Fransa İslamofobiyası – Briccit nənənin nağılı və dəhşətin qanun sifəti

post-img

Fransada İslamafobiyanın dərin kökləri var. Bu, ilk növbədə, mənəvi psixoz halıdır. Təəssüf ki, bu hal dövlətin yanaşmasına da çevrilib. Əslində, yanaşmanı doğuran elə dövlətin özüdür. Bəs, nəyə görə Fransa dövləti İslamafobiyanın yayıcısı qismində çıxış edir? Məsələnin bir neçə səbəbi var. 

Birincisi, Fransa imperializmi tarix boyu müsəlmanlara zülm verib. Təbii, zülmün qarşılığını görüb, sadəcə, ikin­cilərin hərəkətləri birincilərin qəddar davranışlarının böyüklük miqyası ilə öl­çülə bilməz. Buna görə Fransanın döv­lət psixozunda belə rəy formalaşıb ki, zülmə adekvat reaksiya mütləq olacaq. Məhz həmin reaksiyanı gözləmək, ondan qorxmaq və sığortalanmaq istəyi, belə demək mümkünsə, İslamafobiyanın fran­sız təzahür formasını şərtləndirməkdədir. Başqa sözlə desək, Fransa idarəçiliyi özünə sipər yaratmağı düşünür və bu səbəbdən də müsəlmanlardan qorxmağı təbliğ və təşviq edir. 

İkinci məqama izah vermək üçün ötən ilin sentyabrında İtaliyanın Baş naziri Cor­ciya Meloninin Fransa Prezidenti Emma­nuel Makrona ünvanlanmış qəzəb dolu fikirlərindən kiçik bir hissəni xatırlayaq. Fransanın Afrikadakı müstəmləkəçi istis­marından söz açan, ölkənin nüvə reak-torları üçün uranın 30 faizini Nigerdən əldə etdiyini, nəticədə Nigerin əhalisinin 90 faizinin elektriksiz yaşadığını deyən italiyalı baş nazir son dərəcə əsəbi halda bildirmişdi: “Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sənin siyasətin səbəbindən qitələrini tərk etməyə məc­bur qalırlar. Halbuki, həll yolu afrikalıların Avropaya köçməsi deyil, Afrikanın avro­palılardan qurtulmasıdır. Sizdən dərs al­mağı qəbul etmirik!” 

İtaliyanın hökumət başçısı sıradan məsələyə toxunmurdu. Bəli, Fransanın müstəmləkəçi siyasəti nəticəsində Af­rika əhalisi, o cümlədən, “qara qitə”nin müsəlman çoxluğu öz ölkəsindən qaçır, Avropaya, həmçinin, Fransaya sığınır. Konkret olaraq, Fransada demoqrafik və­ziyyət acınacaqlı olduğundan, bir müddət sonra ölkədə qeyri-fransızların, əsasən də müsəlmanların çoxluq təşkil edəcəyi proqnozlaşdırılır. Demokratiyadan, insan haqlarından dəm vuran Parisin siyasi dairələri isə mövcud reallığa qarşı hər hansı şüurlu adekvat tədbiri görə bilmə­diklərindən, gücü islamafobiyaya verirlər. Əslində, onların hərəkətləri qeyri-insani davranış bir yana, böyük acizlikdir. Əl­bəttə, demək olmaz ki, belə acizlik tə­mayülləri “köhnə qitə”nin digər ölkələri üçün xarakterik deyil. Amma heç birində durum Fransadakı qədər acınacaqlı şəkil almayıb. 

Yeri gəlmişkən, Fransada müsəlman­lara qarşı anti-insani davranışın təzahür­ləri 2021-ci ildə ölkədə qəbul edilmiş və böyük mübahisələr doğurmuş “Demokra­tik Dəyərlərə Hörmətin Yaradılması Prin­sipləri” adlı qanun layihəsində də əksini tapmışdı. Ekspertlər bildirirlər ki, bu qa­nunla İslamofobiya institutlaşıb. Məsələ barədə o zaman mövqeyini sərt şəkildə ifadə etmiş Separatizmlə Mübarizə Cə­miyyətinin üzvü, hüquq müdafiəçisi Ma­ria de Kartena bildirmişdi ki, Fransada dövlət səviyyəsində sistematik irqçilik və İslamofobiya mövcuddur. “Layihənin qə­bulu ilə ölkədə islamofobiya qanuniləşdi. Səbəblər isə sadədir: dövlət müsəlman­lardan qorxur və buna görə də onları qorxutmağa çalışır”, - deyən xanım de Kartena hesab edib ki, qanunun müd­dəaları təkcə islamafobiya ilə bağlı deyil, həm də alçaldıcıdır, əsas insan hüquq və azadlıqlarına təhdid mahiyyətlidir.

Bəli, sözügedən qanun Fransanın müstəmləkələrindəki xalqlara münasi­bətdə tətbiq etdiyi qanunun analoqudur. Çünki sənəd müsəlmanların dini, sosi­al, mədəni fəaliyyətlərini, onların bir çox hüquqlarını məhdudlaşdırır. Sənəd, eyni zamanda, dövlət qurumları tərəfindən ölkədə müsəlmanların hərəkətlərinin mo­nitorinqi üçün ilkin şərtlər yaradır. Ən acı­nacaqlısı isə budur ki, həmin qanun, fak­tiki olaraq, vətəndaşları iki sinfə - bütün konstitusion hüquqlardan istifadə etmək hüququna malik olanlara və olmayanlara bölür. Eynilə quldarlıq dövründəki kimi. Necə ki, qədim Hindistanda insanlar kas­talara bölünürdü, indi Fransada da oxşar yola üstünlük verilir. 

Bugünlərdə Bakı Beynəlxalq Multikul­turalizm Mərkəzinin, Beynəlxalq Münasi­bətlərin Təhlili Mərkəzinin və G20 Dinləra­rası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilmiş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusun­da beynəlxalq konfransın “Fransada isla­mofobiya” mövzusuna həsr olunmuş ara­lıq sessiyasında səslənmiş fikirlərə diqqət yetirəndə də ölkədəki durumun müsbətə doğru dəyişmədiyini, əksinə, pisləşdiyini müəyyənləşdirdik. Bunu politoloq və ərə­bşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi olan Fransua Burqatın, tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Mezitinin, Rutgers Universitetinin Hüquq Məktəbi­nin hüquq və sosial ədalət üzrə tədqiqat­çısı Saha Azizin səsləndirdiyi fikirlərdən də anlamaq mümkündür. Təsəvvür edin, natiqlər bildirirlər ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edil­miş cəmiyyətdir. Hesab edirik ki, bundan dəhşətli deyim ola bilməz. Yəni faktiki olaraq, Fransa cəmiyyəti zombiləşmiş struktura malikdir ki, mövcud reallığı for­malaşdıran isə hakimiyyətdir. 

Bəli, Fransa hakimiyyəti ölkənin cə­miyyətini islamafobiya üzərində kök­ləmək xətti götürüb. Bu məqsədlə İsla­mofobiyanı qanuniləşdirib də. Nəzərə alsaq ki, burada əhalinin 10 faizə qədəri­ni müsəlmanlar təşkil edir, İslamofobiya­nın idarəçilik mexanizmlərinə gətirilməsi olduqca dəhşətli gedişdir. Eyni zamanda, Fransa son dərəcə mənfur strategiya se­çib. Belə münasibət Hitler Almaniyasının yəhudilərə qarşı davranışına bənzəyir. Əlbəttə, fəaliyyəti ilə qədim dünyanın qeyri-sivil üsul-idarələri dövrünə baş vu­ran bir ölkənin ötən əsrin 30-40-cı illərinə qayıtması o qədər də təəccüblü sayıla bilməz. 

Təbii, hazırda Fransa hakimiyyətinin davranışlarının demokratiyadan uzaq “incəliklərinə” varmağa ehtiyac yoxdur. Necə deyərlər, daha bundan keçib. İndi əsas olan Avropanın özünün qorunma­sıdır. Paris müsəlmanlara qarşı yolve­rilməz hərəkətləri ilə qitə üçün qorxunc presedent yaradır. İstər-istəməz digər ölkələrdə də İslamofobiyanı körüklə­yir. Nəzərə alaq ki, zülm zülm doğurur. Yəni, Avropa müsəlmanlarının da daxili müqavimət hissinin mütəşəkkil təşkilat­lanma perspektivini yaratması mümkün­dür. Əgər belə hal yaşanarsa, qitə daimi qarşıdurmalar meydanına çevriləcəkdir. Qarşıdurmalardan, ziddiyyətlərdən, an­toqonist baxışlardan isə heç bir cəmiyyət xeyir götürməyib, əksinə, böyük zərər görüb. 

Nə bilmək, olar, bəlkə, İslamofobiya Fransa imperializminin qitəni ələ keçir­mək üçün düşündüyü “ssenaridir”. Av­ropanı işğal etmiş Hitler də zəif cüssəli biri idi. Kənardan baxanda, deməzdin ki, belə fiziki göstəricilərə malik şəxs dünya­ya zülm etməyi düşünər. Amma düşün­dü. Makrona da baxanda yada düşən onun özündən xeyli böyük olan həyat yoldaşı Briccit nənədir. Nənələr isə bir qayda olaraq, uşaqlara nağıl danışırlar. Ona görə uşaqları idarəçiliyə buraxmır­lar. Çünki nağılların təsiri altına düşürlər. İnanırıq ki, fransız xalqı məsələ barədə ətraflı düşünəcək və Makronu növbəti dəfə prezident görmək istəməyəcəkdir. Həm də ona görə ki, nağıllarda heç də həmişə göydən üç alma düşmür. Qorxulu nağıllar da olur. 

 

R.AMİN

Siyasət