ABŞ dronuna Rusiya qırıcılarının hücumunu əks etdirən video yayımlanıb

post-img

Dörd gün əvvəl Rusiyanın qırıcı təyyarələri ABŞ-ın Qara dəniz üzərində pilotsuz uçuş aparatını vurub. Bu insident beynəlxalq qalmaqala səbəb olub və iki ölkə arasındakı gərgin vəziyyəti daha da ağır duruma salıb. Ekspertlərin fikrincə, insident hətta böyük müharibəyə səbəb ola bilərdi. 

Bu arada Pentaqon Rusiya təy­yarələrinin ona məxsus pilotsuz uçuş aparatına yaxınlaşmasını göstərən video yayımlayıb. “Amerikanın səsi” radiosu xəbər verir ki, videoda Rusiya­ya məxsus “Suxoy Su-27”nin ABŞ-ın “MQ-9” pilotsuz təyyarəsinə arxadan yaxınlaşdığını, sonra isə üzərindən keçərkən yanacaq atdığını görmək olub. İkinci “Suxoy Su-27” təyyarəsi də oxşar şəkildə yaxınlaşır və ABŞ-ın pilotsuz təyyarəsinə çataraq, onunla toqquşduğu anda video yayımı pozulur. Videonun bərpa edildiyi son kadrda pi­lotsuz təyyarənin qanadlarından birinin əyildiyini görmək mümkün olub.

Qeyd edək ki, video ABŞ-ın müda­fiə naziri Lloyd Ostinin rusiyalı həmkarı Sergey Şoyqu ilə görüş barədə danış­dıqdan bir gün sonra yayılıb. Pentaqon rəhbəri deyib: “Birləşmiş Ştatlar bey­nəlxalq hüququn icazə verdiyi yerdə uç­mağa və fəaliyyət göstərməyə davam edəcək və Rusiya öz hərbi təyyarələrini təhlükəsiz və peşəkar şəkildə idarə et­məlidir”.

Yeri gəlmişkən, 2021-ci il fevralın 24-də Rusiyanın Ukraynada hərbi əmə­liyyata başlamasından sonra L.Ostin və S.Şoyqu arasında telefon təmasları kəskin azalıb. Rəsmilər bunun iki mü­dafiə naziri arasında ötən ilin oktyabrın­dan sonra ilk telefon danışığı olduğunu deyib.

ABŞ ordusunun məlumatına görə, bu ölkəyə məxsus “MQ-9” pilotsuz təy­yarə çərşənbə axşamı beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirirdi. ABŞ-ın hərbi hava qüvvələri pilotsuz uçuş təyyarəsi Rusiya qırıcıla­rı tərəfindən zədələndikdən sonra onu vuraraq yerə salıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli in­sidentdən bir gün sonra, yəni çərşənbə günü jurnalistlərə bildirib: “Biz bilirik ki, müdaxilə qəsdən olub. Biz bilirik ki, aq­ressiv davranış qəsdən olub. Biz bunun çox qeyri-peşəkar və çox təhlükəli oldu­ğunu da bilirik”.

Rusiya hələlik pilotsuz uçuş aparatı­nın qalıqlarını geri qaytarmayıb. Rusiya Müdafiə Nazirliyindən bu barədə son qərar qəbul edildikdən sonra məlumat veriləcəyini bildiriblər. 

ABŞ rəsmilərinin dediyinə görə, Pentaqonun mütəxəssisləri pilotsuz uçuş aparatı Qara dənizə göndərilməz­dən əvvəl Rusiya tərəfi məxfi məlumat­ları əldə etməsin deyə, ondakı həssas proqram təminatını uzaqdan siliblər. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər