Bəzən binalar elə dizayn edilir ki, biz ilk baxışdan onun real, yoxsa optik illuziya olduğunu anlaya bilmirik. Belə tikililərdən biri də Praqada yerləşən “Rəqs edən ev” binasıdır.
Tikildiyi gündən Çexiyanın ən populyar binası dekonstruktivizm üslubunda qurub-yaradan memarlar Vlado Miluniç və Frenk Qeri tərəfindən layihələndirilib. Ev, sanki, rəqs edən gənc cütlüyü əks etdirən iki silindrik qüllədən ibarətdir. Bu dinamik və plastik tikiliyə baxanda elə təsəvvür yaranır ki, indi rəqs etməyə başlayacaq.
Hollivud ulduzları Cincer Rocers və Fred Aster məşhur xoreoqrafik duet ortaqları sayıldığına görə, tikili zarafatsayağı “Cincer və Fred” adını alıb. Bina Praqanın sıx əhalisi olan hissəsində yerləşir və hazırda ofislər mərkəzi kimi istifadə olunur. Bir çox beynəlxalq kompaniyaların ofisləri məhz burada fəaliyyət göstərir.
Eyni zamanda, “Dancing House”, yəni “Rəqs edən ev”in başqa bir adı da “Sərxoş ev”dir.
Leyla HADİ,
tələbə-jurnalist

