Bu günlərdə qardaş Türkiyə öz siyasi tarixinin gərgin bir dönəmini yaşayır. Belə ki, bu il mayın 14-də ölkə vətəndaşları “sandıq başında” dövlət başçısını və parlamentin növbəti tərkibini seçəcəklər. Proqnoz verənlər də, ehtimal və gözləntilər də çoxdur.
Dünyanın siyasi elitasının, politoloq və şərhçilərin diqqəti Türkiyəyə yönəlib. Hamını ən çox belə bir məchulun cavabı düşündürür: Türkiyənin növbəti prezidenti kim olacaq? İyirmi ildən çöx ölkəni idarə edən xarizmatik siyasətçi Rəcəb Tayyib Ərdoğan seçkiləri bu dəfə də uda biləcəkmi?
Türkiyənin yaxın-uzaq ölkələrdəki dostları hazırkı dövlət başçısının hakimiyyətdə qalmasını arzulayır. Onlar hesab edirlər ki, dünyanın bu gərgin dönəmində R.T.Ərdoğan kimi prinsipial, qətiyyətli siyasətçinin Türkiyənin idarəçiliyi sükanının arxasında qalması qardaş ölkəni daha da güclü və qüdrətli edəcək.
Türkiyənin rəqibləri isə bunun əksini arzulayırlar. Onlar ölkəni 1990-cı illərin sonlarında olduğu kimi, yenə də başı daxili çəkişmələrə qarışan zəif, sözəbaxan bir dövlət kimi görmək istəyirlər. Axı, Yaxın Şərqdə, Balkanlarda, Afrikanın şimalında, Cənubi Qafqazda və Orta Asiyada haqqın və ədalətin tərəfində duran Türkiyə çoxlarına sərf etmir.
Əlbəttə, son və həlledici sözü müdrik türk xalqı deyəcək. Biz çox arzulayardıq ki, türk qardaşlarımız ən düzgün və ədalətli seçim etsinlər. Çünki onların budəfəki seçimi təkcə bu ölkənin deyil, bütün türkdilli, eləcə də müsəlman dövlətlərinin və onların xalqlarının taleyinə təsir edəcək.
Bu gün “R.T.Ərdoğan Türkiyə üçün nə edib?” sualını verməyə çox adamın dili gəlməz. Onun iqtidarı dönəmində ölkədə ümumi daxili məhsulun həcmi üç dəfədən çox artıb. Bu, çağdaş tarixdə çox az sayda dövlətlərin rəhbərlərinə nəsib olub. Hazırkı dövlət başçısının lehinə çox sayda başqa uğurları yada salmaq olar. Amma bütün bunları sadalamağa bəlkə də ehtiyac yoxdur.
Dünya bilir ki, R.T.Ərdoğanın liderliyi ilə Türkiyə siyasi, iqtisadi, hərbi, texnoloji cəhətdən çox güclənib. Ölkə, həqiqətən, regionda və dünyada söz və qüdrət sahibinə çevrilib. Heç kəs inkar etmir ki, Türkiyənin daxilində müəyyən problemlər də mövcuddur. Xüsusilə, artan makroiqtisadi problemlər, lirənin dollar qarşısında dəyər itirməsi, bahalaşma və s. göz qabağındadır.
O biri tərəfdən uzun illər iqtidara can atan Türkiyə müxalifəti mövcud çətinliklərdən faydalanıb arzusuna çatmaq istəyir. Müxalifətçiləri qınamaq olmaz. Türkiyə sivil, demokratik dövlətdir, xalqın etimadını qazanan partiyanın iqtidara yolu açıqdır.
Dünya təcrübəsi göstərir ki, bəzən seçicilər seçimlərində kritik səhvə yol verirlər. Xatırladaq ki, İkinci Dünya müharibəsində Böyük Britaniyanın faşizm üzərində parlaq qələbəsində böyük xidmətləri olan baş nazir Uinston Çörçil 1945-ci il seçkilərini uduzub. Düzdür, bir neçə ildən sonra Britaniya vətəndaşları Çörçilə yenidən etimad göstəriblər.
Fransanın siyasi həyatından da buna bənzər nümunə çəkmək olar. Belə ki, Prezident Şarl de Qoll 1969-cu ildə onun təşəbbüsü ilə keçirilən referendumda istəyinə nail ola bilməyib. Fransızlar xeyli sonra dərk etdilər ki, de Qolla münasibətdə haqsızlıq ediblər.
Bir qədər əvvəl qeyd etdik ki, R.T.Ərdoğanın liderliyi ilə Türkiyə Cümhuriyyəti son iki onillik ərzində böyük inkişaf və tərəqqi yolu keçib. Onun Türkiyədə və bütün dünyada böyük nüfuzu var. Lakin R.T.Ərdoğanı Çörçil və de Qollun taleyi gözləyə bilərmi? Həyatda hər şey ola bilər, amma olmasa yaxşıdır! Bu, hər an ürəyimizdən qopan nidanın səsidir!
Yenə deyirik, bizim türk xalqının daxili işlərinə qarışmağa hüquqi və mənəvi haqqımız yoxdur. Sadəcə, arzu və istəklərimizi dilə gətiririk. Sözümüzün canı budur ki, bu gün dünyanın çox qarışıq dönəmidir. Yeni dünya düzəni formalaşır. Belə bir məqamda R.T.Ərdoğan kimi güclü liderə böyük ehtiyac var!
Son illər R.T.Ərdoğan haqqında bir neçə mahnını böyük sevgi və riqqətlə dinləmişik. Mahnılardan birini məşhur türk müğənnisi Uğur İşılak oxuyur:
“Əzilənlərin gur səsidir o,
Susqun dünyanın hürr səsidir o.
Göründüyü kimi olan,
gücünü millətdən alan
Rəcəb Tayyib Ərdoğan.”
Aydın İBRAHİMOV,
BDU-nun professoru, coğrafiya elmləri doktoru:
– Türkiyə Cümhuriyyəti XXI əsrin ən gərgin seçki kampaniyasını yaşayır. İki blok yarışır: “Cümhur İttifaqı” (AKP, MHP və digər partiyalar) və “Millət İttifaqı” (CHP, “İyi Partiya” və yeni qurulmuş 3 partiya).
Maraqlı məqam ondan ibarətdir ki, yeni qurulmuş partiyalar arasında Prezident Rəcəb Tayyib Ərdoğana əvvəldən yaxın olan siyasətçilər var: Bunlar Əli Babacan və Əhməd Davudoğludur. Lakin onların seçilmək ehtimalı 3-4 faizi keçmir.
Həmçinin ölkənin kürd seçiciləri tərəfindən dəstəklənən HDP partiyasından (hazırda parlamentdə üçüncü sırada yerləşir-red) prezidentliyə namizədlər irəli sürülməyib. HPDP-çilərin mənəvi lideri Səlahəddin Dəmirtaş öz çıxışlarında seçkilərdə iştirak edəcək şəxsləri Kılıçdaroğluna səs verməyə çağırır.
Budəfəki seçkilərdə əsas səciyyəvi cəhət ondan ibarətdir ki, səs hüququ olan vətəndaşlar həm dövlət başçısını, həm də parlamentin üzvlərini seçməlidirlər. Belə ola bilər ki, AKP lideri, hazırkı dövlət başçısı prezidentliyi qazana, amma partiyası parlament seçkilərini uduza bilər.
Yaxud, əksinə olar. Şərhçilərin çoxu birinci ssenarinin tərəfdarıdır. Düşünürlər ki, həm prezidentliyi, həm də parlamenti qazanmaq çətin olacaq. Belə olan halda ölkədə siyasi böhran yaşana bilər.
İndiki durumda prezidentliyə rəqiblərin şansları, demək olar ki, bərabərdir. Müxtəlif rəy sorğuları fərqli proqnozlar verir. Görünən budur ki, prezidentliyə əsas iki namizəd var: Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlu.
Digər iki namizəd – Məmləkət Partiyasından Məhərrəm İncə və Türkiyə İttifaqı Partiyasından, Azərbaycan əsilli Sinan Oğan seçicilərin səslərini bölə bilərlər. Belə ki, Məhərrəm İncə “Millət İttifaqı”nın səslərinin bir qismini ala bilər, çünki onun mühafizəkar atatürkçülər arasında nüfuzu böyükdür.
Türkiyədə, ümumiyyətlə, seçki kampaniyası çox sərt keçir, lakin türk milləti sonda ən doğru qərarı verir. Arzu edirik ki, bu dəfə də belə olacaq!
M.HACIXANLI, “Xalq qəzeti”