Fransa Prezidenti Emmanuel Makronla Avropa Birliyi Komissiyasının rəhbəri Ursula fon der Llyenin Çinə birgə səfəri başa çatıb. Makronun uzaq Çinə səfəri hər hansısa iqtisadi rıçaqlarla bağlı deyil, sırf Ukrayna mövzusu barədə olacağı əvvəldən təxmin edilirdi.
Məlumdur ki, Avropa Birliyi Çinin Rusiyayla ondan “bir köynək” yaxın münasibətlərindən narahatdır. Çinin geostrateji güc mərkəzlərindən biri kimi İran və Rusiya ilə sanballı əlaqələri onlara silah vermə riskini artırır. Bu da Qərbi narahat edir. Lakin Makronun Qərb üçün ortaya atılaraq sanki özünü Orta əsrlərin fransız cəngavərləri kimi aparması məsələsində daş qayaya rast gəlib. Görünən odur ki, Makron Pekində yaxşı qarşılansa da, Çinin saqqızını oğurlaya bilməyib. Çünki Si Cinpin Rusiyaya qarşı tənqidi fikir səsləndirmək o yana qalsın, əksinə, NATO-nun münaqişənin alovlanmasında əsas günahkar olduğu barədə əvvəlki bəyanatının üzərində qalıb. Ümumiyyətlə, Makronun və Ursula fon der Llayenin əsas istəklərindən biri də o idi ki, Çin Rusiyaya Belarusda nüvə silahı yerləşdirməməsi üçün təsir etsin.
Daha sonra Fransa prezidenti Emmanuel Makron bildirib ki, nüvə silahının sahib olduğu ölkələrdən kənarda yerləşdirilməsi yolverilməzdir. Məlumdur ki, martın sonunda Rusiya prezidenti Vladimir Putin Belarusda nüvə silahı yerləşdirmək planlarını açıqlayıb. O, bu qərarı Belarus lideri Aleksandr Lukaşenkonun müvafiq xahişləri və Britaniyanın Ukraynaya urantərkibli sursat vermək planları ilə izah etmişdi.
Əlbəttə, açıqlamadan sonra Fransa Rusiyanı planlarından imtina etməyə çağırır, Almaniya isə Belarusda nüvə silahının yerləşdirilməsini "hədə-qorxu" hesab edir. Lakin ekspertlər bildirirlər ki, Makron, əslində, açıqlamasıyla Rusiya ilə yanaşı, həm də ABŞ-ı nəzərdə tutur. Çünki nüvə silahının sahib olduğu ölkələrdən kənarda yerləşdirilməsində ABŞ şəriksiz liderdir. Makronun ikibaşlı açıqlamalarını ABŞ-ın Avropa üzərində hökmranlıq cəhdlərinə müqavimət kimi dəyərləndirənlər də az deyil.
Makronun açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Fransa prezidentinin nüvə silahının sahib olduğu ölkələrdən kənarda yerləşdirilməsinin yolverilməzliyi barədə açıqlaması əslində ABŞ-a yönəlib. Peskov yarızarafat, yarı ciddi vurğulayıb ki, Fransa prezidentindən ABŞ - a qarşı belə şiddətli tənqidləri uzun müddətdir eşitmirik.
Nəzərə alsaq ki, Qərb ölkələri arasında ABŞ, Böyük Britaniya və Fransa nüvə silahına malikdir və Hollandiya, Belçika, Almaniya və Türkiyədəki anbarlarda ABŞ-ın 100-ə yaxın termonüvə aviabombası saxlanılır, o zaman Makronun ABŞ-la göründüyü kimi səmimi olmadığı ortaya çıxır.
Anar TURAN,
“Xalq qəzeti”