Müqəssirin Femidanın ətəyindən yapışması…

post-img

Ermənilər Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı “aralıq tədbiri”nə öz ağıllarına uyğun şərhlər verməyə, bunu, az qala, qələbələri kimi təqdim etməyə cəhd göstərirlər. Amma unudurlar ki, bu növbəti özünüaldatma, eyforiya keçib gedəcək, tezliklə İrəvan və Xankəndi separatçıları Azərbaycan xalqına qarşı dövlət səviyyəsində törətdikləri cinayətlərə görə məsuliyyətdən yaxa qurtara bilməyəcək. 

Beynəlxalq hüquqa zidd, məntiqdən uzaq bəyanatlar vermək, yalana həqiqət donu geyindirmək, hay-küyçülük erməni xislətinin ayrılmaz tərkib hissəsidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Laçın yolu ilə bağlı “aralıq tədbirlər” kimi tövsif olunan qərarını, az qala, bey­nəlxalq hüququn təntənəsi kimi qələmə verməyə çalışması, bunu özlərinin “qələ­bəsi” kimi bayram etməsi də həmin xislə­tin əlamətlərindəndir. Azərbaycan Xarici İşlər Nazirlıiyi Nikol Paşinyanın BƏM-in qərarı ilə bağlı dediklərinə operativ şər­hini açıqlayıb: 

“Ermənistanın baş naziri Nikol Pa­şinyanın Beynəlxalq Ədalət Məhkəmə­sinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfi­nin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”. 

Bir çox arzularının reallığa çevrilə­cəyi ümidi ilə tarix boyu özlərini aldadan ermənilər yenə beynəlxalq ictimaiyyəti, hətta Beynəlxalq Femidanı azdırmağa çalışırlar. Onların bunu hansı formada etdiyi isə siyasətdən və hüquqdan uzaq adamlarda belə gülüş və ironiya doğurur. 

Paşinyan özünün Nazirlər Kabineti­nin iclasındakı çıxışında BƏM-in İrəvanın iddiasını təmin etdiyini və “Azərbaycanın üzərinə Laçın dəhlizi ilə hər iki istiqamət­də vətəndaşların və nəqliyyat vasitələri­nin maneəsiz hərəkətini təmin etməkdən ötrü bütün mümkün tədbirləri görmək” öhdəliyini qoyduğunu söyləyib. Çıxışı hüquqi baxımdan təhrif və yalanlar üzə­rində qurulan, dünyanın ən ali məhkəmə instansiyasının qərarını yanlış inter-pretasiya edən Paşinyan yenə də özünü və xalqını aldatmaqla məşğuldur. Bey­nəlxalq Femidanın “aralıq tədbirləri” kimi təsnifatlandırılan ilkin qərarını nazirlərinə və ictimaiyyətə “Azərbaycan üçün məc­buri hüquqi qüvvəyə malik öhdəlik” kimi izah etməyə çalışan Paşinyan daha bir siyasi naşılığını – beynəlxalq hüquqdan bixəbər, səriştəsiz diplomat olduğunu növbəti dəfə nümayiş etdirdi. 

 

Bakı addımlarını beynəlxalq hüquqa uyğun atır

 

Paşinyanın nazirlərinə və xalqına ün­vanladığı daha bir “şad xəbəri” BƏM-ın guya Azərbaycanın əks iddiasını rədd et­məsidir. Amma reallıqda bu məsələ heç də Paşinyanın təqdim etdiyi və ermə­nilərin arzuladığı şəkildə deyil. Azərbay­can XİN Paşinyanın bu yalanını da ifşa edərək, həmin məqama aydınlıq gətirib: 

“Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilə­rinə 2021-ci il istehsallı minaları daşıması və minalanmış ərazilər barədə həqiqi xə­ritələrin təqdim edilməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq. Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş na­ziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Azərbay­can Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təh­lükəsizlik zəmanəti verməsi barədə müd­dəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşıl­mamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub”. 

Azərbaycan XİN-in Paşinyana ün­vanladığı bu cavabı İrəvanın Qarabağ ermənilərinin, guya, blokada şəraitində yaşaması və humanitar fəlakətlə üz-üzə qalması barədə siyasi avantüra xarakterli bəyanatlarının hüquqi baxımdan han­sısa beynəlxalq konvensiyanın prinsip­ləri ilə, eləcə də məntiqlə bir araya sığ­madığını ortaya qoyur. BMT-nin Ədalət Məhkəməsi öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyun­ca təhlükəsiz hərəkəti təmin etməkdən ötrü sərəncamında olan bütün tədbirləri gördüyü və bundan sonra da görəcəyinə dair, eləcə də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 no­yabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə səylərini nəzərə alması müsbət məqamlardır. Məhkəmə Ermənistanın ərazilərimizi minalaması məsələsinin “müvəqqəti tədbirlər” kimi prosessual tədbirin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlib. Əslində, bu mövqe Ermənistanın Azərbaycanın əra­zisinə minalar yerləşdirməsinə verilən hüquqi qiymət deyil, sadəcə, bu məsələ­nin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olub-olmadığı barədə hakimlərin gəldiyi qənaətdir. 

 

Təbii haqqımızı heç kəs tapdaya bilməz

 

Azərbaycan XİN-in şərhindən: “Məh­kəmə, eyni zamanda Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bü­tün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azər­baycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermə­nistanın iddia etdiyi kimi, “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib”. 

...BMT-nin iki yüzə yaxın üzvündən biri olaraq, Azərbaycan dövləti özünün bayrağına, gerbinə, himninə malik oldu­ğu kimi, həm də sərhədinə, gömrük xid­mətinə və ordusuna sahibdir. Beynəlxalq hüququn tanıdığı ərazisinə istər qonşu, istərsə də uzaq xaricdən daxil olan canlı və cansız hər kəsin və hər şeyin sənə­dini yoxlamalıdır. İlk baxışda bəsit səs­lənsə də, bunu BMT-nin Nizamnaməsi və elementar məntiq tələb edir. Həmin Nizamnamənin 51-ci maddəsinə əsasən, bu quruma üzv olan hər bir ölkə öz əra­zi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan bir dövlət kimi bu hüququndan yararlanaraq, ərazi bütöv­lüyünü təmin edib, qalır sərhədlərin ni­zama salınması. Bəli, BƏM “Laçın yolu hər iki tərəfdən açıq olmalıdır” kimi aralıq qərarını qəbul edə bilər, intəhası, heç bir halda BMT üzvü olan hansısa ölkənin sərhəd məntəqəsinin, gömrük xidmətinin yolverilməzliyi barədə beynəlxalq hüquq və ədalətlə daban-dabana zidd qərara imza ata bilməz. Bütün hallarda Ermənis­tan Laçın yolunun başlanğıcında Azər­baycan dövlətinin sərhəd məntəqəsini və gömrük xidmətini yaratmasına mane ola bilməyəcək. 

Azərbaycan XİN-in məlumatında bu məqam xüsusi qeyd olunur: 

“Azərbaycan Laçın yolunun başlan­ğıcında sərhəd nəzarət keçid məntəqə­si yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan ara­sında post-münaqişə normallaşma pro­sesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin, Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imti­na etməsi onun Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə halla­rını davam etdirmək niyyətinin göstərici­sidir”. 

Buna qarşı çıxmağa təkcə İrəvanın yox, digər ölkələrin və beynəlxalq təşki­latların da səlahiyyəti yoxdur. Yaranmış mövcud durumun Azərbaycan üçün ən vacib və incə məqamı Qarabağda mü­vəqqəti yerləşdirilmiş Rusiyanın sülh­məramlı hərbi kontingenti ilə bağlıdır. 10 noyabr Bəyanatının Laçın yolunda sülh­məramlıların yerinin dəyişməsini nəzərdə tutan maddəsi İrəvanın günahı üzündən hələ də icra olunmamış qalır. İndi aydın görünən odur ki, Azərbaycan üçün vacib sayılan bu məsələnin Rusiya ilə danışıl­masına və prosesin sürətləndirilməsinə ehtiyac yaranıb. Güman edirik ki, Rusiya XİN-in başçısı Sergey Lavrovun Bakıya gözlənilən səfəri zamanı bu məsələ də müzakirə mövzusu olacaq... 

 

İmran BƏDİRXANLI,
“Xalq qəzeti”

Siyasət