Fransa və digər Avropa ölkələrində kəndlilərin tətillər keçirdiyini izləyən portuqaliyalı fermerlər etiraz aksiyaları keçirməyə başlayıblar: onlar ölkənin şimalından cənubuna yolları traktorlarla bağlayıblar. Məlumatı “İnterfaks.ru” verib.
Təxminən 200 traktor Portuqaliyanın şimal-şərqindəki Quarda bölgəsində və İspaniya ilə sərhəddəki Portaleqredə, təxminən, eyni sayda traktor cəmlənib. Bundan əlavə, Portuqaliyanın mərkəzində yerləşən Santarem şəhərinin yollarında 100-ə yaxın traktor, cənubdakı Beja şəhərində isə 45 traktor yola çıxıb.
Hərəkətin məhdudlaşdırılmasına baxmayaraq, ictimai asayiş pozulmayıb.
Bir gün əvvəl Portuqaliya hökuməti 500 milyon avroluq təcili yardım paketi elan edib ki, bu paket çərçivəsində dizel yanacağına vergi 55 faiz azaldılacaq, həmçinin ekoloji təmiz kənd təsərrüfatı və qarışıq əkinçiliyin dəstəklənməsi üçün 120 milyon avro ayrılacaq. Həmçinin quraqlığın təsirini yumşaltmaq üçün nəzərdə tutulan tədbirlərə təxminən 200 milyon avro xərclənəcək.
Fermer etirazları son həftələr bir çox Avropa ölkələrinə təsir edib. Belə ki, Fransada fermerlər iki həftədən çox etiraz aksiyası keçirərək, Paris yaxınlığındakı magistral yolu traktorlarla bağlayıb və Tuluza şəhəri hava limanına girişi əngəlləmək üçün otları yandırıblar.
P.ƏMİRCANOV
XQ