Avropada dərin çat: Almaniya və Fransa üz-üzə gəldi

post-img

Almaniyanın Ukraynaya 8 milyard avro yardım vədi verməsi Fransanın reaksiyasına səbəb olub. Fransa Almaniyanı təkbaşına hərəkət etməkdə günahlandırsa da, Almaniya kansleri Şolts AB üzvlərini Ukraynaya kifayət qədər kömək etmədiklərinə görə tənqid edir.

Türkiyənin "Hürriyet" qəzeti yazır ki. Almaniyanın 2024-cü il üçün Ukraynaya 8 milyard avroluq yardım vədi Avropa Birliyində çatlaqlara səbəb olub. Fransanın Avropa Komissiyasındakı nümayəndəsi Thierry Breton Almaniya kansleri Olaf Şoltsu Avropa Sülh Fondu vasitəsilə deyil, birtərəfli qaydada Kiyevə yardım göndərdiyinə görə hədəf alıb: "Almaniya heç kimi aldamasın. Biz görürük ki, o, təkbaşına hərəkət edir və Avropa Sülh Fonduna dəstəyi dayandırmağa çalışır".

Fransanın sərt tənqidindən az əvvəl Almaniya kansleri Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. Şolts görüşlə bağlı rəsmi X hesabında verdiyi açıqlamada deyib: "Biz prezident Baydenlə Ukraynaya maliyyə, humanitar və hərbi dəstək vermək mövzusunda həmfikirik". 

Şolts bu yaxınlarda Aİ-yə üzv dövlətləri tənqid edərək, onların Ukraynaya Rusiyaya qarşı mübarizəsində kifayət qədər dəstək vermədiklərini bildirib. Qərb mediası Fransa dəstəyinin Almaniyanın göndərdiyi dəstəklə müqayisədə inanılmaz dərəcədə kiçik olduğunu iddia edərək, bu sözlərin Fransa prezidenti Emmanuel Makrona gözdağı olduğunu iddia edib. "The Telegraph"a danışan diplomatlar iddia edirlər ki, Berlinin Avropa Sülh Fondu vasitəsilə deyil, birbaşa yardım göndərmək qərarı Fransa və Almaniya arasındakı gərgin münasibətlərin əlamətidir. 

Adı açıqlanmayan diplomat AB üzvlərinin əksəriyyətinin Şoltsun ​​Ukraynaya daha çox dəstək çağırışına məhəl qoymadığını iddia edir. Lakin bu, Makronu əsəbiləşdirib və Fransanın AB-dəki nümayəndəsi Bretonun Almaniyanı tənqid etməsinə səbəb olub. 

Almaniya hazırda 17,1 milyard avro yardımı ilə ABŞ-dan sonra Ukraynaya dəstək verən ikinci ölkədir. İngiltərə 6,6 milyard avroluq yardımla Almaniyanı izlədiyi halda, Fransanın Ukraynaya etdiyi hərbi yardım cəmi 544 milyon avro təşkil edir. Bu məbləğ Almaniyanın verdiyi dəstəkdən xeyli aşağıdır.

“The Telegraph” yazır ki, Berlin hazırda Avropa Sülh Fonduna göndərdiyi 23 milyard avro məbləğini azaltmağa çalışır.

S.ELAY

XQ

Dünya