250-dən çox beynəlxalq mükafata layiq görülmüş fotomüxbir

post-img

Bu gün azərbaycanlı fotoqraflar və yerli foto təşkilatlar tərəfindən ölkəmizin dünyada tanıdılması istiqamətində xeyli işlər görülür. Hər il fotoqraflarımız yüzdən artıq beynəlxalq fotomüsabiqələrə iştirak edərək  müxtəlif mükafatlar qazanır və Azərbaycanı bu sahədə uğurla təmsil edirlər. Bu dəfə həmsöhbətim Beynəlxalq fotomüsabiqələrdə ən çox mükafat qazanan “Əməkdar mədəniyyət işçisi”, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərovdur. 1990-cı ildən Azərtac-da (köhnə Azərinform) işlədiyi illərdə onun I Qarabağ Müharibəsi dövründə çəkdiyi fotoları xarici mətbuatda, tanınmış, nüfuzlu agentliklərin səhifələrində yayımlanırdı.  

İstehsalatdan yaradıcılığa

O, 1960-cı ildə Gəncədə anadan olub. Uşaqlıq illəri  Pambıqçılıq İnstitutunun qəsəbəsində (Az.NİXİ) keçib. Valideynləri kənd təsərrufatı sahəsində alim olaraq çalışıblar. İlqar müəllim həmin illəri belə xatırlayır: - Bu sənətə olan həvəs atamın mənə 10 yaşımda “Smena-8” markalı fotoaparat hədiyyə etməsi ilə yarandı. Əvvəl lenti aparata yerləşdirməyi öyrəndim. Şəkillər çəkir, lenti aşkarlayır və çap edirdim. Beləcə həvəslə öyrənirdim. Sonra, Gəncədə Kənd Təsərrufatı İnstitutunun (indiki Aqrar Universiteti) mexanizasiya fakültəsinə daxil oldum. Təhsilimi başa vurduqdan sonra  beş il müddətində “Quşçuluq Sənaye Birliyi”ndə mühəndis kimi çalışdım. 1990-cı ildə Azərtacın fotoinformasiya redaksiyasına gəldim. O dövrlərdə bu qurum Azərinform adlanırdı. Orada foto sahəsində öz işini yaxşı bilən sənətkarlar çalışırdı. Onlarla tanış oldum, işləri ilə maraqlanıb, bu sənətin sirlərini öyrənirdim. İşlədiyim dövrdə Moskvada SSRİ Jurnalistlər İttifaqının Fotomərkəzi nəzdində fotojurnalistika fakültəsində qiyabi təhsil alırdım. Hər ay müxtəlif janrlarda şəkillər çəkib göndərir, buna görə qiymət alırdım. 

Qarabağ səfərləri

1990-cı illərdə Ermənistanla Azərbaycan müharibə şəraitində idi. Bununla bağlı, Qarabağ bölgəsinə tez-tez səfərlər etdiyini, hər səfərində yeni kadrlar çəkərək  İlqar müəllim bu torpaqları qarış-qarış gəzdiyini deyir: -  İlk ezamiyyətim Füzuli, Laçın və Şuşa bölgələrinə olub. Dəfələrlə Ağdam, Qubadlı,Kəlbəcər və  Murovdağa səfərlər etmişəm. Ağdam və Xocalı faciəsinin baş verdiyi illərdə oradakı faciələri lentə almışam. Həmin illərdə fotomüxbir yoldaşlarımla birgə çəkdiyimiz kadrları dünyanın bir çox ölkələrinə yayırdıq. O hissləri sözlə ifadə etmək mümkün deyil. 

“Bir qəlbin harayı”

Foto sənəti elə bir sahədir ki, müxtəlif mövzularda fotoşəkillər çəkirsən, sonra içindən ən yaxşısını seçirsən və bilirsən ki, bu şəkli nə vaxtsa hardasa keçiriləcək fotomüsabiqələrə göndərəcəksən. İlqar Cəfərovla zamanla müxtəlif mövzularda təşkil olunan fotosərgilərdən danışdıq: - 2000-ci il mayın 18-də Gülüstan sarayında ölkə Prezidenti H.Əliyevin başçilığı ilə qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə bağlı Beynəlxalq konfrans keçirilirdi. Konfrans zalında   “ Qarabağ müharibəsi və qaçqınlar” mövzusunda fotosərgim keçirildi. Bir sıra xarici  ölkələrin nümayəndələri də burada iştirak edirdi. Konfransın fasiləsində Prezident və qonaqlar sərgi ilə yaxından tanış oldular. Sonra, bu sərgi 2004-cü ildə bir aydan çox müddətdə Axundov adına Milli Kitabxanada sərgiləndi. Sərgi “Bir qəlbin harayı” adlanırdı. 

Uğur hekayəsi

Özünün də dediyinə görə, idman sahəsində Paralimpiya mövzusunda çəkdiyi şəkillərlə bağlı sərgiləri daha çox olub. Paralimpiyaçılarla bağlı 2005-ci ildə Heydər Əliyev adına İdman Kompleksində, 2010-cu ildə isə Rəssamlar İttifaqının sərgi salonunda sərgisinin təşkil olunduğunu deyən fotoqraf düşünür ki, illər keçdikcə bu şəkilləri hardasa nümayiş etdirməlidir. Zamanla başlayır beynəlxalq müsabiqələrdə iştirak etməyə: - 2009-cu ildə Yaponiyada keçirilən prestijli  “Nikon”  beynəlxalq fotomüsabiqəsində (dünyanın 153 ölkəsindən 18 min iştirakçı) idman fotosu ilə 2-ci yerə layiq görüldüm. 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən 7-ci beynəlxalq fotobiennalesində “Müharibə uşaqları” mövzusunda çəkdiyim silsilə şəkillər  qızıl medala layiq görüldü. 2015-ci ildən Beynəlxalq fotoqrafiya sənəti federasiyasının (FİAP) fotomüsabiqələrində iştirak etməyə başladım. Qismət olsa, bu gündən sonra da iştirak edəcəm. Bu müsabiqələr müxtəlif mərhələlərdən ibarətdir. Müvəffəqiyyət qazanaraq Beynəlxalq Federasiyanın müəyyən dərəcələri və adları ilə təltif olunursan. Uzun proses olmasına baxmayaraq, bu yolu dayanmadan gedirəm. Bu günə kimi 250-dən çox beynalxalq mükafata layiq görülmüşəm. Respublikamızda Gilavar Foto Klubu fəaliyyət göstərir. Bu fotoklubun üzvü olmaq lazımdır ki, beynalxalq  müsabiqələrdə iştirak etmək üçün ölkəmizin adından təqdim oluna biləssən. Əvvəllər belə fotoklub yox idi. Məcbur idim sənədlərimi göndərim Rusiyaya, ordan da Beynəlxalq Federasiyaya.

“Müəllim sənin şəxsi yaradıcılığındır”

Hər adam müəllim ola bilməz. Foto sənəti yaradıcı sahədir. Tələbəyə yalnız texniki tərəfini öyrətmək olar. Qalan məsələlər insanın bu işə göstərdiyi sevgisindən, yaradıcı yanaşmasından, dözümlülüyündən və s. asılıdır. Elə fotoqraf olub ki, mən onu özümə müəllim hesab etmişəm. Ancaq adam məni görməyib, tanımır. Onun çəkdiyi fotolara baxaraq dəst-xəttini çox bəyənmişəm.  Onu bir növ müəllimim hesab etmişəm. Bu sahə elədir ki, gərək çəkdiklərinlə kifayətlənməyəsən. İşlərinə tənqidi yanaşmağı bacarmalısan. Arxayın olmamalısan. Müəllim isə kitablar, sərgilər, fotojurnallar, yaşadığımız  həyat və sənin şəxsi yaradıcılığındır. Gənc fotomüxbirlər var ki, onların bəzi işlərini görəndə bəyənirəm. Düşünürəm ki, hansısa sənəti öyrənməzdən əvvəl bu sənətə sevgi və həvəs olmalıdır. Üstəgəl zəhmət. Bu uğurlu nəticələrin əsasını təşkil edir.

Fidan SALMANOVA

XQ

 



































Mədəniyyət