Qərbdə Ərdoğana qarşı feyk təbliğat aparılır

post-img

Qərb mətbuatı Türkiyə Prezidenti, qarşıdakı seçkilərdə ölkə prezidentliyinə ən real namizəd Rəcəb Tayyib Ərdoğanın əleyhinə təbliğata başlayıb. Artıq Avropanın ən nüfuzlu media orqanlarında bu barədə hədyanlar yazılır. Məqsəd, təbii ki, Türkiyədə, bütün türk dünyasında, eləcə də beynəlxalq arenada böyük nüfuz və sanbal qazanmış Ərdoğanın seçilməsinə mane olmaqdır. Amma bu məqsədin həyata keçməsi üçün Türkiyə lideri ilə bağlı neqativlər tapmaq elə də asan deyil. Ona görə də əsasən yalan və saxta informasiyalar buraxılır. 

Belə informasiyalardan birinə bu gün­lərdə “Eurenews”də rast gəldik. Saytın “Almaniyada türk diasporu seçkiləri göz­ləyir” yazısında Ərdoğan əleyhinə reallığı əks etdirən bir cümləyə belə rast gəlmək mümkün deyil. Yazıda belə bir fikir aşıla­nır ki, Türkiyədən Almaniyaya miqrasiya edənlər ölkədəki “qarşıdurmalar, repres­siyalar və təqiblər” səbəbindən ölkəni tərk edirlər. Hətta riyakarcasına bildirilir ki, 2016-cı il dövlət çevrilişinə cəhddən sonra Almaniyaya gələn türk qaçqınların sayı kəskin artıb. Almaniya DİN-in məlu­matına görə, guya o vaxtdan bəri 21 min türk ölkədə sığınacaq, yaxud qaçqın sta­tusu alıb. Amma bu il mayın 14-də Tür­kiyədə ümumxalq seçkiləri keçiriləcək, guya Qərb ekspertlərinin fikrincə, bu, Ərdoğanın partiyasının 20 illik hakimiy­yətinə son qoyacaq və türk diasporunun bir çox üzvlərinin evlərinə qayıtmasına imkan yaranacaq. 

Açıq-aşkar feyk görünür, bu cür məlu­matlar yaymaqla məqsəd təkcə Ərdoğanı “vurmaq” deyil, həm də türk miqrantlarını vətənlərinə qaytarmaq niyyəti güdülür. Bu baxımdan, birincisi, qeyd etməliyik ki, türklərin Almaniyaya miqrasiyası təzə məsələ deyil. Hətta müəyyən dövrlərdə türk işçi qüvvəsinin bu ölkəyə cəlb edilmə­si ilə bağlı xüsusi proqram da həyata ke­çirilib. Bundan əlavə, 2015-ci ilin məluma­tına görə, türklər Almaniyada ən çoxsaylı xaricilər olub, ölkədəki bütün əcnəbilərin 17 faizini təşkil edib. Həmin tarixə qədər türk diasporunun illik təbii artımı 1,2-1,5 faiz təşkil edib. Ondan əvvəl, 2005-ci ildə 840 min türk Almaniya vətəndaşı olubsa, 2009-cu ildə onların sayı 2 milyon 812 minə çatıb. Hazırda isə ölkədə 4 milyon­dan artıq türk yaşayır. 

Təbii ki, sonrakı dövrlərdə də za­man-zaman insanların Qərbə, eləcə də Almaniyaya miqrasiyası davam edib. Bu gün də istisna deyil. Qərbin Yaxın Şərqdə törətdiyi “demokratik inqilablar” ərəblərin də Avropaya kütləvi miqrasiyasına səbəb olub. Bu kimi məsələləri 2016-cı ilin döv­lət çevrilişinə cəhdi ilə əlaqələndirmək ən azı siyasi naşılıqdır. Bəli, həmin vaxt Qərb Türkiyədə dövlət çevrilişi həyata keçirmək istəyib və Ərdoğanı hakimiy­yətdən salmaq üçün qanlı bir hərəkata yol verib. Amma alınmayıb. “Euronews” isə bu barədə danışmaq istəmir. Demir ki, o vaxt Ərdoğanı devirə bilmədik, indi də bir daha cəhd edəcəyik. Sayt Qərbin əlinin neçə yüz türkün qanına (eləcə də son illərdə milyonlarla ərəbin günahsız qanına) bulaşdığını açıb-ağartmaq istə­mir. Əvəzində feyk xəbərlərlə əks-təbli­ğat aparır. Amma inanırıq ki, türk insanı yaxşı-yamanın yerini bilir, dost-düşməni tanıyır. Bununla yanaşı, Prezident Ərdo­ğanın dünyaya ədalət yayan siyasətini də türk insanı yaxşı başa düşür. Ona görə də Qərbin bu istiqamətdə səylərinin yenə boşa çıxacağına əminik. Elə 2016-cı ildə olduğu kimi.

Təəssüf ki, Qərbdə gedən bu təbliğa­ta – Ərdoğanın hakimiyyətdən gedəcə­yinə sevinənlər də yox deyil. Ermənistan­da təbii ki, belələri kifayət qədərdir. Odur ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri Ermə­nistanda diqqətlə izlənilir və Ərdoğanın uduzmasında maraqlı olan qüvvələr sevinclərini gizlədə bilmirlər. Bu gün­lərdə “Armenian Reрort”da dərc edilən məqalədə bildirilib ki, Ərdoğan erası “bit­mək üzrədir” və bu, Ermənistan üçün ol­duqca yaxşı xəbərdir: “CHP lideri, “Altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 2023-cü ilin may seçkilərin­də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər. Bunu “ORC Araşdırma” agentliyinin son rəy sorğusu da təsdiqlə­yir. Sorğu 4-6 martda 1850 respondent arasında keçirilib, Ərdoğan 43,2, Kılıç­daroğlu isə 56,8 faiz səs toplayıb. Amma agentliyin yanvar ayında keçirdiyi sorğu­da Ərdoğan Kılıçdaroğlu da daxil olmaq­la, bütün rəqiblərini üstələyirdi”.

Müəllifin fikrincə, ABŞ Prezidenti Co Bayden də Türkiyə liderinin seçkilərdə məğlub olmasında maraqlıdır. Amma əsas məsələ odur ki, Ərdoğanın uduzma­sı Ermənistan üçün xüsusi şans aça bilər. Çünki Ərdoğanın 2020-ci ilin payızın­da göstərdiyi siyasi iradə Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəl­məsində müstəsna rol oynayıb. Üstəlik, Ərdoğan həmin il dekabrın 10-da Bakıya gedərək, Qələbə paradında iştirak edib: “Böyük ehtimal var ki, Əliyev tək qala­caq, onu ciddi şəkildə dəstəkləyən İmran Xan (Pakistanın baş naziri) da artıq haki­miyyətdə deyil. Kılıçdaroğlu ABŞ nə əmr etsə, onu da icra edəcək. ABŞ isə demok­ratiyanı dəstəkləməkdə maraqlıdır ki, bu da Ermənistan üçün böyük pəncərə açır. Məsələn, Türkiyə ilə quru sərhədlər də münasib şərtlərlə açılacaq, həm də Azər­baycanın mövqeyi nəzərə alınmadan. Ərdoğanın gedişi Azərbaycanın “Xankən­didə bayraq qaldırmaq” məqsədini də puça çıxaracaq... Bakı ilə Tehran arasın­da tamamilə gərgin münasibətləri nəzərə alsaq, Azərbaycanın regionda, sadəcə olaraq, müttəfiqi qalmayacaq”.

Belə yerdə deyirlər, yavaş ye, boğa­zında qalar. Təbii ki, bütün bu məsələlər, Türkiyədə deyildiyi kimi, “sandıq başın­da” həll ediləcək. Prezident Ərdoğanın bu illər ərzində gördüyü nəhəng işlər, ölkədə iqtisadiyyatın sürətli inkişafı, sə­nayenin, eləcə də hərbi sənayenin böyük hədəfləri aşması, bütün türk dünyasında bütövlüyün yaranması və s. və i.a. “san­dıqdan” Ərdoğanın çıxacağını şərtləndi­rir. Üstəlik, bugünlərdə TDT-nin Ankara Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ərdoğanın Nobel mü­kafatına təqdim olunmasını təklif edib. Rusiya isə Ərdoğanın yüksək səviyyəli sülhyaratma səylərini nəzərə alaraq, bu təklifi dəstəkləyəcəyini bəyan edib. Bu da Ərdoğan üçün daha bir dividentdir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər