Mərakeşdə dağıdıcı zəlzələdən az əvvəl səmada mənşəyi naməlum parıltı müşahidə edilib. Bu barədə CNN agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, zəlzələdən bir neçə dəqiqə əvvəl müşahidə olunan parıltılar şimşək çaxmasına, qütb işığına, havada işıq saçan mərmiyə, kiçik işıqlara və ya böyük alova bənzəyir.
ABŞ Geoloji Xidmətinin keçmiş əməkdaşı Con Derr telekanala deyib: “Müxtəlif rəngli bu parlaq, rəqs edən işıq alimləri çoxdan çaşdırıb, onlar bu parıltının mənşəyi barədə yekun nəticəyə gəlməyiblər. Buna baxmayaraq onlar realdırlar”.
San Xose Dövlət Universitetinin professoru Fridman Freund isə qeyd edib ki, zəlzələdən əvvəl işıqların görünməsi çox güman ki, süxurlardakı qüsurlar və dağ süxurlarının qarışması ilə bağlıdır. Onun sözlərinə görə, zəlzələ zamanı olduğu kimi, mexaniki təsirdən süxurlar dərhal dağılırlar və bu zaman elektrik enerjisi ayrılır.
Alimlər işıq parıltısının mənşəyinin başqa versiyalarını da irəli sürürlər. Bu versiyaların arasında süxurların dağılması və radonun buraxılması nəticəsində yaranan statik elektrik də var. Beləliklə, mütəxəssislər işıq parıltısını zəlzələni yaradan enerji yığılması və süxurları təşkil edən bəzi mineralların elektrik xüsusiyyətləri ilə izah edirlər.
Qeyd edək ki, bu işıqlar Kahramanmaraşda baş vermiş zəlzələdə də görünüb.
P.ƏFƏNDİ
XQ

