci ildə illik 2892 şekel (təx­minən 1351 AZN) gəlirlə yoxsulluq həddi­nin altında olub. Hesabatda 2023-cü ilin bəzi göstəriciləri də var. Məsələn, İsraildə ev təsərrüfatlarının 31,4 faizi sağlam qida ala bilmir. 

Aydındır ki, HƏMAS-la mübarizəyə görə xərclərin kəskin artması səbəbin­dən 2023-cü il üçün göstəricilər daha pis olacaq. İsrailin Baş naziri Binyamin Netanyahu bu günlərdə davam edən dö­yüşlərdə qələbə istisna olmaqla, hərbi xərclərin artırılmasını ən böyük problem adlandırıb. “Bloomberg”in məlumatına görə, İsrail bu ilin dövlət büdcəsində mü­dafiə xərclərini, ən azı, 30 milyard şekel (8,3 milyard dollar) artırmalı olacaq. Ne­tanyahu hökuməti üçün daha həyəcanlı məqam isə vergi gəlirlərinin azalması və istehlakçı tələbinin zəifləməsi səbəbin­dən hökumətin gəlirlərinin 35 milyard şe­kel (9,6 milyard dollar) azalmasıdır. Əgər fövqəladə tədbirlər görülməsə, İsrailin büdcə kəsiri ÜDM-in, demək olar ki, 6 fa­izinə qədər yüksələcək və bu da qanunla müəyyən edilmiş 2,25 faizlik yuxarı həd­dən xeyli çoxdur.

Hələ ötən ilin oktyabrında, “Dəmir qı­lınclar” əməliyyatının əvvəlində İsrail Ma­liyyə Nazirliyi milli valyutanın dəyərinin ilkin proqnozlarını dərc etmişdi. Təxmini hesablamalara görə, HƏMAS-ı məğlub etməyin 200 milyard şekelə (51 milyard dollar, ÜDM-in 10 faizi) başa gələcəyi göz­lənilirdi. Bu ssenari “nikbin” hesab edilirdi, çünki böhranın səkkiz aydan bir ilədək davam edəcəyi, Qəzza zolağından kəna­ra yayılmayacağı və orduya çağırılan 350 min ehtiyatda olan hərbçinin tezliklə işə qayıdacağı nəzərdə tuturdu. Amma hərbi əməliyyatların bu müddətə başa çatacağı­na inanmaq sadəlövhlük olardı.

Uzun illər dünyanın “bəxtəvər ölkəsi” hesab edilən Böyük Britaniyada da bu ada uyğun gələn çox az şey qalıb. Bu günlərdə UNICEF-in mətbuatda yayılan hesabatında uşaq gəlirləri üzrə yoxsul­luğun səviyyəsi nisbətən varlı ölkələrlə müqayisə olunub. Uşaq yoxsulluğunun səviyyəsinə görə Avropa İttifaqı və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri arasında Böyük Britaniya 37-ci yerdədir. Son hesabatlara görə, Britani­yada 14,5 milyon insan yoxsulluq içində yaşayır ki, bu da əhalinin 22 faizini təşkil edir. Onlardan da 4,3 milyonu uşaqlardır.

Bütün bunlar heç də dünən başlayan bir proses deyil. “Guardian” qəzetinin ic­malçısı Riçard Partinqon hesab edir ki, son iki onillikdə ölkədə yoxsulluğun ara­dan qaldırılması çox çətin bir problemə çevrilməkdədir. Cozef Rauntri Fondunun məlumatlarına istinad edən müəllif bildirir ki, 2010-cu ildə Mühafizəkarlar Partiyası hakimiyyətə gələndən bu prosesdə xü­susi staqnasiya (durğunluq-red) getmək­dədir. Amma milyonlarla insanın maliyyə problemləri hələ 1990-cı illərdən dərin­ləşməyə başlamışdı. 

Fond 2024-cü il üçün Böyük Britani­ya Krallığında yoxsulluq həddi ilə bağlı proqnozları açıqlayaraq bildirir ki, 6 mil­yon insan “yoxsulluq quyusu”ndan çıx­maq üçün öz gəlirlərini minimum iki dəfə artırmalıdır. Fondun təhlilində qeyd edilir ki, 2021–2022-ci illərdə kasıbların 29 fa­izinin əmək haqları yaşayış minimundan aşağı olub. Yəni onların gəlirləri evi idarə etmək üçün olan minimum məbləğdən 60 faizdən çox aşağı olub. 

Orta səviyyəli və 14 yaşlı iki uşağı olan britaniyalı ailə üçün yaşayış minimu­mu əslində 21 min 900 funt sterlinq olma­lıdır, amma bu, 14 min 600-dən də aşağı olub ki, bu da çox dərin yoxsulluq hesab edilir. İndi isə qiymətlərin kəskin artması və inflyasiyanın sürətlənməsi fonunda vəziyyət daha da ağırlaşıb. 

2012–2014 və 2019–2021-ci illərdə krallıqda uşaq yoxsulluğu dərəcələrində faiz dəyişiklikləri də müəyyənləşdirilib. Böyük Britaniya 39 yüksək və yuxarı orta gəlirli ölkələrin siyahısında sonuncu yer­də qərarlaşıb. Burada uşaq yoxsulluğu 20 faiz artıb.

UNICEF-in hesabatında qeyd olunur ki, “əksər uşaqlar üçün bu, o deməkdir ki, onlar kifayət qədər keyfiyyətli qida, geyim, məktəb ləvazimatı və ya ev ad­landırmaq mümkün olan “isti ocağı” ol­madan böyüyürlər”. 

UNICEF-in Böyük Britaniyadakı icra­çı direktoru Con Sparks məsələyə mü­nasibətini belə açıqlayır: “Bu qrupa daxil olan bəzi ölkələr dəstəyi artırmaq üçün addımlar atsa da, Böyük Britaniyada biz uşaq və ailə müavinətlərinə ayrılan xərclərin azaldığını görürük və nəticədə, daha çox uşaq yoxsulluq içində böyüyür”. 

Əgər “qızıl milyard” ölkələri arasın­da ən firavan yerlərdən biri sayılan Fin­landiyanın sakinləri belə yoxsulluqdan şikayətlənməyə başlayıblarsa, o zaman vəziyyətin nikbinliyinə əsas verən elə bir göstərici tapmaq çətindir. “Yle TV”nin xəbər xidməti məlumat verir ki, Finlandi­ya İstehlakçılar İttifaqının ötən il payızın əvvəlində keçirdiyi sorğunun nəticələrinə görə, ölkə sakinlərinin dörddə biri maliy­yə çətinliyi içində və ya onun astanasın­da olduqlarını düşünürlər. Amma bundan bir il əvvəl keçirilmiş sorğu respondent­lərin 20 faizinin oxşar vəziyyətdə oldu­ğunu göstərmişdi. Daha gerçək bir fakt: sorğuda iştirak edənlərin yarıdan çoxu xərclərin artıq ayda 100 avro belə artma­sının öhdəsindən gələ bilməyəcəklərini söyləyir. Həmçinin qeyd olunur ki, yük­səkixtisaslı işlərdə çalışan mütəxəssislər arasında daha çox finli dolanışıq üçün ki­fayət qədər vəsait əldə etmək naminə bir neçə işdə işləməyə məcbur olur. Qiymət­lərin artımı ən çox aşağı gəlirli insanlara zərbə vurur. Xüsusilə, xidmət və satış sektorunda çalışanlar arasında yoxsulluq riski yüksəlməkdədir. Eyni zamanda, Fin­landiyada bir neçə işi birləşdirən insanla­rın sayı da artır.

Proqnozlara gəlincə isə onları heç cür sevindirici adlandırmaq olmur. “Reu­ters” agentliyinin “International Rescue Committee”yə istinadla verdiyi hesabat­da vurğulanır ki, silahlı münaqişələrin intensivləşməsi, borc “yük”lərinin artma­sı, beynəlxalq maliyyə yardımının kəsil­məsi və iqlim dəyişiklikləri səbəblərindən 2024-cü ildə dünyada humanitar böhran­lar daha da dərinləşəcək. 

Yoxsulluğun nəticələri ömür boyu davam edə bilər. Çünki yoxsulluq için­də yaşayan uşaqların məktəbi bitirmək şansları çox az, perspektivdə isə aşağı maaşlı işlərdə işləmək ehtimalı böyükdür. Hesabata görə, bəzi ölkələrdə kasıb ra­yonlarda anadan olanlar zəngin ərazidə doğulanlardan 8-9 il az yaşayacaqlar. 

Bu da “bəxtəvər ölkə” kimi təmsil olu­nan və öyünən ölkələrin sonu! Allah bizi və uşaqlarımızı belə vəziyyətlərdən qo­rusun. 

İlqar RÜSTƏMOV
XQ

Dünya